15 yaşlı yetirməsinin millinin qapıçısını olacağına, Avropaya gedib Azərbaycanı yaxşı klublarda təmsil edəcəyinə inanan məşqçi: "Qüdrət iradəsiylə, əzmiylə atasını razı saldı ki, bu yolda irəli gedə biləcəm"

Hər bir futbolçunun arzusu yaxşı karyeraya sahib olmaq, millinin şərəfini qorumaq, uğurlu legioner karyerası yaşamaqdı. “Kəpəz”in U-15 komandasının üzvü olan perspektivli qapıçı Qüdrət Qarayev də bu yolun yolçusu olmaq əzmindədi. Bu yay İtaliyanın "Peruca" klubuna yollanacaq ucaboylu qoliper doğma rayonu olan Goranboyun futbolunun yetirməsidi. Onun ilk məşqçisi olan Ceyhun Əhmədov Presssport.az-a müsahibəsində keçilən yola nəzər salıb, qarşıdakı perspektivi dəyərləndirib. 

- Qüdrəti necə oldu ki, məşqlərinizə cəlb etdiniz? O, hansı planda diqqətinizi çəkdi və ilk vaxtlar özünü necə göstərdi?

- Öncəliklə uşaq futboluna göstərdiyiniz diqqətə görə sizə minnətdarlığımı çatdırıram. Onu deyim ki, koronavirus pandemiyasınadək klublarda işləyirdim - “Neftçi”də və “Kəpəz”də uşaq futbolunda çalışırdım. Karantin dövrü qurtarandan sonra Goranboya gələrək öyrətdiyim metodları burda futbola tətbiq etməyə başladım. Elə həmin ərəfədə də Qüdrət məşqlərimizə gəldi. Onu çox potensiallı gördüm ilk vaxtlardan. Hər bir uşağın ilk gələndə çox qol vurmaq arzusu olur və bunun üçün də meydanda mövqe olaraq hücumçunu seçir. Lakin qazandığım təcrübələrə, gördüyüm praktikalara əsasən, ilk gündən Qarayevi qapıçı kimi görürdüm. Sadəcə, pedaqoq olaraq uşağın qəlbini qırmırdıq ki, hücumçusansa, təbii ki, hücumçu ol. Amma oyun oynayanda Qüdrətə onu da deyirdim ki, zəhmət olmasa, qapıya da keç. Bu, xahiş formasında olurdu. Görək ki, “çərçivə”də özünü necə göstərirsən. Təbii ki, qapıçı üçün boy vacib amildi, lakin reaksiyaları necədi - bu da önəmli məsələdi. Və gördüm ki, Qüdrət qapıda da pis deyil, yaxşıdı. Ancaq təbii ki, bunu məşqdə edirdik, yarışlarda yox. Çünki həvəsdən düşməsin ki, məni birbaşa qapıya qoydum. Bir dəfə də turnirdə belə oldu ki, qapıçımız həm zədələndiyinə, həm də pis durduğuna görə əsəbdən qışqırdım - Qüdrət, qapıya sən keç! Bunu pedaqoq olaraq ona görə edirdim ki, orda özünü daha yaxşı göstərsin və həvəslənsin. Belə də oldu, Qarayev qapıya keçdi və həmin turnirdə də qol buraxmadı. Sonra da penaltilər seriyası oldu və orda da yetərincə qurtarışlar etdi. Beləcə öz-özünə qapıçı olmaq həvəsi gəldi. Sonradan da gördüm ki, məşqlərə gələndə, özünə əlcək və digər qapıçı ləvazimatlarını da almağa başlayıb. Məşqdən əvvəl və sonra ona qapıçı məşqləri keçirdim, eyni zamanda hücumçu kimi də onu istifadə edirdim. Yəni, bu, ikisi paralel olurdu. Yekunda Qüdrət qapıçılığı seçdi. 
- Bunun əsas səbəbi nə oldu?
- Məsələ belə oldu - Gəncədə həmin turnirin finalçı olduğumuzdan orda "Kəpəz" klubunun qapıçılar üzrə koordinatoru bizə yaxınlaşdı ki, Qarayev çox gözəl qapıçıdı. Bundan sonra uşağın özündə də çox həvəs yarandı qapıda durmağa ki, ona diqqət ayrılır. Sonradan da yönəldik “Kəpəz”ə, ora keçdi və şükürlər olsun ki, peşəkar liqada çıxışını davam etdirir. Ən əsası, bir uşağın potensialını ortaya çıxarmaq məşqçilikdi, amma bunu davam etdirmək üçün uşağın birincisi xarakteri olmalıdı. Bu da Qüdrətdə var. İkinci amil də valideyn faktorudu. Qüdrətin da atası ona çox diqqət ayırır, oğlunun üstündə çox əziyyət çəkir. Yalçın müəllim həddindən artıq həm mənəvi, həm də maddi baxımından bir valideyn olaraq hər zaman yanındadı. İnşallah da bunun qarşılığında oğlu qabağa gedəcək. Azərbaycanda uşaq futbolunda qınağı düzdür, bəzən federasiyaların, klubların, məşqçilərin üzərinə atırıq, amma mənə görə burda əsas səbəb valideyn faktorudu. Buna xüsusi diqqət ayırmağımız lazımdı ki, valideyn övladı üçün əziyyət çəkməlidi. 
- Atadan söz düşmüşkən, eşitdiyimizə görə, Yalçın Qarayev oğlunun futbolçu olmağını heç istəməyib, bu sahəyə gəlməsinə görə çox narazı olub. Belədirsə, hansı sözlərinizlə onu fikrindən daşındıra bildiniz?
- Rayonumuz kiçikdi və Yalçın müəllim təknövçülük üzrə - karatedə böyük uğurlar qazanırdı, mən isə futbolda çalışırdım.  Aramızda yaş fərqi böyük olmağına baxmayaraq, hər zaman bir-birimizə idmançı kımı hörmət edirdik. Şəxsi tanışlığımız vardı, bir-birimizlə görüşəndə, hal-əhval tuturduq, fərdi uğurlarımızdan danışırdıq. Bir sözlə, yoldaşlığımız vardı. Vaxt-zaman gəldi, oğlu böyüdü və futbola gəldi. “Kəpəz” variantı yarananda açığı, Yalçın müəllim onu buraxmırdı ki, yox, oğlumun futbolçu, ümumiyyətlə, idmançı olmasını istəmirəm. Qoy, dərsini oxusun, təhsilini davam etdirsin - fikri bu yöndə idi. Təbii ki, baş-başa olduğumuzda ona başa salırdım ki, siz də idmançı olmusunuz, çətin dövrdə bununla məşğul olmusunuz. Eləcə də mən futbolla. Amma bu dövr o dövr deyil. İndi müasir və daha çox inkişaf dövrü olduğuna görə təbii ki, şanslar çoxdu. İkincisi də ona bir söz dedim ki, bu, çox xoşuna gəldi. Dedim ki, Qüdrətin atası sizsiniz - Yalçın Qarayev, mütləq arxasında dursanız, daha çox qabağa gedəcək. Üçüncü və ən vacib amil də odur ki, atasının fikrini daşındıran məhz Qüdrət oldu. Bir idmançının məqsədi varsa, ona çatmaq üçün əziyyət çəkməli, dayanmadan o yolda inkişaf etməyə çalışmalıdı. Atası da bunu gördü. Gördü ki, bu uşaq təhsilindən əlavə futbolundan vaz keçmir. Hazırlıqdan sonra boş olan kimi qaçır futbolla məşğul olmağa. Bu da dayanmadan davam edir. Yalçın müəllimin özü də idman sahəsinin adamı olduğuna görə oğlunun bu iradəsini çox bəyəndi, ona inandı. Burda əsas iş Qüdrətin üzərinə düşür. Yəni, iradəsiylə, əzmiylə atasını razı saldı ki, bu yolda irəli gedə biləcəm. İdmanda da əsas olan nizam-intizam, iradədi. O ikisi də maşallah, Qüdrətdə var.
- Qüdrəti bir maşallahı da var - boyu. Cəmi 15 yaşı olsa da, boyu artıq 1,88 metrdi. Bu isə çox yaxşı göstəricidi. Sizcə, belə fiziki göstəriciləri ilə ondan döyüş idman növüylə məşğul olan, elə atası kimi karateçi çıxardı, yoxsa onun əsl yeri elə futboldu? Ümumiyyətlə, boyu Qüdrətə nə qədər üstünlük verir?
- Təbii ki, təkbətək döyüş növlərində, misal üçün karatedə ayağın, boyun, boksda qolların uzun olmağı böyük önəm kəsb edir. Amma və lakin var. Bu da odur ki, hansısa bir uşaq idmanı seçirsə, o, valideyninin təsiri altında yox, özü sevdiyi, seçdiyi idman növüylə daha çox qabağa gedir. Bunun da səbəbi odur ki, iradə keyfiyyətini ortaya qoyur. Futbol Qüdrətin sevdiyi işdi, sənətdi. Bu yolu seçib və ona görə daha çox istək var. İdman növlərinin hamısına daxildi ki, müəyyən əziyyətli bir period var. Daimi məşq, daimi inkişaf etməlidi - uğur qazansan belə. Əziyyətli məşqlərinin təməlində nə dayanır - sevgi. İnsanın bu işə - indiki vəziyyətdə idmana sevgisi varsa, onun öhdəsindən gəlməkdə özündə iradə tapır. Qüdrət də bu yolu seçdi və müəllimi də qəlbini qırmadan onu qapıçılığa yönəltdi, amma bunu iradəsiylə etdi. Bu zaman ona qapıçı olmaqla bağlı sevgini verdik. Ona danışdıq ki, qapıçı komandanın 60 fazindən çoxdu, futbolda böyük faktordu. Qüdrətdə də bu sevgi yaranandan sonra təbii ki, başqa heç bir idman növü fikrində olmazdı, yaxud düşünə bilməzdi. Eyni zamanda digər idman növlərində olduğu kimi, boy faktoru mütləqdi ki, plyusları var. Aramızda zarafatımız var ki, Qüdrət "Real"ın qapıçısı Tibo Kurtuaya çox oxşayır. Bu da jestləri, hərəkətləriylə əlaqədardı. İnşallah, boyu da zamanla Kurtua qədər olacaq. Dediyim kimi, qapıçı üçün boy fərqi mütləqdi. Bu da total futbolda standart vəziyyətlər zamanı özünü xüsusi göstərir. Yəni, boyun uca olanda, çıxışlarda sərbəst olursan. Digər tərəfdən, qapıda ucaboyulunun durmağı müdafiəçilərə güvən verir. Bu, psixoloji amillə bağlıdı. Amma burda da amma və lakin var ki, futbolda hər şey boyla bitmir. Boy artırsa, koordinasiyası, cəldliyi paralel şəkildə getməlidi. Çünki reaksiya da qapıçı üçün önəmlidi. Şükürlər olsun ki, Qüdrətdə bunun üzərində məşqçilər işləyir. Oyunlarına gedib baxıram və görürəm ki, onda bu yöndə düzgün inkişaf gedir. "Çərçivə"ni kiçiltmək deyilən bir şey var ki, qapıçı boyu olub əllərini və ayaqlarını açanda hücumçu üçün ona qol vurmaq çətin olur. Qapıçı cüssəli olanda təxminən 3 metr raidusu bağlayır. Qüdrətin bu yaşda çox böyük üstünlüyü var və inşallah, boyu gələcəkdə daha çox artacaq.
- “Kəpəz”ə keçidində orda vaxtilə çalışmağınız böyük rol oynadı, yoxsa Goranboya ən yaxın məkan Gəncənin olmağı?
- Təbii ki, yönləndirmə oldu. Əsas amil “Kəpəz”in qapıçılarla işləyən məşqçiləri, habelə Novruz müəllimi tanımağım oldu. Futbol da elədi ki, getdin klubda məşq elədin, tək onunla artıra bilməzsən. Mütləq əlavə məşqlər olmalıdı. Bunu keçən məşqçilərə də diqqət yetirmək lazımdı. Bəzilərinin işinə, peşəkarlığına, savadına bələd olduğuma seçimi Gəncənin üzərində etdik. Üçüncü amil dediyiniz yolun yaxınlığıdı ki, istədiyi vaxt evə gələ-gedə bilsin. Bunlar hamısı paralel şəkildə olan bir şeydi. Bir də ki “Kəpəz”də eyni zamanda oynadığıma görə ona ayrıca bir sevgim var. 
- Başqa təklifləri vardı?
- Bəli. Bakı klubları təklif eləmişdi. Adlarını soruşmamağınızı xahiş edəcəm, çünki məxfi qalması daha düzgün olardı. Mənə zəng edib təklif elədilər. Amma təbii ki, hər mənada yaxın olan "Kəpəz"i seçdim. Qüdrət daha çox necə perspektiv verə, effektiv ola bilər - bu yöndə məncə, “Kəpəz” ən doğru seçim idi. Təbii ki, oyunlarını izləyirəm. Bu 6-7 ayda maşallah, çox irəli gedib, inkişaf edib. Bunun da səbəbkarı təbii ki, öncə valideyni, ikincisi, Qüdrətin özünü səbri, əzmi, çalışqanlığı və nəhayət, “Kəpəz”in məşqçilərinin, onunla fərdi məşq keçənlərin əziyyətidi ki, bu qədər sürətlə inkişaf gedir. Mütəmadi olmasa da, çox vaxt ev oyunlarını gedib izləyirəm. Təbii ki, gördüyüm nöqsanları da ilk müəllimi olaraq deyirəm, məsləhətləşirik.
- Məlumdu ki, Goranboy heç vaxt futbol rayonu olmayıb. Bu mənada “kaş ki bizdə də peşəkar futbol klubu olaydı və Qüdrət qalıb doğma rayonunda oynayıb inkişaf edirdi, onun uğurları üçün tər tökərdi” kimi təəssüfünüz varmı? Yoxsa hər rayonun peşəkar futbol klubu olmamasına normal yanaşırsınız?
- Təbii ki, hər kəs istəyir yaşadığı, işlədiyi yerdə peşəkar klub olsun. Amma işə peşəkar yanaşmaq lazımdı. “Kəpzə” demək olar bu regionun köklü klublarından biridi, əsasıdı. Uşaq olduğumuzdan Gəncə klubu fəaliyyətini davam etdirir. Yaxın məsafədi, bu gün Qüdrətin Goranboyda, yaxud Gəncədə olmağı elə böyük fərq kəsb etmir. Çünki hara desək, bura Azərbaycandı. Burda əsas məsələ gənclərimizin, yerli uşaqlarımızın milli, klublar üçün dəyərli olması, töhfə və xeyir verməsidi. İnşallah, da qismət olsa, Azərbaycandan Avropaya addım atmalarıdı ki, oranın təcrübəsini görsünlər və nəticədə daha çox inkişaf edək. Futbolçu planında yalnız daxili yox, xarici bazara da çıxmağı bacarmalıyıq. Bir sözlə, Gəncədə oynamağını normal qarşılayıram. Dediyim kimi, aramızda elə çox məsafə yoxdu.
- Qüdrətin yaxın gələcəkdə, elə bu yay Avropaya çxımağı qarşıya qoyulan ciddi məqsəddi. Bu perspektiv haqda nə düşünürsünüz? Qüdrətə və atasına bu yöndə nə tövsiyyələriniz olub?
- Onsuz da Qüdrətin özü də yaxşı bilir ki, futbolçunun reklamı, adı, tanınması, daha çox inkişafı üçün Avropa bazarına girməsi hərtərəfli şərtdi. İnşallah da məqsədinə çatacaq. Əlbəttə, elə ölkələr var ki, orda futbol akademiyaları daha çox inkişaf edib. Avropada böyük futbol ölkələri var ki, orda akademiyalarda olmaqla daha çox perspektiv görünür. İnanıram ki, yaxın aylarda bu yöndə ilk addımlar atılacaq. 
- Təbii ki, tək futbolçu yox, idmançı üçün karyerasının uğurlu olması baxımından şans vacib amildi. Bunu kənara qoysaq, yaxşı qapıçı, yaxşı karyeraya malik olması üçün ilk növbədə nəyə diqqət yetirməlidi?
- Birincisi, istək, nizam-intizamdı. Bunlar mütləqdi və olmayan yerdə inkişaf ola bilməz! Əlavə məşqlərə getməlidi. Texniki tərəflərə gəlincə, boyu artdıqca koordinasiya, cəldliyi, çevikliyi üzərində məşqçiləri də böyük ehtimalla daha çox işləyəcək. Bu gün total futbol oynadığımıza görə təkcə əllə yox, ayaqla yaxşıl oynamasına, topla rəftarına diqqət yetirilməlidi. Taktiki inkişaf etmək üçünsə daha çox oyunlar oynamalıdı. Hər zaman istəyərəm ki, özündən 1 yaş böyüklərdə də qapıda dursun ki, taktiki savadı daha çox artırsın, oyunu oxuya bilsin. Bu formada inkişaf edə bilər. 
- Futbolçu, ümumiyyətlə, idmançı uğur qazananda ilk növbədə ilk məşqçisi yada düşür. Yəqin, belə yetirmənizin olmasını siz də çox istəyərsiniz ki, onunla gələcəkdə fəxr edəsiniz. Təbii ki, hər futbolçunun ən böyük arzusu milli komandanın şərəfini qorumasıdı. Bu yöndə gözləntiləriniz necədi?
- Təbii ki, hər müəllim, pedaqoq, məşqçi tələbəsinin uğurlarına sevinir, bunları öz uğurları kimi görür. Bundan əlavə, Qüdrətin öz rayonumuzdan, tanışl, yetirməm olmağından sevilməyinin və irəli getməyini istərəm futbolda. Təbii ki, idmanda sağlamlığının yerinə olması şərtilə. Sadəcə, sevilib xoşbəxt olmaq. Pedaqoq-müəllimə idmançının 2-ci valideyni deyirlər. Bu zaman da uğurlarına sevinməmək, xoşbəxt olmamaq deyə nüans ola bilməz. İnşallah, inanıram ki, Qüdrət milli komandanın qapıçısı da olacaq, Avropaya da gedib bizi yaxşı klublarda təmsil edəcək. Ona karyerasında hər şeydə uğurlar arzulayram. Allahın izniylə Qüdrətə yüz faiz də inanıram.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC