Santuş millimizdə əsas məqsədini açıqladı: "Estoniya hücumda oynayacaq, amma futbolçularıma demişəm ki, çəkinməyin, qorxmayın"

Azərbaycan milli komandası UEFA Millətlər Liqasının III turu çərçivəsində sabah Estoniya yığmasının qonağı olacaq.

Presssport.az xəbər verir ki, yığmamızın baş məşqçisi Fernandu Santuş matçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Məşqçi kimi bir çox uğurlar qazanmısız. Sizi nə motivasiya edir?

- Həm futbolçu, həm də məşqçi karyeram olub. Xeyli müddətdir ki, bu işlə məşğulam. AFFA prezidenti ilə əlaqə saxladım. Daha sonra Azərbaycanda futbola nə qədər maraq olduğunu gördüm. Əsas məqsədim ölkədə futbolun inkişafına dəstək olmaq və Azərbaycanı yaxşı yerlərə qaldırmaqdır.

- Hər iki komanda ilk oyunlarda uduzub. Sabahkı matçdan gözləntiləriniz nədir?

- Estoniya millisinin bundan əvvəlki iki oyununa baxmışam. Həmçinin, ötən il keçirilən Azərbaycan - Estoniya matçını da izləmişəm. Slovakiya ilə görüşün ikinci hissəsini çox yaxşı keçirdilər. Futbol belə oyundur, qol vuran qələbə qazanır. Biz də hücumda oynamağa üstünlük veririk. Sabah da çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək. 

- Sabah millimiz penalti vurmalı olsa, bu işi kimə tapşıracaqsız?

- Kimin vuracağını bilirəm. Amma bunu indi deməyəcəm.

- Estoniya millisi fiziki cəhətdən güclüdü. Həmçinin, onlar standart vəziyyətlərdə təhlükəlidi. Sabah millimiz fiziki cəhətdən tab gətirə biləcək? Standar vəziyyətlərlə bağlı çalışmanız olub?

- Mənim üçün vacib olan öz komandamdı. Qeyd etdiyim kimi, rəqibin oyunlarına baxmışıq. Görmüşəm ki, onlar standart vəziyyətlərdə təhlükəlidi. Hücumda və müdafiədə öz mövqelərimizi bilirik. Komandam bununla bağlı məlumatlıdı. Futbolçularım əllərdindən gələnin ən yaxşısını etməyə çalışacaq.

- Milli komandanın lideri Emin Mahmudov klubunda problem yaşayır, son üç matçda oynamayıb. Onun psixoloji durumu yerində deyil. Amma Emin milli üçün vacib fiqurdur. Onu yenidən qazanmaq üçün söhbət etmisiz?

- Ciddi bir problem hiss etməmişəm. Əhval-runiyyəsi yaxşıdı, heç bir psixoloji problemi yoxdu. Bilirik ki, Emin Mahmudov komandaya lazım olan oyunçulardandır Əsas odur ki, o komanda üçün nəsə etməyə çalışsın. Hiss etməmişəm ki, hər hansı söhbət etmək lazımdı. Emin yaxşı vəziyyətdədi, özünü yaxşı hiss edir. Əsas odur ki, futbolçular mənə görə yox, Azərbaycana görə öz ürəklərini qoysun və oynasın. 

- Emin Mahmudov start heyətdə yer almasa, komandanın kapitanı kim olacaq?

- Bu gün heç nə deyə bilmərəm. Başa düşürəm işiniz budu. Amma siz də məni başa düşün. 

- Taktika cəhətdən rəqibə hansısa sürpriz hazırlamısız, yoxsa həmişəki oyununuzu oynayacaqsız?

- Öz fəlsəfəm var, komandaya bununla bağlı məlumat verilib. Müxtəlif taktikalarda oynaya bilərik. Heç bir sürpriz yoxdu. Ən əsası odur ki, oyunda dinamika olsun. Komanda olaraq addım-addım nəyəsə can atmağa çalışırıq. Get-gedə daha yaxşı olacağıq. Haradansa oyunçu gətirə biliriksə, hansısa mövqeni gücləndirə bilərik. Amma kimisə gətirə bilmərik. Azərbaycanda hansı futbolçular varsa, onlarla işləməliyik. Bu oyunçuları daha irəliyə aparmalıyıq. Bunun üçün əlimdən gələn hər şeyi etməyə çalışıram.

- Estoniya ilə matç Azərbaycan milli komandasının əsl gücünü bilmək üçün yetərlidir?

- Deməzdim ki, Estoniya millisi zəifdir. İlk oyunda 5 santimetrlik ofsayddan qol buraxdılar. Düşünürəm ki, rəqib hücumda oynayacaq. Amma futbolçularıma demişəm ki, çəkinməyin, qorxmayın. Hansı komandanın güclü və ya zəif olması barədə düşünmürəm. Mənim üçün bir yol var. Bu yolla getməliyik. Bu gün Estoniya ilə oynayırıq, sabah Portuqaliya ilə oynaya bilərik. Hansısa komandadan çəkinib müdafiədə oynamaq və ya hansısa komandadan üstün olub hücumda oynamaq kimi bir şey yoxdur. Yalnız bir düşüncə tərzi ilə getmək lazımdır. Əsas məqsədim Azərbaycan milli komandası üçün bir yol qoymaqdır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC