Fərid Nəbiyev gələcəyilə bağlı qərar verməyə tələsmir: "Düşünmürəm ki, atamın ona simpatiyası var"

  • “Turan Tovuz”a Premyer Liqanın keçən turunda xalı Fərid Nəbiyev penaltini dəqiq yerinə yetirməklə qazandırdı. 25 yaşlı yarımmüdafiəçi Presssport.az-a müsahibəsində bir sıra mətləblərdən söz açıb. 
  • - “Səbail”lə səfərdəki 1:1-dən sonra 2 xal itkisinə üzüldünüz, yoxsa 1 xalı aktivinizə yazdığını düşünürsən?
  • - Komanda olaraq demək olar bütün 90 dəqiqə yaxşı oyun keçirdik. Sadəcə, yenə ani bir səhvdən qapımızda top gördük. Amma bundan sonra yaxşı toparlandıq və bərabərlik qolunu vurduq. Düşünürəm ki, qələbə topunu da vura bilərdik. Amma son nöqtəni qoya bilmədik. Fikrimcə, hər iki komanda üçün də çətin idi. “Səbail” səfəri heç vaxt asan olmur. Hesab edirəm ki, yaxşı oyun oynadıq və gələcəkdəki matçlarda 3 xal əldə edərik.
  • - Qol imkanlarını çox boşa verirsiniz. Niyə son nöqtəni qoya bilmirsiniz - psixoloji məqamdı, yoxsa ustalıq səviyyəsi ilə bağlı olan məsələdi?
  • - Düşünmürəm ki, psixoloji amil olsun. Sadəcə, bəlkə komandada tələskənlik var bəzi epizodlarda. Amma artıq hücumçularımız bir-birini daha yaxşı başa düşür, nəinki əvvəllər Getdikcə bu problem də aradan qalxasıdı. 
  • - Özünüz də yaxşı qol imkanların olur, amma heç də həmişə bundan faydalanmırsan. Bəxtsizlikdi, yoxsa…?
  • - Həmişə çalışıram ki, komandamız üçün əlimdən gələnin ən yaxşısını edim, qol imkanlarını dəyərləndirim. Olmayanda olmur. Amma bunun üzərində çox çalışıram. İnşallah, gələcəkdəki matçlarda bunun qarşılığını verərəm. 
  • - Komandada ştatlı penalti vuransan? Çünki “Səbail”lə görüşdə topu Paçu götürmüşdü əlinə, baş məşqçiniz işarə edəndən sonra 11 metrlik nöqtəyə sən yaxınlaşdın…
  • - Normalda penaltini vurmağı mənə deyirlər. Sadəcə, Paçu topu əlinə götürmüşdü və istəmədim topu ondan alım. Buna görə braziliyalıya imkan yaratdım. Sonradan baş məşqçinin qərarıyla zərbəni özüm yerinə yetirdim. 
  • - Qollarının sayını 5-ə çatdırdın. Bu sayı normal sayırsan?
  • - Məncə, daha çox ola bilərdi. Çünki daha çox fərqlənmək imkanı olub. Amma bəzilərini qaçırmışam. Qarşıdakı matçlarda fərqlənə bilsəm, artıq sayı daha çox artırmış olacam. Çünki keçən mövsüm “Kəpəz”də olanda 6 qol vurmuşam, indi 5-di. Qarşıda çox oyun var. Hələ 8 turda qol sayımı artıra bilərəm. İnşallah, buna nail olaram. 
  • - Turnir cədvəlində avrokuboklara vəsiqə uğrunda sıxlıq var. Sonadək mübarizə aparıb mütləq avrokuboklara çıxmalıyıq deyə düşünürsünüz? Yoxsa bir rahatlıq var ki, olmaz da olmaz?
  • - Əlbəttə, hər bir komanda istəyər ki, avrokuboklarda çıxış etsin. Amma həmişə gələcəkdəki oyunlara köklənirik. Buna görə indidən avrokuboku yox, qarşıdakı turu fikirləşirik.
  • - Qarşıdakı oyun da “Sabah”ladı. Yeni baş məşqçisi olan, yeni nəfəs gələn "Sabah"…
  • - Əlbəttə, belədi. Amma Tovuzda oynamaq da hər bir komanda üçün çox çətindi. Çünki dolu tribunalar qarşısında oynayırlar. Azarkeşlərimizin dəstəyilə bizdə daha çox motivasiya olur. Düşünürəm ki, "Sabah" üçün də çətin olacaq. Çalışacağıq ki, fanatlarımız önündə qələbəylə onları sevindirək.
  • - Qardaşına qarşı oynamaq necədi?
  • - Əlbəttə, Yusifə qarşı oynamaq həmişə fərqli hisslərdi. Keçən mövsüm bir yerdə oynayırdıq. Bu il isə fərqli komandalar olaraq rəqibik - o, artıq "Səbail"dədi. Yenə ikimiz də peşəkarıq, oyunda çəkinmək haqda fikirləşmirik. Sadəcə, matçdan sonra yenə bir yerdəyik. 
  • - Oyundan əvvəl zarafatlaşırısınız ki, kim qalib gələcək?
  • - Bu barədə əsas evdəkilər danışırlar, zarafatlaşırlar. Amma ikimiz də başa düşürük peşəkarlıq məsələsini. Kim qalib gəldi, digəri onu təbrik edir.
  • - Səmimi olsaq, atanız kimə azarkeşlik edir?
  • - Təbii ki, o, futbol azarkeşidi və ikimiz oynayada hansı komanda uddu, onu təbrik edir, Amma atam həmişə matçdan sonra fikirlərini deyir - necə oynadın, meydanda nə etdin, burda ne etməli idin. O da öz tövsiyələrini verir. 
  • - Yusif səndən 2 yaş böyükdü. Atanın ona böyük oğlu kimi bir simpatiyası var?
  • - Belə düşünmürəm. Sadəcə, bizim rayon Ağstafa Tovuza yaxın olduğuna görə hər oyunuma gəlib izləyir. Fikirləşmirəm ki, hansımızasa simpatiyası olsun. Məncə, ikimizə də eyni münasibəti var.
  • - Ağstafa-Qazaxın gələcəkdə peşəkar liqada komanda olmasını istəyərsən…
  • - Əlbəttə, istəyərəm orda da bir komanda olsun, peşəkar liqada çıxış eləsin. Çünki yaxşı azarkeşləri var, oyunlarıma gəlirlər. Ağstafa-Qazaxdan gəlib Tovuzda oyunlarımı izləyirlər. Çox istəyərəm ki, qarşıdakı illərdə bizim zonanın da liqada təmsilçisi olsun. 
  • - “Turan Tovuz”la müqavilən bitir. Nə düşünürsən gələcəyinlə bağlı?
  • - Bu haqda hələ heç bir şey danışmamışıq. İnşallah, mövsümün sonunda oturub danışacağıq.
  • - Qalmaq istəyirsən?
  • - Hələ bu hadqa bir şey deməyim düzgün deyil. 
  • - Təkliflərin var?
  • - Hələ bu haqda heç bir şey bilmilrəm, danışmamışam. Çexiyada müqaviləm bitdiyindən onlara bağlığım artıq qalmayıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC