Misli Premyer Liqasının 14-cü turunda Tovuz şəhər stadionunda baş tutan "Kəpəz" - "Araz-Naxçıvan" matçını izləyənlər arasında Naxçıvan Futbol Federasiyasının rəhbəri Zaur Axundov da olub.
AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Presssport.az-a müsahibəsində milli komandamızın İsveçdəki ağır məğlubiyyətindən (0:6) hələ də özünə gələ bilmədiyini deyərək, maraqlı fikirlər səsləndirib.
Axundov ilk olaraq naxçıvanlıların qazandıqları 2:0 hesablı qələbəni şərh edib.
- Qələbə qazandığımız üçün sevinirik. Gözəl oyuna görə "Kəpəz"i təbrik edirəm. Azər Bağırov dönüş edə bilib. Açığı, heç-heçəlik oyun idi. Amma bu, futboldu. Qələbəyə görə komandanı təbrik edirəm.
- Nəticədən razı, oyundan narazı qaldığınızı demək olar?
- Bəli. İradımı da futbolçulara bildirdim.
- Paltardəyişmə otağından gec çıxmağınız bununla bağlı idi?
- (gülür) Yox. Hər oyundan sonra uşaqları bir-bir təbrik edirəm. Oyundan öncə də demişdim ki, meydana boş çıxmaq olmaz. Futbol belə şeyləri sevmir. Azər Bağırov gələndən sonra "Kəpəz" müsbət tərəfə çox dəyişib.
- İradı bildirdiniz, bəs mükafatla bağlı vədiniz oldu?
- Mükafatı klubun prezidenti vəd verəcək. Buna mən qarışmıram.
- Artıq 13 oyundu "Araz" məğlub olmur. Bunu çempionluq mübarizəsində olmağın mesajı kimi qəbul etmək olar?
- Qətiyyən. Qarşıda 22 tur var. Bugünkü nəticələr sevindirir. Kaş belə qələbələr bizim milli komandamızda da olardı. Mənim üçün "Araz"dan da vacib Azərbaycan milli komandasıdır. Bir neçə gün əvvəl acı məğlubiyyət yaşadıq. Hələ də özümə gələ bilmirəm. Bu olmamalı idi. Canni De Byazini istəmədilər, qovdular. Amma onun vaxtında milli İsveçi 3:0 məğlub etmişdi. Hər zaman demişəm ki, istəyirsiz Mourinyonu gətirək, ilk növbədə futbolçu meydanda can qoymalıdır. Rəqibdən 10 qat zəif ola bilərsən. Amma uduzanda da kişi kimi uduz, dovşan kimi yox. Bu oyunçular can qoymadı. Bilmirəm niyə… Bu komanda mənim olsaydı, əvəzedici heyəti oynadardım, onları tox. Fernandu Santuş olmur, kim olur olsun.
- AFFA rəhbərliyində təmsil olunduğunuz dönəmdə də milli komandaya əcnəbi baş məşqçilər təyin olunurdu. Özünüzün dediyi kimi, Joze Mourinyo da gəlsə, nəsə dəyişməyəcəksə, niyə həmin əcnəbiləri gətiririk?
- Canni de Byazi, Fernandu Santuş peşəkar məşqçilərdi. Dünya futbolunda ad qoymuş insanlardı. Amma futbolu onlar oynamır axı…İcraiyyə Komitəsində olanda da deyirdim ki, milli komandanın klublarla əlaqəsi yoxdu. Arada bir koordinator yoxdu. Ki, klubun da rəhbərinə lazım olanda iradını bildirsin.
- Məsələn, nə kimi irad?
- Ay filankəs, sizin klubdan 3 futbolçu dəvət etmişik. Onlara siz də motivasiya verin. Sonuncu dəfə Slovakiyaya məğlub olandan sonra millinin oyunlarına getmirəm.
- Niyə?
- Çünki çox əsəbləşirəm. Komanda uduzur, amma futbolçular 1 saat sonra musiqiyə elə qulaq asır, yeməyə elə gedir ki, sanki uduzan biz deyilik. Təlim-tərbiyə yoxdu.
- Sözünüzdən belə çıxır ki, milli komandada intizam yoxdu?
- İkiqat intizam yoxdu. Necə olur ki, ötən il 3:0 udduğumuz rəqibə bu gün 0:6 məğlub oluruq? Belə olmaz! Düzdü, bu gün İcraiyyə Komitəsində yoxam. Naxçıvan Futbol Federasiyasının rəhbəriyəm. Amma kim olursan ol. Bilirəm ki, mənə necə toxunubsa, sizə də beşqat toxunub.
- İctimaiyyətdə belə bir fikir var ki, bugünkü nəticələrə görə, sizin də yer aldığınız köhnə AFFA rəhbərliyi daha çox günahkardı?
- Kimi istəyirlər günahlandırsınlar. İfadəmə görə üzr istəyirəm - gedəndən sonda lap zurna çalsınlar. Eyni adamlar 0:6 uduzur. Qocalmayıblar ki? Futbolçu meydanda qorxursa, ayağını topa qoymursa ki, zədə alaram, buna Santuş, De Byazi və ya mən, siz nə edə bilər? Özünü qoruyur ki, klubda yaxşı maaş alıram. Niyə burda özümü zədələyim. Sonra da klubdan yola salsınlar. Bunu görürəm. Bu adamlar klub tərəfindən cəzalanmalıdılar. Millidə 5 gün olur. Məşq edir, oyuna çıxır vəssalam. Sonra da başlayırlar ki, bizə mükafat verin. Yoldaşlıq görüşünə mükafat istəyirlər. Dünyada belə bir şey yoxdu. Yoldaşlıq oyununa, heç-heçəyə mükafat vermək olar? Bu harda yazılıb?
- Futbolçuları və klubları qınadınız. Bəs federasiyanın günahı yoxdu?
- Federasiya nə etsin?
- Futbola cavabdeh qurum AFFA deyil?
- Düz deyirsiniz, sizinlə razıyam. Federasiya bütün şəraiti yaradıb. Çarterlə uçuşu, yemək-içməyi, ən yaxşı otellərdə qalmağı federasiya edir. Peşəkar baş məşqçi gətirilib. Bundan başqa nə etməlidi? Bunu mənə başa salın. Rövşən Nəcəf lazım olan şəraiti yaradıb.
- Məsələn, AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qruplarının turnirləri bərbad vəziyyətdədir. İnfrastruktur yox səviyyəsindədir. Axı AFFA buna da cavabdehdir.
- O başqa məsələ. Təbii ki, AFFA buna da cavabdehdi. Akademiyalar olmalıdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC