Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının C Divizionunda Estoniya yığması ilə Qəbələ şəhər stadionunda noyabrın 16-da V turun oyununu idarə edəcək şotlandiyalı Con Biton “Qarabağ”a çox tanış hakimdi.
Presssport.az xəbər verir ki, 42 yaşlı FİFA referisi Ağdam klubunun 4 avrokubok matçına, 1 dəfə Azərbaycanın U-19, 1 dəfə isə U-21 yığmasının oyunlarına təyinat alıb.
Bitonun “Qarabağ”la yolu ilk dəfə 2016/17 mövsümündə kəsişib. O, Avropa Liqasının qrup mərhələsində PAOK-la Yunanıstanda gerçəkləşən qarşılaşmasının baş hakimi olub. Ağdamlıların 1:0 hesabı ilə qalib gəldikləri matçda Maksim Medvedev sarı vərəqə alıb.
Bitonla ən çox diqqət çəkən Avroliqanın 2019/20 mövsümünün qrupunda Lüksemburqda “Düdelanj”la matç olub. Görüş Qurban Qurbanovun yetirmələrinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ” sözügedən oyunda erməni təxribatı ilə də üzləşib. Belə ki, qarşılaşmanın birinci hissəsində qondarma qurumun “bayrağı” dronla stadiona gətirilib. Oyunun 62-ci dəqiqəsində isə lüksemburqlular meydanda azlıqda qalıb.
Biton Avroliqanın 2020/21 mövsümünün qrup mərhələsində İsrail təmsilçisi “Makkabi” (Təl-Əviv) ilə səfər görüşündə də fit sahibi olub. Həmin qarşılaşmada israillilər 1:0 hesablı qələbə qazanıb. Şotlandiyalı hakim Ağdam klubunun heyətində Kevin Medina, Vild-Donald Gerye, Filip Ozobiç və Patrik Andradeyə sarı vərəqə göstərib.
Şotlandiyalı Avropa Liqasının qrup mərhələsinin 2023/24 mövsümündə Norveçin "Molde" klubuna Bkaıda 1:0 hesabıyla qalib gəldiyi görüşdə də baş hakim olub. O, təmsilçimizdən Kevin Medina, Marko Yankoviç və Julio Romaoya sarı vərəqə göstərib.
Biton sonuncu dəfə “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsinin III turunda Bakıda “Ayaks”a 0:3 hesabı ilə uduzduğu matçda iş başında olub. O, həmin qarşılaşmada AVAR-da oturub. Şotlandiyalı hakimlər briqadası rəqibə simpatiyası ilə yadda qalıb və
“Qarabağ”ın qolunda da mübahisəli ofsayd qeydə alıb. Həmin matçda 2 futbolçumuz - Julio Romao ilə Elvin Cəfərquliyevə qırmızı vərəqə ilə cəzalandırılıb.
Biton 2014-cü ildə AVRO-2015-in seçmə oyununda U-19 yığmamızın evdə Macarıstanla 1:1 hesablı heç-heçə etdiyi görüşdə iş başında olub. O, 2019-cu ildə U-21 komandamızın Avropa çempionatının seçmə mərhələsində evdə Slovakiyaya 1:5 hesabı ilə uduzduğu matça da təyinat alıb.
Onu da bildirək ki, “Qarabağ”dan hazırda millimizə 8 futbolçu cəlb olunub. Bunlar müdafiəçilər Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov, Abbas Hüseynov, yarımmüdafiəçilər Aleksey İsayev və hücumçular Musa Qurbanlı ilə Nəriman Axundzadədi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC