"Araz-Naxçıvan"ın futbolçusu uğurlu çıxışlarında xüsusi sirr olmadığını deyir: "2-ci pillə və yaxud avrokuboklar haqda danışmağın zamanı deyil, o ki qalmışdı..."

“Araz-Naxçıvan”ın Misli Premyer Liqasında cari mövsümün ən sürpriz komandasıdı desək, yanılmarıq. Turnir cədvəlində 2-ci pillədə gedən Muxtar Respublika təmsilçisinin uğurlu çıxışında təcrübəli müdafiəçisi Bəxtiyar Həsənalızadənin əməyi az deyil. 32 yaşlı futbolçu Presssport.az-a müsahibəsində bir sıra mətləblərdən söz açıb. 

  • - Zədə üzündən bir müddətlik fasilədən sonra yaşıl meydana qayıtdın. Özünü nə dərəcədə hazır sayırddın - istər fiziki, istərsə də psixoloji planda?
  • - Fiziki planda istər-istəmzə bir az əskiklik hiss olunur. Bu mənada oyunumdan razı qalmadım. Şükürlər olsun ki, komandamız qələbə qazandı, əsas da budu. Buna nail olmaq üçün əlimizdən gələni elədik. Formamı bərpa etmək üçün məncə, elə bir oyun kifayət edərdi. Gələn matçda inşallah, daha yaxşı olacaq. Buna inanıram. Hardasa 20 günə yaxındı komandayla demək olar məşq eləmədim, oynamadım. Oyun tonus deyilən bir şey var ki, ondan əskiyəm. Amma ümid edirəm ki, növbəti oyunda bu da düzələcək.
  • - Son turda “Kəpəz” üzərində qələbəni heç də asan qazanmadınız. Bu, sintetik qazonun yaratdığı çətinliklə bağlı idi, yoxsa rəqibin son vaxtlar özünə gəlməsinə görə?
  • - Açığı, deyərdim ki, amil çox idi. Bir tərəfdən, həm meydançanın ağır olmasına görə idi, digər tərəfdən də, milli fasilədən sonra qayıdarkən futbolçular üçün ağır olur. Başa düşürəm ki, “Kəpəz” üçün də ağır olur. Amma fikir verirəm ki, bu zaman xüsusən bizim üçün daha ağır olur. Bundan əlavə, məncə, “Kəpəz” əvvəlki “Kəpəz” deyil. İlk dövrədəki oyunla bu matç tamam fərqlənirdi. Oyununda dəyişiklər çoxdu. Bunu özünüz də meydançada gördünüz ki, həqiqətən yaxşı, təqdirəlayiq futbol oynadılar. Komanda olaraq çox inkişaf ediblər. Bir sözlə, çətin rəqibə qarşı çətin oyun keçirdik. Buna görə də qələbə qazandığımıza görə çox sevinirəm.  
  • - Maşallah, qol buraxmadan qələbələri sıralayırsınız. Bunun xüsusi bir sirri varmı? Müdafiəniniz, qapıçınız çox etibarlıdı?
  • - Deməzdim nəsə bir xüsusi sirri var. Ancaq fikrimcə, komanda şəklində müdafiə olunmağı bacarırıq. Bu, tək müdafiəçi, qapıçıyla bağlı məsələ deyil. Hücumçularımızın da bunda əməyi böyükdü. Çalışırıq ki, ən azından arxa xətdə etibarlı olaq, hücumda da qol imkanlarımızdan istifadə edək. Şükürlər olsun ki, hələ ki hər ikisi də alınır. 

- Bunu sonadək darta biləcəksiniz? Deyirlər ki, iştaha diş altında olur. Avrokuboklara vəsiqə artıq realdı?

  • - Çalışırıq əlimizdən gələn qədər. Hər bir oyuna ayrı-ayrılıqda yanaşmağa səy göstəririk. Çünki 2-3 oyun birdən fikirləşəndə futbolçunun fikri istər-istəməz yayınır. Buna görə hər bir matça ayrılıqda yanaşırıq. Meydana çıxırıqsa, arxada maksimum etibarlı oynamalıyıq, irəlidə də əlimizə düşən fürsətləri də qol çevirməliyik.
  • - Səncə, əsas rəqibləriniz sizi saymadı deyə, indi sizdən xeyli geri qalıblar?
  • - Onu deyə bilərəm. Sadəcə, oyunlara ciddi hazırlaşmağa çalışırıq. Dediyim ki, hər matça ayrılıqda köklənirik ki, bu gün qələbə qazanmaq lazımdı.  Rəqiblərin yanaşması bizim üçün ikinci dərəcəlidi. Uğurlu nəticə üçün meydançada əlimizdən gələni edirik. Bu da nəticə verir.

- Maraqlıdır, “Araz-Naxçıvan” mövsümə başlayanda bu cür nəticələr ola biləcəyini ehtimal edirdiniz? Yığılan heyətə baxanda, nəticələrin uğurlu olacağına inanırdın?

Mövsümün əvvəli komandanın yaxşı nəticə verəcəyinə inanırdım. Etiraf edim ki, düşündüyümdən də yaxşı oldu. Bunu qoruyub-saxlamaq isə olduqca çətindi. Ancaq komanda olaraq bunun üçün çalışırıq.

- "Araz-Naxçıvan" bu mövsüm yeganə məğlubiyyətini "Qarabağ"la oyunda alıb. Lakin həmin məğlubiyyət komandaya çox da pis təsir etmədi və məhz bundan sonra uğurlu seriyaya başladınız...

Bəli, ilk turda istəmədiyimiz məğlubiyyət aldıq. Ancaq rəqibin gücü də bəlli idi. Buna görə də həmin 1:4-də böyüdüləsi bir şey yox idi. Qarşıdakı matçlara kökləndik ki, nəticələrimizi düzəldək. Belə də oldu. “Qarabağ”la hələ qarşıda oyunlarımız da var. Rəqibin kimliyi istər-istəməz oyuna köklənməyə təsir edir. “Qarabağ”a adi vaxtda necə hazırlaşırıqsa, elə də hazırlaşacağıq. Bundan öncə isə oyunlarımız var ki, onlara köklənəcəyik.

- "Araz-Naxçıvan"ın mövsümü də 2-ci pillədə, avrokuboklara yer verən mövqedə bitirməsi realdır? Səncə, çempion ola bilərsiz, yoxsa düşünürsüz ki, "Qarabağ" buna imkan verməz?

İkinci pillə və yaxud avrokuboklar haqda danışmağın zamanı deyil. O ki qalmışdı  çempionluq haqda danışaq. Hələ ki çempionatın heç yarısı da deyil. Görüləsi işimiz çoxdu.

- Növbəti turda "Turan Tovuz"la qarşılaşacaqsız. Bu, mövsümün 2 iddialıya çevrilən komandasının dueli olacaq. Həmin görüşdə qələbə qazanmaq şanslarınızı necə dəyərləndirirsən? 

“Turan Tovuz”un özünəməxsus oyun sxemi var. Onlara qarşı oynamaq həmişə çətin olur. Bu oyunun da çətin keçəcəyinə əminəm. Maraqlı matç olacaq. Qələbə qazanmağa çalışacağıq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC