Samir Əliyev Şimali İrlandiyaya 0:5-də tək səbəbkar özünü sayır: "Meydanda ayaq yerinə başımızı qoyacağıq"

"Şimali İrlandiyaya məğlubiyyət həqiqətən çox üzücüdür".

Presssport.az xəbər verir ki, bunu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Samir Əliyev Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiya ilə səfər matçı barədə danışarkən deyib.

45 yaşlı mütəxəssis belə nəticəni gözləmədiklərini vurğulayıb:

“Şimali İrlandiyaya məğlubiyyət həqiqətən çox üzücüdür. Belə nəticəni gözləmirdik. Bunun da bir səbəbkarı var. Baş məşqçi kimi məsuliyyət mənim üzərimdədir. Oyun haqqında qısaca onu deyim ki, birinci və ikinci hissələr arasında böyük fərq var idi. İkinci hissədə oyun intizamı pozuldu. Birinci hissədə məğlub olmuşduq deyə, irəli atıldıq, açıq futbol oynadıq və hesabı bərabərləşdirmək istədik. Nəticədə rəqib bizi cəzalandırdı və belə faciəvi hesab alındı. Bunun da səbəbləri var, sadəcə, açıqlamaq istəmirəm. Çünki hər dəfə nəsə deyəndə, bəhanə kimi qarşılanır”.

O, sabah İngiltərə millisinə qarşı keçirəcəkləri oyuna hazırlıqlarla bağlı sualı da cavablandırıb:

“Əlbəttə, belə məğlubiyyətdən sonra nəinki futbolçuların, biz məşqçilərin də psixoloji durumu lazımi səviyyədə deyil. Futbolçularda yorğunluq var. Onlarla söhbət edirik, çalışırıq ki, ruhlandıraq, həvəsləndirək. Sabah bizi ağır oyun gözləyir.

İngiltərə yığması ilə bizim heyəti müqayisə etmək belə düzgün deyil. Üstəlik, bildiyimə görə, stadion dolacaq, tribunalarda boş yer qalmayacaq. Çalışırıq oyunçuları kökləyək. Bu cür stadion və azarkeşlərin qarşısında İngiltərə ilə oynamaq komanda üçün də stimuldur. Sabah meydanda ayaq yerinə başımızı qoyacağıq ki, layiqli mübarizə göstərək. Mərhələnin son oyunudur”.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində oktyabrın 12-də səfərdə Şimali İrlandiyaya 0:5 hesabı ilə məğlub olub. Komanda sabah, mərhələnin son matçında səfərdə İngiltərə yığması ilə üz-üzə gələcək (report.az)

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC