Abasov sanki "Neftçi"dən heç yerə getməyibmiş: "Futbolçular öz işlərinə düzgün yanaşsalar, məqsədlərimizə daha tez çatacağıq"

"Hisslərimi ifadə etmək çox çətindir. Sanki "Neftçi"dən heç getməmişdim. Düzdür, komandanın bazası yenilənib. Lakin komandada olan ab-hava eyni olaraq qalıb".

Presssport.az xəbər verir ki, bunu "Neftçi"nin yeni baş məşqçisi Samir Abasov klubun televiziyasına açıqlamasında bildirib.

46 yaşlı mütəxəssis yenidən paytaxt klubunu çalışdıracağı üçün məmnunluğunu ifadə edib: "Qayıdanda bilirdim ki, evimə geri dönürəm. "Neftçi"yə qayıtdığım üçün çox xoşbəxtəm".

"Neftçi"nin sabiq futbolçusu "ağ-qaralar"ın böyük klub olduğunu söyləyib:

"Bu komandanın böyüklüyündən danışmaq artıqdı. Hər kəs "Neftçi"nin necə böyük kollektiv olduğunu yaxşı bilir. Bu komandanın böyük azarkeş ordusu var. Stadiona gəlməyən azarkeşlər var ki, ürəkləri ancaq "Neftçi" ilə döyünür. "Neftçi"ni hansı baş məşqçinin çalışdırmağından asılı olmayaraq, hədəfləri böyük olub. Baxmayaraq ki, komanda hazırda çətin vəziyyətdədi. Bununla belə, məqsədlərimiz böyükdü. Baş məşqçilər "Neftçi"yə gələndə, hansı hədəflər uğrunda mübarizə aparacağını əvvəlcədən bilir. Mənim də məqsədim bu komanda ilə ən pik hədəflərə çatmaqdır".

Baş məşqçi hazırda hansısa dəyişikliklərdən danışmağın tez olduğunu dilə gətirib:

"1-2 oyundan sonra böyük dəyişikliklər barədə danışmaq riskdir. Çünki futbolçular da yeni baş məşqçiyə və onun futbol düşüncələrinə öyrəşməlidi. Bunun üçün müəyyən vaxt lazımdı. Dünən komandanı ilk məşqə çıxardıqdan sonra burdan böyük düşüncələrlə qayıtdım. Çünki futbolçularda əhval-ruhiyyə çox yüksək idi. İnşallah, tezliklə düşüncələrimizlə futbolçuların bacarıqları bir-birini tamamlayacaq və ortaya çox yaxşı iş çıxaracağıq".

O, komandada yer alan futbolçulara inandığını söyləyib:

"Hansı klubda işləməyimdən asılı olmayaraq, futbolçulardan gözləntilərim böyük olub. O futbolçuların məqsədləri böyükdürsə, mən də onlara gördüyüm işlə yardımçı olmağa çalışmışam. Yenə eyni düşüncədəyəm. Futbolçular öz işlərinə düzgün yanaşsalar, məqsədlərimizə daha tez çatacağıq. "Neftçi" kimi klub düşdüyü çətin durumdan tez bir zamanda çıxmalıdır".

Abasov "Neftçi"nin böyük azarkeş ordusunun olduğunu qeyd edib:

"Ümumiyyətlə, böyük klubun böyük azarkeşi olur. Bu söz əsl bizim komandaya uyğun gəlir. Ürəyi "Neftçi" ilə döyünən minlərlə azarkeş var".

Xatırladaq ki, 46 yaşlı Abasov "Neftçi"nin baş məşqçi postunda müqaviləsinə qarşılıqlı şəkildə xitam verilən Roman Qriqorçuku əvəzləyib. O, qarşıdakı 2 ildə "flaqman"ı çalışdıracaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC