Yevlax şəhər stadionunun Premyer Liqa standartlarına uyğunlaşdırılması ilə bağlı “Karvan-Yevlax” klubu tərəfindən arenada təmir-bərpa işləri aparılıb və meydanın ot örtüyü yenilənib.
Presssport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) açıqlama yayıb.
Bu müddət ərzində PFL tərəfindən stadionda bir neçə dəfə təftiş işləri həyata keçirilib.
4 noyabr tarixində keçirilmiş test oyunu zamanı qeydə alınmış yekun çatışmazlıqlar klubun diqqətinə çatdırılıb və həmin məsələlər sonradan aradan qaldırılıb. Bundan əlavə, stadionun süni ot örtüyü üçün FİFA-dan müvafiq keyfiyyət sertifikatı təqdim edilib.
Əsasnamənin tələblərinə əsasən, stadionla əlaqədar oyunun yerinin dəyişdirilməsi barədə klub PFL-ə ən azı 7 gün əvvəl müraciət etməlidir. Stadionun Premyer Liqa standartlarına uyğunlaşdırılmasını və müraciətin növbəti turun oyununa ən azı 7 gün qalmış edilməsini nəzərə alan PFL bildirib ki, “Karvan-Yevlax” klubu Premyer Liqanın 12-ci turunda “Kəpəz”lə oyundan etibarən ev oyunlarını Yevlax şəhər stadionunda keçirə biləcək.
Xatırladaq ki, bu mövsümdən Premyer Liqada çıxış edən "Karvan-Yevlax" ev oyunlarını Şamaxı şəhər stadionunda keçirirdi.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC