"Zəfər-2024"ün ən gənc mükafatçısı: "Toral Bayramov yaşımı soruşanda, təəccüblənərək mənə dedi ki, maşallah, məndən hündürsən"

"Sportsman" jurnalının keçirdiyi “Zəfər-2024”ün mükafatçıları arasında ən gənci “Kəpəz”in U-15 komandasının qapıçısı Qüdrət Qarayev olub. İstedadlı, perspektivli qolkiper “İdmanımızın gələcəyi” nominasiyasında fərqlənərək bunu özündə əks etdirən diploma sahib çıxıb. Bunu futbolumuzun canlı əfsanələrindən alan təcrübəli mütəxəssis Vaqif Sadıqovdan alan Qüdrət Presssport.az-ın suallarını cavablandırıb. 

- Bu mükafat sənin üçün nə dərəcədə gözlənilməz oldu? Ümumiyyətlə, 15 yaşı tamam olmayan bir qapıçının mükafata layiq görülməsi onun üçün nə deməkdi?
- Açığı, bu mükafatı gözləmirdim. Mənim üçün xoş sürpriz oldu. Təbii ki, eyni zamanda mənim üçün böyük bir məsuliyyətdi. Yəni, üzərimə daha çox məsuliyyət qoyur ki, bundan sonra məşqlərdə, oyunlarda özümü ən yaxşı tərəfdən göstərməliyəm. Çünki həmin mükafatlandırma mərasimində ən gənc idmançı idim, məndən yaşda kiçiyi yox idi. İnanıram ki, bu mükafatdan sonra daha yaxşı nəticələrim olacaq. 
- Mükafatı sənə millimizin sabiq baş məşqçisi, futbolumuzun canlı əfsanələrindən olan Vaqif Sadıqov təqdim etdi. Bu anda hansı hissləri keçirdiniz? Maraqlıdı, o, sənə hansı sözləri dedi?
- Əlbəttə ki, belə bir tanınmış məşqçidən mükafat almaq mənim üçün çox xoş idi. Fəxr edirəm ki, mənə mükafata təqdim edən Vaqif Sadıqov idi. Bu, hər futbolçuya nəsib olmur ki, belə tanınmış mütəxəssis ona diplom təqdim edir. Sevinirəm ki, artıq bu yaşda Vaqif müəllim tərəfindən mükafatlandırıldım. O, mənə dedi ki, Qüdrət, təbrik edirəm, uğurlar sənə. Mən də bu xoş sözlərə görə Vaqif müəllimə minnətdaram.
- Ümumiyyətlə, tədbir səndə hansı təəssüratlar oyatdı?
- Təəssüratlarım çox yüksəkdi. Bunu sözlə ifadə edə bilməyəcəyim hisslərdi. Peşəkar futbolçuların arzuladığı diqqəti bu yaşımda gördüm. Buna görə təşkilatçılara “çox sağ ol” deyirəm. Çox gözəl tədbir idi. İlk dəfədi belə mötəbər tədbirdə iştirak edirdim. Televizorda gördüyüm bir sıra idman, futbol adamları ilə bir yerdə idim. Təbii ki, bu, mənim üçün qürurverici idi. Özümü bir anlıq yüksək zirvələrdə hiss elədim. İnşallah, buna nail olmağı qarşıma əsas məqsəd qoymuşam. Allahımdan çox razıyam ki, artıq 15 yaşımda ilk mükafatımı aldım. Bu, mənə gələcək üçün böyük motivasiya və stimul verir. İnamım olmalı və əziyyət çəkməliyəm ki, o zirvələrə yüksəlim. 
- Qaliblər arasında ilin ən yaxşı futbolçusu seçilən “Qarabağ”ın və millimizin müdafiəçisi Toral Bayramov də vardı. Onunla söhbətləşmək imkanın oldumu?
- Bəli. Toralın mənə ilk sözü bu oldu ki, hansı komandada oynayırsan. Dedim ki, qapıçıyam, "Kəpəz"in üzvüyəm. Yaşımı soruşanda, təəccüblənərək mənə dedi ki, maşallah, məndən hündürsən (gülür). 
- Gələcəkdə həmin Toral Bayramovun aldığı ilin ən yaxşı futbolçusu adına layiq görülməyini artıq indidən hədəfləyirsən?
- Hədəfim məlumdu - Avropaya gedib inkişaf etmək! Kim istəməz ki, Azərbaycanda ilin ən yaxşı futbolçusu, yaxud qapıçısı seçilməsin? Böyük arzumdu, istəyərəm ki, bu, həyata keçsin, əziyyəti çəkərək Avropada Azərbaycanı layiqincə təmsil edim. Var gücümlə çalışacam ki gələcəkdə ölkəmiz üçün layiqli qapıçı olum, Azərbaycan futbol tarixinə düşüm. Hər şey özümdən asılıdı. Ailən bu işdə mənə dəstəkdi, təkandı. 
- Ailədən söz düşmüşkən, onlardan, xüsusilə atandan bu mükafata görə hədiyyə aldın?
- Onların mənə dəstəyi, diqqəti mənim üçün ən gözəl hədiyyədi. Atam tədbirdə yanımda idi, sevincimə şərik olurdu. Hətta deyərdim ki, məndən çox sevinirdi. Çünki bu yaşda oğlunun uğuruna şahid olurdu. Təbii ki, Gəncədə yolumu gözləyən anam da çox sevincli idi. Sevinirəm ki, onlara belə gözən anlar bəxş etdim. Ümumiyyətlə, atam mənim uğurlu qapıçı karyeramın olması üçün çox çalışır. Və mən də çalışacam ki, bunun qarşılığını verim və yaxşı karyeraya malik olaraq onun əziyyətini yerdə qoymayım.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC