İşləri qaydasnda getməyən “Neftçi” növbəti dəfə qələbə üzünə həsrət qaldı. Bir tur əvvəl öz meydanında “Araz-Naxçıvan”a boyun əyən “ağ-qaralar” 13-cü turda “Şamaxı” ilə bacarmadı – 2:2.
Presssport.az xəbər verir ki, komandanın əksər futbolçuları müsahibə verməkdən boyun qaçırsa da, Mark Tamaş sualları cavablandırıb:
- 1 xala görə təbrik etmək olar?
- Bu oyunda 1 xal qazanmadıq, 2 xal itirdik. Fasiləyə 3-4 top fərqi ilə üstün yollanmalıydıq. Lakin boşa verdiyimiz imkanlar sonda belə vəziyyətə gətirib çıxardı. İkinci hissədə bir neçə real imkanımız oldu, onları da dəyərləndirə bilmədik.
- İlk 5 dəqiqədə 2 qol vurmaqla rəqibi şoka salmağı bacarmışdınız. Sonra nə baş verdi?
- Həmin qollardan sonra oyunu qazandığımızı düşündük. Ancaq futbol belədir, arxayınlığı sevmir. 20-ci dəqiqəyə qədər hesab azı 3:0 olmalıydı. Bir qol vururduq və bununla da məsələ bağlanırdı. Özümüz-özümüzü vurduq.
- Avrokuboklara iddia edən “Neftçi” yayda sıfırdan yığılan az büdcəli “Şamaxı”nı uda bilmirsə, bu komandadan nə gözləmək olar?
- Tamamilə doğru buyurursunuz. Lakin bir şey də var ki, rəqibləri məğlub etməmişdən əvvəl öz üzərimizdə qələbə qazanmağı bacarmalıyıq. Bu dəqiqə “Neftçi”nin ən böyük düşməni özümüzük. Bu vəziyyətdən çıxmaq üçün birlik nümayiş etdirib qalib ruhuna sahib olmalıyıq. Qarşıda bizi çətin oyunlar gözləyir. Həmin matçlarda uğurlu nəticə əldə etmək üçün qarşıdakı iki həftədən maksimum yararlanmalıyıq.
- Milli komandaların oyunları ilə bağlı yaranan fasilə xeyrinizə işləyə bilər?
- Bu, çox yaxşı imkandır. Problemləri görürük, bilirik. Onları aradan qaldırmaq üçün zamana ehtiyac var. Ümid edirəm ki, fasilə xeyrimizə olacaq (sportinfo.az).
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC