Misli Premyer Liqasının 13-cü turunda "Qəbələ" doğma meydanda "Araz-Naxçıvan"a 2:1 hesabı ilə qalib gəlib.
Presssport.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra keçirilmiş mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb%
- Futbolçularımı təbrik edirəm. Bu gün əsl xarakter nümayiş etdirdilər ki, bu da bizim üçün çox vacibdir. İki gün əvvəl klub prezidenti ilə səmərəli görüşümüz olmuşdu və onlara layiqli mübarizə aparacağımıza dair söz vermişdik. Qarşılaşma bir qədər gərgin başladı. "Araz-Naxçıvan"ın güclü hücum potensialı var. Buna görə də startda həyəcan hiss olunurdu və sadə top itkilərinə yol verirdik. Lakin qol vurduqdan sonra komanda sakitləşdi, oyunumuz daha rahat alındı. Təəssüf ki, yenə standart vəziyyətdən qapımızda qol gördük. İkinci hissəyə daha yaxşı başladıq və rəqibə qol şansı vermədik. Çoxlu qol epizodları yaratsaq da, onları reallaşdırmaqda çətinlik çəkirik. Bugünkü oyun göstərdi ki, potensialımız daha böyükdü. Hələ cəmi 2 qələbə qazanmışıq, qarşıda bizi çox oyun gözləyir. Bu nəticədən düzgün dərs çıxarıb yolumuza davam etməliyik.
- Neçə turdur ki, qələbə qazanacağınız gözlənilirdi. Bu qalibiyyətin "Qəbələ"nin sizdən əvvəlki baş məşqçisi Elmar Baxşıyevin komandası üzərində olacağını gözləyirdiniz?
- Elmar Baxşıyevə böyük hörmətimiz var. Həm yaxşı insandır, həm də yaxşı məşqçidi. Sadəcə, elə alındı ki, onun komandası ilə matçda qələbə qazandıq.
- Nuğay Rəşidov bu gün meydanda ən yaxşılardan idi. Onun performansını necə dəyərləndirirsiniz?
- Gənc futbolçunun belə inamlı oyunu bizi sevindirir. Lakin onu çox tərifləməyə tələsməməliyik. Nuğay stabil çıxış etməyi öyrənməlidir. Bu gün Eşqin Əhmədov da əzmkar mübarizəsi ilə seçildi. Nicatı xüsusi qeyd etmək istəyirəm. Zədəli olmasına baxmayaraq meydana çıxdı və var gücünü ortaya qoydu. Bütün futbolçularıma təşəkkür edirəm, bu gün əsl xarakter nümayiş etdirdilər.
- Murad Musayevin son dəqiqələrdə qırmızı vərəqə almasına münasibətiniz necədir?
- Muradın oyunda yeganə səhvi həmin anda gecikməsidi. O, tək kapitan deyil, meydanda lider kimi oynayır. Bəlkə də qırmızı vərəqə almaqla bizi xal itkisindən xilas etdi.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC