Şahin Diniyev: "Zarafatca Qurban müəllimdən soruşdum ki, bu gün məni istefaya yollamayacaqsan?"

"Səbail" Azərbaycan Premyer Liqasının 21-ci turunda doğma meydanda “Qarabağ”a 1:2 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "dənizçilər"in baş məşqçisi Şahin Diniyev oyun haqda danışmaqla başlayıb.

- Dramatik bir matç izlədik. Yadıma gəlmir ki, bir oyunda nə vaxt 4 penalti olub. Komandam bu gün layiqli futbol oynadı. Futbolçularım "Qarabağ" kimi komandaya qarşı meydanın hər qarışı uğrunda amansız mübarizə apardı. Əsas məqsəd daha tez oynamaq və cinahları işə salmaq idi. Artıq cinah oyunçularımız qayıdıb. Onlara bir-iki həftə vaxt lazımdı. Zamanla daha yaxşı "Səbail" olacaq. Bu gün məğlub olsaq da, utanılası bir əlamət görmürəm. Alqışalayiq bir komandam var. "Qarabağ"ı təbrik edirəm. Düşünmürəm ki, indiyə kimi hansısa komanda onların qapısı qarşısında bu qədər qol epizodu yaratsın. Sadəcə, nəticə bizi məyus edir. Heç-heçə olsaydı, daha ədalətli olardı. "Səbail" bu gün pis futbol oynamadı.

- Futbolçularınız 2-3 metrdən qol vura bilmir. Bunu necə izah edərdiniz?

- 12-ci turda "Turan Tovuz"la matçdan sonra komanda “qopdu”. Bizim kimi komandada bu qədər zədəli oyunçunun olması çətindir. Məcbur olub heç vaxt oynamadığım "5-li" sistemə keçdim. Dediyiniz ustalıqdı, səviyyədi. 28-30 yaşlı futbolçu ilə bunun üzərində işləməyə dəyməz.

- Cabir Əmirlinin yerinə əvəzedici komandadan oyunçu götürmək olmaz?

- Cabir hazır deyil. Ona “çox sağ ol” deyirəm. Ağır zədədən sonra tam bərpa olunmayıb. Bu gün istəyimlə oynadı. 

- "Zirə" ilə kubokda cavab matçdan gözləntiniz?

- Bizim üçün önəmli matçdı. Hər iki “cəbhə”də vuruşmağa hazırıq. Bu gün 15-16 nəfər forma davası edir. Komandada rəqabət var. Bu, məni sevindirir.

- Mövsümün əvvəlindəki avrokuboklar hədəfi dəyişməyib?

- Başlanğıcda tapşırığımız ilk “6-lıq”da olmaq idi. İkinci dövrədən sonra isə gördük ki, avrokuboklarda da oynamaq gücündəyik. Bu komandanın potensialı ona yetər. Belə oynasaq, o yol uzaqda deyil.

- Ağabala Ramazanovun durumu necədir?

- Qomis və Ağabala qayıtsalar da, əvvəlki formada qayıtmayacaqlar. Ağır da olsa, onların yoxluğu ilə barışmışıq. Gələn mövsüm üçün tam düzələcəklər.

- "Qarabağ"ın "Sabah" üzərindəki 7:1 hesablı qələbəsindən sonra komandanı oyuna hazırlamaq çətin olmadı?

- Zarafatca Qurban Qurbanovdan soruşdum ki, bu gün məni istefaya yollamayacaqsan? Qurban müəllimə çox böyük hörmətim var. Yaxşı insan, yaxşı məşqçidir. "Qarabağ"la açıq futbol oynamaq cinayətdir, ölümə bərabərdir. 

- Hakimliklə bağlı fikirləriniz necədir?

- Hakimlər haqda rəy verməyəcəm. Bu, işim deyil, etik normadan kənardı. Hakimə böyük basqı da lazım deyil. Nə "Qarabağ" nə də biz bu gün hakim səhvinin olduğunu deyə bilərik. Hakim də insandı, o da səhv edə bilər.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC