Rəşad Sadiqovdan Rəşad Sadıqovadək, 414-də son və postsovet məkanı təmsilçilərinin qəniminə çevrilən Volkov

“Zirə”nin avrokuboklarda qolsuzluq seriyası qırılıb. 

Presssport.az xəbər verir ki, bu, yeni mövsümdə debüt matçında - Avropa Liqasının I təsnifat mərhələsində Moldovada "Şerif"ə 1:0 hesabıyla qalib gəldiyi ilk oyunda reallaşıb. "Qol orucu"nu gürcü hücumçu Davit Volkov 88-ci dəqiqədə pozub. 

“Qartallar”ın qitəmiqyaslı turnirlərdə bunadək son qolu 7 il əvvəl debüt mövsümündə olmuşdu. Söhbət Avropa Liqasının II təsnifat mərhələsində “Astra”ya Rumıniyada 1:3 hesabıyla uduzduğu matçdan gedir. Onda 34-cü dəqiqədə, artıq futbolçu karyerasını bitirərək məşqçi işləyən Rəşad Sadiqov bərabərlik qoluna imza atmışdı. Həmin rəqiblə Bakıdakı cavab oyunu isə qolsuz bitmişdi.

"Zirə"nin bundan sonra Avropa macərası hazırkı baş məşqçisi Rəşad Sadıqovla 2 il əvvəl oldu. Onda Konfrans Liqasının I təsnifat mərhələsində Təl-Əviv “Makkabi”sinin qapısına yol tapmaq mümkün olmadı - evdə 0:3, səfərdə 0:0. 

Beləliklə, “Zirə” 414 dəqiqəlik uğursuz seriyasına son qoyaraq Sadıqovla Avropada xal, qələbənin ardından qol hesabını da açıb. Ümumilikdə vurulan qol sayı isə 6-ya çatıb.

Onu da bildirək ki, 29 yaşlı Volkov bunadək də “Zirə”də çıxş etsə də, avrokuboklarda indi debüt edib. Davit Azərbaycanda ilk klubu olan "Qəbələ"də avrokubokda 2 matça çıxsa da, fərqlənə bilməyib. O, qol hesabını sonrakı klubu olan "Sabah"da (4 oyun, 1 qol) açıb. Maraqlıdı ki, Volkov onda da postsovet məkanı təmsilçisini onun meydanında məyus etmişdi. Bu, keçən mövsüm Konfrans Liqasının II təsnifat mərhələsində Riqada RFŞ-ə 2:0 hesabıyla qalib gəldikləri ilk matçda 55-ci dəqiqədə son nöqtəni qoymasıdı. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC