Firdovsi Umudov: "Ermənistan Ağırlıqqaldırma Federasiyası rəhbərlik səviyyəsində bizi təbrik etdi və baş vermiş hadisəyə görə üzrxahlığını ifadə etdi"

Albaniyanın Dürres şəhərində keçirilmiş Avropa birinciliyində uğurla çıxış edən atletlərimiz vətənə qayıdıb.

Presssport.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandamızı idman ictimaiyyətimizin üzvləri və media nümayəndələri qarşılayıb. 

Təntənəli qarşılanma mərasimindən sonra Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, Avropa birinciliyinin qalibi Ravin Alməmmədov və qitə miqyaslı yarışın gümüş mükafatçısı Tehran Məmmədov jurnalistlərin suallarını cavablandırıb:
Firdovsi Umudov: “Həm Ravin Alməmmədov, həm də Tehran Məmmədov onlara bəslənən ümidləri doğrultdu. Bildiyiniz kimi Avropa birinciliyində gənclərin yarışında sonuncu dəfə 10 il əvvəl qızıl medal qazanmışdıq. Ravin bu uğuru təkrarlamaqla yanaşı, Avropa birinciliyinin rekordunu da müəyyənləşdirdi və bu federasiya olaraq doğru yolda olduğumuzun göstəricisidi. Yarış zamanı Ermənistan idmançısının fəxri kürsüdəki davranışlarına gəlincə, bununla bağlı suallara da aydınlıq gətirmək istərdim. Əvvəla onu bildirim ki, hər zaman idmançılarımıza, xüsusən də gənclərə hər hansı təxribat xarakterli davranışlara uymamağı aşılayırıq. Erməni atletin mükafatlandırma mərasimində idmançı etikasına zidd hərəkətinin müqabilində soyuqqanlı davranış nümayiş etdirdik. Mükafatlandırma mərasimi bitən kimi yarışın Təşkilat Komitəsinə narazılığımızı bildirdik. Ədalət naminə deməliyik ki, mərasimdən sonra Ermənistan Ağırlıqqaldırma Federasiyası rəhbərlik səviyyəsində bizi təbrik etdi və baş vermiş hadisəyə görə üzrxahlığını ifadə etdi. Bununla belə Dövlət və onun rəmzlərinə münasibətdə səhv davranışa güzəşt edə bilmərik. Tərəfimizdən Avropa Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi və yarışın müvafiq komitəsinə baş vermiş hadisə ilə bağlı narazılığımızı əvvəlcə şifahi, daha sonra yazılı formada bildirdik. Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə məsələyə dərhal reaksiya verdi və Avropa Ağırlıqqaldırma Federasiyası rəhbərliyinə rəsmi məktub ünvanlandı. İnanırıq ki, bu məsələyə münasibətdə ən ədalətli qərar veriləcək və oxşar hallar təkrarlanmayacaq. Bir daha qeyd etmək istəyirəm ki, təmsil olunduğumuz heç bir yarışda Azərbaycanın adına, Dövlət rəmzlərinə xələl gətirilə bilməz. Azərbaycan və Ermənistan arasındakı bütün suallara 5 il öncə aydınlıq gəldi və indi sülhə doğru addımlayırıq. Fürsətdən istifadə edib qarşıdan gələn Zəfər Günü münasibətilə xalqımızı təbrik edirəm. Qoy, bayrağımız hər zaman ucalarda dalğalansın”. 
Ravin Alməmmədov: “İlk olaraq federasiya rəhbərliyinə və məşqçilərimə minnətdarlığımı bildirmək istəyirəm. Qələbəmdə onların zəhməti böyükdü. Rəqibin kimliyi mənim üçün əhəmiyyət daşımır. Məqsədimiz qələbə qazanmaq idi və bunu bacardım. İnanıram ki rəqiblərim üçün müəyyənləşdirdiyim rekordu yeniləmək elə də asan olmayacaq”.
Tehran Məmmədov: “Bu yarışa çox ciddi hazırlaşmışdıq. Ötən Avropa birinciliyindəki səhvlərimizdən doğru nəticələr çıxardıq və Vətənə medallarla qayıtdıq. Başa düşürük ki, daha çox çalışmaq lazımdı. Bu idman növündə daim inkişaf dinamikası olmalıdır. Rəqiblər də ciddi hazırlaşır, yerimizdə saya bilmərik. Çalışacam ki ,böyüklərin də yarışında fəxri kürsüdə yer alım”.  
Xatırladaq ki, ağırlıqqaldırma üzrə yığma komandamız Avropa birinciliyində ümumilikdə 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC