"Məni anam bu dünyaya Qurban Qurbanov kimi gətirib, Qurban Qurbanov kimi olmağım daha yaxşıdı, belə də qalmaq istəyərdim"

"Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində doğma  meydanda "Çelsi" ilə 2:2 hesablı heç-heçə edib.

Presssport.az xəbər verir ki, oyundan sonra təmsilçimizin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- İki xal itirdik. Siz necə düşünürsüz?

- Xallarımızın üzərinə xal gəlibsə, qazanmış hesab edirəm. Çox şükür. Sıfır da ola bilərdi, 7 xal oldu. Demək ki, 1 xal qazanmışıq.

- Kənarda bu qədər soyuqqanlı qalmağı necə bacarırsız? İtaliyalı həmkarınız Entso Mareska yerində dayana bilmirdi...

- Bilmirəm, bəlkə xarakterimlə bağlıdır. Nə varsa, odur. Əlavə düşünüləsi bir şey yoxdu. Xarakterimdə nədirsə, gördüyünüzdü.

- Qolu 10 nəfərlə vurdunuz. Çempionlar Liqasında hər kəs düşünürdü ki, “Qarabağ” 2 xal alar. İndsəi fikirlər var ki, “Qarabağ” “Ayaks” və “Ayntraxt”I Bakıda udar...Bu gün yatarkən, nə düşünəcəksiz? 

- Bəli, 10 nəfərlə qol vurduq. Ola bilər ki, rəqib o dəqiqələrdə bir az diqqətsiz oldu. Çünki rəqibin də 10 nəfər qaldığı dəqiqələr oldu. Əksinə, rəqibin üzərinə getmədik, ehtiyatlandıq. Şans düşdü, yararlandılar. Kamilo Duran çox yaxşı mübarizə apardı. Olub ki, komanda 60-70 dəqiqə azlıqda qalıb, ancaq qalib gəlib. Ona görə futbol sevilir. 

- İlk “24-lü”yə düşmək barədə nə düşünürsüz?

- İlk gündən demişdim ki, 2017-ci ildəki vaxtdan bu yana “Qarabağ” fərqlidi, daha çox təcrübə toplayıb. Baxmayaraq ki, heyətimizdə yenilər var. Nə ÇL, nə AL, nə KL görmüşdü indiyə qədər. Qrupa düşəndə narahatçılığım var idi ki, futbolçular böyük stadionlarda böyük klublara qarşı həyəcanlansın, oyunumuzu itirək. Amma bir-birimizə güvən oldu, kollektivi düşündüyümüz kimi ələ aldıq deyə, mübariz komanda yarandı. Qrupa kimi inamım var idi. Çünki futbolçularım istəyirdi ki, ÇL-in qrupunda olsunlar. İlk turdan məqsəd qoymuşduq. İstək səmimi olanda, nəticə də Allahın izni ilə olur. Bu gün şansımız varsa, maksimum istifadə etməyə çalışacağıq. Daha çox çalışmalı, daha peşəkar olmalıyıq - nNə məşqdən doymalıyıq, nə də bir xaldan. Əksinə, daha çox çalışmalıyıq. Uğurun ardınca qaçmalıyıq. Bir-birimizə güvənib, addım atmalıyıq. Qarşıdakı oyunlarda bizə daha ciddi yanaşacaqlar. 

- 2017-ci ildə “Çelsi”ilə matçdan sonra açıqlamanız olmuşdu ki, “mənə ən çox təsir edən odur ki, rəqib bizə kiçik komanda kimi baxır”. Bu oyunda da eynisini gördük. “Çelsi”nin start heyətində ehtiyatdan 7 futbolçu görəndə, eynisini düşündüz? Məhz buna görə qələbə qazanmalıyıq...

- Belə böyük komandalarda 2-ci heyəti düşünmürəm. Doğrudur, daha çox 1 nömrə var. Onlar böyük oyunlarda daha çox oynayır. Amma bugünkü heyət ilk dəfə deyil ki, meydanda idi. Həm ÇL, həm Premyer Liqa,həm kuboklarda oynayırlar, onları rotasiya etmək məcburiyyətindədirlər. Oyunun dinamikasını gördüz. Hər oyunda eyni heyətlə oynamaq asan deyil. Düzü, o vaxtı nəyə görə demişdim ki, “Çelsi” bizə kiçik komanda kimi baxır. Ola bilər ki, oyunda hansısa fikir, cümlə olmuşdu deyə, belə demişdim. Amma Antonio Kontenin “Çelsi”si heç vaxt digər klublara 2-ci komanda kimi baxmayıb. Bu gün də köhnə epizodlara baxdım, Eden Azar oynayırdı, Villian oynayırdı. Hətta 15-ci dəqiqədə qırmızı vərəqə almışdıq. İnanmıram ki, bu cür komandalar hansısa rəqibə yuxarıdan aşağı baxsın. Çünki onlara 3 xal vacibdi. “Zadəganlar” klubudu, həmişə centlimentdir, inanmıram belə fikirləri olsun.

- 2017-ci ildəki matçla indiki arasında hansı fərq var idi?

- Bu oyunu uduzsaq da, qalib kimi olacağıq. Bu cür böyük klubların gözəl Bakımıza gəlməsi, azarkeşlərimizin o ulduzları canlı görməsi, bizim üçün uğurdu. Əvvəlki fikirlərimdə həmişə qalmışam. O vaxtı da demişəm ki, böyü məğlubiyyətlər bizi hətta böyüdür. Müəyyən uğuru əldə etmək üçün böyük çətinliklərdən keçməliyik. Böyük sınaqlardan keçiriksə, bunu dərk ediriksə, işimizi daha məsuliyyətli, sağlam görəcəyik. Ona görə həmişə deyirəm ki, belə oyunlar bizi böyüdür. Ola bilər ki, 2017-ci ildəki heyət ayrı-ayrılıqda daha güclü idi. Bizim təcrübə daha çoxalıb. Onda ilk dəfə ÇL-də idik, indi 2-ci dəfədi. Klub, mən bir baş məşqçi olaraq, daha soyuqqanlı, inamlı yanaşıram. Bu gün oyunu müdafiədən qurmamışdım. Rəqib nə qədər bizə şərait yaradacağıqsa, bunu edəcəyik. Risklərə getdik. Bəzən belə komandalara qarşı mütləq riskə getməliyik ki, futbolçularda güvəni tapaq. İlk dəqiqələrdən müdafiədə oturacağımızı desəydim, bəlkə futbolçular bunu gözləyirdi. Amma imkan vermədim ki, onlarda qorxaqlıq hiss olmasın. Oyunu maksimum rəqibə aid olan hissədə qurmaq istəyirdik. Rəqibdə usta futbolçular var. Qollarımız da elə, rəqibin meydanında topu ələ keçirərək oldu. Hər şeyə real baxmaq lazımdı. Deyim ki, 90 dəqiqə hücum futbolu oynayacağıq, mümkün deyil. Çünki qarşımızda keyfiyyətli komandalar var. Müdafiəni rəqibin zonasında qurmağı sevirəm.

- “Liverpul”a qarşı “Çelsi”də nəyisə kəşf etdiz?

- Fərqli klublardır. “Liverpul” dünən “Real”ı udub (gülür). Kəşf edəsi bir şey yoxdu. Onların meydanında oyun , o azarkeşlər qarşısında oynamaq asan deyil. Amma yenə də mütləq çalışmalıyıq ki, sağlam oyun quraq.

- Matçdan sonra Entso Mareska ilə görüşəndə kinli və soyuq baxdı sizə. Ola bilər ki, komandasının rahat qələbə qazanacağını fikirləşdiyi üçün sizə elə reaksiya verdi?

- İnanmıram ki, onda elə fikir olsun. Ola bilər ki, məyus idi. Amma oyundan əvvəlki açıqlamaları pozitiv insan və pozitiv məşqçi olduğunu göstərir. Matçdan əvvəl də dialoqumuz oldu. Çox xoş, çox peşəkar və centlimet insan və məşqçi kimi gördüm.

- Çempionlar Liqası oyunlarında Leandro Andrade 60-cı dəqiqədə əvəz olunur. Yorulur, yoxsa cinahı yeniləmək istəyirsiz?

- Andrade sürətli futbolçudu. Onun hər oyun digər futbolçulardan fərqi odur ki, maksimum sürəti çox yuxarı olur. Bu da onun enerjisini daha tez alır. Onda yorğunluq daha tez hiss olunur, nəinki digərlərində. Ona görə çox oyunlar olub ki, belə addım atmışıq.

- Azərbaycan futbol tarixinin ən böyük uğurunu yazırsız. Tarixin ən yaxşı nəticəsi əlavə yük olmur ki, sizə?

- Bilmirəm necə deyim. Ən böyük uğur əldə etmək, ən yaxşı baş məşqçi deməkdirmi? Deyə bilmərəm. Ən yaxşı uğur, ən yaxşı nəticə verən məşqçi desən, daha uyğun olar. Avropada tək “Qarabağ” çıxış edəndə, mənim üçün əlavə məsuliyyət olur. Düşünürəm ki, sabah biz də uduzsaq, bitdi, ölkəyə ən azından yanvara qədər Avropa futbolu gəlməyəcək. 

- “Qarabağ”da qalıb “Qarabağ”ın Aleks Ferqyusonu olmaq istəyərsiz, yoxsa “Qarabağ”dan ayrılıb Quardiola, Mourinyo kimi olmaq istəyərsiz?

- Məni anam bu dünyaya Qurban Qurbanov kimi gətirib, Qurban Qurbanov kimi olmağım daha yaxşıdı, belə də qalmaq istəyərdim. Məncə, suallar bitdi, “Qalatasaray”ın oyunu var, gedək “Qalatasaray”a azarkeşlik edək (gülür).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC