Dünya Kuboku növbəti dəfə Bakıda: "Ümid edirəm ki, budəfəki yarışdan da məmnun qalacaqsınız"

1-12 may tarixləri arasında ölkəmiz atıcılıq üzrə “Dünya Kuboku 2024”ə ev sahibliyi edəcək.

Presssport.az xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq stend və güllə atıcılığı üzrə yarışda 84 ölkədən 700 atlet iştirak edəcək. Azərbaycan bu mübarizədə 43 atıcı ilə təmsil olunacaq. 
Bu gün Dünya Kubokunun startı ilə bağlı Bakı Atıcılıq Mərkəzində media mənsubları üçün mətbuat konfransı baş tutub. Konfransda Azərbaycan Atıcılıq Federasiyasının və Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftahətdinova, Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov, Beynəlxalq İdman Atıcılıq Federasiyasında Texniki Komitənin üzvü Abdulla Al Hammadi, Beynəlxalq İdman Atıcılıq Federasiyasının Tüfəng Komitəsinin sədri Deyvid Qudfelou
jurnalistlərin suallarını cavablandırıb.
Konfransı giriş sözü ilə açan Cəfərov Dünya Kuboku ilə bağlı məlumat verib: “Ölkəmizdə keçirilən Dünya Kubokunda 84 ölkədən 86 federasiya, 700 idmançı, 400-ə yaxın texniki nümayəndə iştirak 
edir. Azərbaycan komandası 43 atıcı ilə təmsil olunacaq. Bu il gənc idmançılarımızın yüksək nəticələr qazandığını nəzərə alsaq, ümid edirəm ki, bu yarış komandamız üçün uğurlu olacaq”.
Al Hammadi ölkəmizdə təşkil olunan yüksək səviyyəli tədbirlərə görə ölkə başçısı İlham Əliyevə öz təşəkkürünü bildirib: “Azərbaycana gəlmək mənim üçün hər zaman xoşdu. Ölkənizdə müxtəlif növ idman yarışları yüksək səviyyədə təşkil olunub. Ümid edirəm ki, budəfəki Dünya Kubokundan da məmnun qalacaqsınız. Fürsətdən istifadə edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, eləcə də Atıcılıq Federasiyasının prezidentinə və vitse-prezidentinə təşəkkür etmək istəyirəm. Hava Limanına endiyimiz andan yalnız xoş münasibət, qonaqpərvərlik görməkdəyik”.

Bakıya ilk dəfə səfər edən britaniyalı Qudfelou gördüklərindən məmnun qaldığını deyib: “Bu gün ISSF nümayəndəsi qismində burada olmaqdan məmnunam. Atletlər yarışın formatından məlumatlıdırlar, Paris-2024-ün reqlamenti ilə eynidir. İlk dəfədir Bakı Atıcılıq Mərkəzindəyəm. Olduqca məmnun qaldığımı deməliyəm. İnanıram ki, Dünya Kubokunda iştirak edən atletlərin hər biri burda mübarizə aparmaqdan zövq alacaqlar”.

Meftahətdinova yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb: “Ölkəmizə təşrif buyuran idmançılara, nümayəndələrə və bütün qonaqlara “xoş gəlmişsiniz” deyirəm. Son vaxtlar atıcılarımız öz nəticələri ilə bizləri sevindirirlər. Fürsətdən istifadə edib həm azərbaycanlı, həm də digər dövlətlərdən olan atletlərə uğurlar arzulayıram. Güclü qalib gəlsin".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC