Emin Mahmudov: “Bütün rəqiblərə qalib gəlmək istəyirik, fərqi yoxdu...”

“Neftçi”nin kapitanı Emin Mahmudov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

Presssport.az həmin müsahibəni təqdim edir:

- Qələbəni necə şərh edərdin?

- Birinci hissəni çox yaxşı keçirdik. Xeyli qol epizodumuz oldu. Təəssüf ki, xeyli şansı boşa verdik. Sanki sonluq çatmırdı. İkinci qoldan sonra nisbətən rahat oynadıq. Bu da rəqibin təzyiqi artırması ilə nəticələndi. Oyunun sonları gərgin keçsə də, yekunda vacib qələbə qazandıq. Qol epizodları üzərində daha çox çalışmalıyıq.

- Zədə səbəbindən ötən tur meydana çıxmadın, müalicə üçün Serbiyaya yollandın. Hazırda özünüzü necə hiss edirsən?

- Bəli, Serbiyada yüngül əməliyyat keçirdim. Bir neçə gün məşqsiz qaldım. Bu da çətin idi. Həm məşqsiz qalmaq, həm də ağrılar olurdu. Şükür, indi özümü yaxşı hiss edirəm. Hər şey qaydasındadır. 

- Sambu və Abubakarın zədələnməsindən sonra son oyunlar “Neftçi” nominal hücumçusuz oynayır, “yalançı 9 nömrə” ilə. Demək olar ki, bu taktika komandaya daha uyğundur?   

- Komanda olaraq çalışırıq ki, hər kəs məşqçinin istədiklərini yerinə yetirsin. Şükür Allaha son oyunlar bu, yaxşı alınır. Lakin dayanmaq olmaz. Növbəti matçlarda daha da artırmalıyıq. Çünki qəbələlər qazanmaq istəyirik.

- Növbəti turda “Zirə”nin qonağı olacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?

- “Zirə” bəlkə də çempionatın ən intizamlı komandalarından biridir. Ona görə də bizi çox gərgin oyun gözləyir. Çalışacağıq ki, öz futbolumuzu sərgiləyək və yaxşı nəticə qazanaq.  

- Bəzən belə fikirlər səslənir ki, Yuri Vernidubun gəlişindən sonra “Neftçi”nin nəticələri yaxşılaşsa da, komanda yalnız turnir cədvəlində özündən aşağıdakı komandaları məğlub edir. Qarşıdakı 2 turda bu gedişatı dəyişmək mümkün olacaq?

- Əlbəttə, biz də bu barədə düşünürük. Məqsədimiz qarşıdakı matçlarda da qalib gəlməkdir. Təbii ki, ağır olacaq. Bir tərəfdən həm çempionatda demək olar ki, hazırda bütün komandalar var gücü ilə mübarizə aparır, hər oyun çətin keçir. Digər tərəfdən də “Zirə” və “Qarabağ”ın nəyə qadir olduğu məlumdur. Buna baxmayaraq, biz bütün rəqiblərə qalib gəlmək istəyirik, fərqi yoxdur turnir cədvəlində bizdən aşağıdadır, ya yuxarıda.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC