"Kəpəz"in qapıçısı bədbəxt hadisə haqda danışdı, üzr istədi: "Kaş ki, bütün bunlar heç yaşanmasaydı"

“Kəpəz”in qapıçı Məmməd Hüseynov Misli Premyer Liqasının hesabat - IX turunda “İmişli”ylə Qəbələdəki matçda aldığı qırmızı vərəqəylə bağlı fikirlərini açıqlayıb.

Presssport.az xəbər verir ki, 26 yaşlı qapıçı oyunun 26-cı dəqiqəsində kobud oyunuyla bağlı sosial şəbəkə hesablarında paylaşım edib: 

"24.10.2025 tarixində keçirilən "Kəpəz"-"İmişli" oyununun 26-cı dəqiqəsində baş vermiş bədbəxt hadisənin bilinməyən tərəfləri haqqında danışmaq istəyirəm. Epizod zamanı hələ toqquşmadan əvvəl qapıdan çıxıb qaçarkən, təəssüf ki, sol baldır əzələm yırtılır. Əzələm yırtıldıqdan sonra kəskin ağrının təsiri altında və anlıq zaman ərzində kontrolu tamamilə itirirəm və nə özümü dayandıra bilirəm, nə də topa yetişib düzgün müdaxilə edə bilirəm. Paylaşdığım ikinci şəkildə topa qaçarkən üzümdəki ifadədən hiss etdiyim ağrını və çarəsizliyi görə bilərsiniz.

Heç kim heç kimə bilərəkdən bu cür müdaxilə edib karyerasını təhlükəyə atmaz. Epizod zamanı ağır zədələnməsinə səbəb olduğum Vüsal Qənbərovla aramda dostluq münasibətləri var. Heç vaxt istəməzdim ki, belə bir şey baş versin. Lakin əzələmin yırtılmağı baş verən hadisənin qarşısını almağıma əngəl oldu.

Təbii ki, bütün bunlar etdiyim sərt müdaxilənin və həmkarımın sağlamlığını təhlükəyə atmağımın bəhanəsi ola bilməz. Sadəcə eyni meydançada futbol oynadığım hər hansı həmkarıma qarşı pis niyyətlə bu cür hərəkət etməyəcəyimi bilməyinizi istədim.

Vüsal Qənbərova Allahdan şəfa diləyirəm və ən tez zamanda daha güclü şəkildə meydanlara geri dönməyini arzu edirəm! Həm onun, həm də bütün "İmişli" ailəsinin məyusluğunu və kədərini bölüşdüyümü ifadə etmək istəyirəm.

Son olaraq isə komanda yoldaşlarımı meydanda tək qoyduğuma görə və məğlubiyyətimizin əsas səbəbkarı olduğum üçün bütün komandamızdan və azarkeşlərimizdən üzr istəyirəm! Bu yaşananların bir daha təkrarlanmaması üçün əlimdən gələni edəcəyimə söz verirəm!

Kaş ki, bütün bunlar heç yaşanmasaydı".

Xatırladaq ki, “Kəpəz” 10 nəfərlə qalandan sonra 3 top buraxaraq 0:3 hesabıyla uduzub. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC