Bakıda atıcılıq üzrə Dünya Kubokunda final günləri start götürüb - qızıl medalını mərhum məşqçisinə həsr edib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda final günləri start götürüb.

Presssport.az xəbər verir ki, komanda növündə 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma növündə yarışlar keçirilib.

Qızıl medalların sevincini qardaş Türkiyəni təmsil edən Şimal Yılmazla İsmayıl Kələş yaşayıb. Final qarşılaşmasında Türkiyəyə məğlub olan Qazaxıstan (Valeriya Popelova və Eldar İmankulov) gümüş medallara sahib olub.

Üçüncü yer uğrunda mübarizədə Ukraynanı üstələyən Çin atıcıları Li Xue ilə Xie Yu bürünc medallara yiyələnib.

Mükafatlandırma mərasimindən sonra karyerasında ilk “qızıl”ı bayram edən 20 yaşlı Şimal Yılmaz açıqlama verib:

“Ötən həftələrin birində çox sevdiyim məşqçim dünyasını dəyişdi. Bəlkə də qızıl medal almağımın səbəbi o insandı. 12 yaşımdan onun yanındaydım, həm də klubdakı məşqçim idi. Bu medalı ona - Murat Yılmaza həsr edirəm. Bundan sonra qazanacağım medalları da ona həsr edəcəm. Olimadalarda da uğur qazanacağıma ümid edirəm. Final adamıyam. İndiyə qədər həlledici mübarizəyə qoşulduğum atışlardan medalsız ayrılmamışam. Bu səbəbdən özümə güvənirdim”.

Yılmaz indiyə qədər qatıldığı mötəbər yarışlarda 4 gümüş, 1 bürünc medal qazansa da, bu, onun ilk “qızıl”ı kimi tarixə düşüb.

Türkiyəli atlet Azərbaycanda yarışmasının onun üçün əlavə motivasiya olduğunu gizlətməyib:

“Azərbaycan mənə doğma gəlir. Ötən il Bakıdakı Dünya Kubokunda bürünc medal qazanmışdım, bu dəfə karyeramın ilk “qızıl”ını əldə etdim. Buradakı azərbaycanlı atıcı dostlarımla çox yaxşı münasibətim var, mənə dəstək olurlar. İnanın, özümüzü Türkiyədəki kimi Vətəndə hiss edirik”.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC