Azərbaycana aşiq, futbolçularımızı Avropaya çıxarmağa hazır olan amerikalı futbol agenti: "O şəxslər olmaq istəyirik ki, ölkənizdəki həmin ulduzu tapaq"

  • Azərbaycanlı futbolçuların ölkə kənarına çıxa bilməməsi ilə bağlı müzakirələr olanda, bu sahədə agent problemi xüsusi qabardılır. ABŞ-ın “Superior Squad Sports Management” şirkətinin rəhbər şəxslərindən olan Skott Riçards 2 dəfə ölkəmizə gələrək artıq kəşfiyyata başlayıb və gənc futbolçulara öz yardım əlini uzatmağa hazırdı. O, Presssport.az-a müsahibəsində bir sıra maraqlı məqamlara toxunub.
  • - Özünüzü Azərbaycan futbol ictimaiyyətinə necə tanıdardınız?
  • - Skott Riçards, 30 yaşım var, futbol agentiyəm. ABŞ-ın Nyu-York şəhərində yaşayıram. Yarı amerikalı, yarı livanlıyam. Azərbaycan futboluna giriş eləməyimdə məqsəd odur ki, oyunçularınızın doğrudan da talantlı olduğunu görürəm. İstəyirəm ki, həmin istedadlı futbolçuları necə deyərlər, gün işığına çıxarım. Yəni, onları xaricə göndərməkdə, parlamalarında bir növ köməklik edim. Həmçinin Azərbaycana xaricdən yaxşı futbolçular gətirmək də hədəfimdi. Bir sözlə, məqsədim Azərbaycan futboluna nəsə bir töhfə verməkdi. 
  • - Bu yöndə nə qədər təcrübəniz var?
  • - Demək olar 8 ildi bu işlə məşğulam. Xoşbəxtlikdən həmişə düzgün insanlara rast gəlmişəm, həmişə düzgün insanlar rastıma çıxıb. Onlarla işləmişəm, indinin özündə də belədi. Azərbaycanda əməkdaşlıq etdiyimiz "Go and Play" futbol agentliyində belə düzgün insanlar cəmləşib. Gördüm ki, ölkənizdə belə sağlam düşüncəli, düzgün insanlar var və onlarla işləyə bilərəm. 3 ildir işbirliyində olduğumuz ”Go and Play" Azərbaycanda artıq tanınmışdı, onlara - Kamranla Eminə artıq güvən var. Düşündük ki, niyə də bu işi Azərbaycanda onlarla birgə görməyək?! Bir şeyi də nəzərə alaq ki, hər gün Azərbaycana gələ bilmirəm. Güvəndiyim, işlərimi burda görə biləcək insanlar varsa, mənim üçün problem yoxdu, əksinə, daha yaxşıdı.  Deyə bilərəm ki, bu illər ərzində təcrübəyə əsaslanaraq gənc futbolçularla işləyən ən böyük şirkət bizik. Bundan əvvəl 14 ölkədə klublarla işləmişik. İndinin özündə də Belçika, Niderland, İspaniya, Türkiyə, ərəb ölkələriylə müəyyən əlaqələrimiz var. Şirkət yaxın dostumundu, orda rəhbər vəzifələrdən birindəyəm. Şimali Amerikada, habelə Afrika və Asiyadakı işlərin də müəyyən hissəsini görürəm. Şirkətimia FİFA tərəfindən rəsmən tanınır. 
  • - Elə futbolçular adları çəkə bilərsiniz ki, vaxtilə gənc idilər, onların parlamalarında yardımçı oldunuz?
  •  - Gənc oyunçularla işləmək layihəsini bir neçə ildi başlamışam. Hələ ki bizim futbolçular 17-18 yaşlarındadı, super ulduz sayılacaq oyunçular deyillər. Amma bundan əvvəl Misir futbolçusunun üzvü Amr Vardayla işləmişik. Məşhur misirli futbolçu Midoyla partnyorluq edirik. O, Afrika barazırnda futbolçuların tapılmasında bizə köməklik edir. Məşhur braziliyalı futbolçu Jilberto Silvayla karyerasını bitirdikdən sonra axır illərdə əməkdaşlığımız var. 
  • - Niyə uzaq Amerikadan Azərbaycana, futbol olmayan ölkəyə maraq göstərirsiniz? Burda nə diqqətinizi çəkdi ki, qollarınızı çırmalayıb işə girişməyə qərar verdiniz?
  • - Bildiyiniz kimi, bu dəqiqə futbolun mərkəzi Avropadı. Amerika yüksəliş mərhələsindədi. Təbii ki, Avropadan səviyyəcə aşağıdı, amma ən əzı inkişafda olan bir yerdi futbol baxımından. Xoşum gəlir ki, tanınmamış bazarlardan nəsə tapıb çıxarım. Ok, ola bilər Azərbaycan futbol ölkəsi deyil. Lakin dediyim kimi, ölkənizdə kifayət qədər talantlar var. Mənim üçün yaxşı olmaz ki, artıq tanınmış yerlərdən gedib kimisə çıxarım. Misal üçün İspanya bazarı artıq var, brenddi. Bəllidi ki, onların menecerləri kimlərdi, futbol bazarını kimlər idarə edir. Ancaq Azərbaycan, Asiya ölkələri hələ də tam potensialını aça bilmir və xoşum gəlir ki, onlardan nəsə tapıb ortaya bir şey çıxardım.
  • - Təbii ki, Azərbaycan futboluyla bağlı internetdə araşdırma aparmısınız. Maraqlıdı, qeyd dəftərçənizdə nələr var?
  • - Təbii ki, hər il Azərbaycandan bir neçə komanda avrokuboklarda oynayır. Əlbəttə ki, bütün dünya hal-hazırda “Qarabağ”ı tanıyır. Futbol sahəsində olanların hamısı bu klubu bilir. Amma keçən yay “Zirə” də avrokuboklarda özünü göstərə bildi, ilk dəfə pley-offadək irəlilədi. Futbol sahəsindəkilərin çoxu “Neftçi”ni tanıyır. Bilirlər ki, adlı-sanlı klubdu, böyük tarixi var. Özüm birinci Azərbaycan haqda araşdıranda düşünürdüm ki, Əfqanıstan, Pakistan kimi ölkə olacaq. Nə vaxt ki bilet aldım Azərbaycana, gəlib çatanda isə gördüm ki, yox, tamam fərqli ölkədi. Burda hər şey çox yaxşıdı, insanları mehribandı, çox müasirdi. Gördüm ki, Azərbaycandakı partnoyarlarım da düzgün insanlardı. Əslində, işləmək istədiklərimiz insanlar onlardı - "Go and Play"dəki azərbaycanlı həmkarlarımız. İlk transferləri Avropada edib, sonradan Azərbaycana giriş elələyiblər deyə iş prinsipləri mənə daha çox xoş gəlib. Buna görə düşünürəm ki, onlarla işləmək bizə daha yaxşıdı. Azərbaycanda kifayət qədər potensial var deyə fikirləşirəm ki, bura nəsə edə biləcək səviyyədi.
  • - Azərbaycandan futbol adamlarından kimlərlə görüşə bildiniz?
  • - Onu deyim ki, bu, ölkənizə 2-ci gəlişimdi. İlk dəfədə “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlıyla görüşmüşəm. Çox yaxşı, çox mehriban insandı. Daha sonra “Şamaxı”nın idman direktoru Kamran İsmayılovla görüşümüz oldu. Onun haqda həmin xoş sözləri deyə bilərəm. Üstəlik, çox zarafatcıl insandı. Budəfəki səfərimdə "Karvan"ın məşqçi heyətilə görüşmüşəm, ordakı stadiona, bazaya baxmışam. Hələ ki görüşlərim bunlarladı. Gələcəkdə yeni insanlarla görüşlərim mümkündü. 
  • - Azərbaycanlı futbolçular gürcülər kimi deyil. Gürcülər artıq brenddi, Avropaya rahat çıxırlar. Sizcə, bizdə "axsama" nədədi ki, futbolçularımızı Avropaya çıxara bilmirik, yoxsa onlar o xarakterdə, o səviyyədə deyillər?
  • - Bilirik ki, Gürcüstanda hal-hazırda ən brend futbolçu Xviça Kvaratsxeliyadı. Onun parlamasından sonra gürcü futbolçular daha çox Avropaya axın eləməyə başladı. Azərbaycanda sadəcə o bir nəfəri tapmaq lazımdı ki, getsin, özünü göstərsin, ulduz səviyyəsinə çatsın. Bu, olandan sonra artıq azərbaycanlı futbolçuları rahatlıqla alacaqlar. Çünki görəcəklər ki, bu torpaqdan bir nəfər çıxdı. Biri varsa, deməli, yenə çıxa bilər. Bu zaman artıq Avropaya axın ola bilər. Azərbaycan bazarı bu dəqiqə ucuz bazardı. Bir ulduz çıxsa, görəcəklər ki, ucuz bazardı, Avropadan axın edəcəklər. O şəxslər olmaq istəyirik ki, Azərbaycandakı həmin ulduzu tapaq. 
  • - Bu dəqiqə Avropada ən tanınmış futbolçumuz Mahir Emrelidi, II Bundesliqada "Nürnberq"da çıxış edir. Həmin ulduz oyunçumuz Mahir ola bilər? Ancaq onun da xaraketrində problemləri var, baş məşqçi, azarkeşlərlə problemi olub…
  • - Ona görə gənc futbolçularla - 16-18 yaşlı işləmək istəyirik ki, həmin vaxtlar futbolçunun futbolçu, insan olaraq xarakteri formalaşır. Yaxşı futbolçu üçün də bir neçə aspetktlər var. Birincisi, mental olaraq özünü peşəkar hiss eləmək. İlk növbədə bunu aşılamaq lazımdı. Ona görə gənc futbolçularla işləyirik ki, işə başlayanda onlara aşılayaq - sən peşəkarsan, ulduz olmalısan. Bunun üçün ilk növbədə özünü peşəkar kimi aparmaq, bunu hiss eləmək lazımdı. Bu, təkcə meydançada olan bir şey deyil. Ondan kənarda da peşəkar davranmalısan. Bunu aşılaya bildiyimiz tədiqdə həmin o ulduzu tapıb çıxara bilərik.
  • - Azərbaycanda əsas problem uşaq futbolundadı - meydançalar, məşqçilərin səviyyəsi və s. Futbolda da əsas təməldi. Bu planda sizdə bir narahatlıq yoxdu ki, bu bazara girdim, amma bönüvrə yaxşı olmadığına görə sonda müsbət nəticələrim olmaya bilər?
  • - Bu problemlər təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə var. Həmin problemlərin içində də az futbolçu olmayıb ki, özünü göstərsin. Kimsə artıq bizimlə işləyirsə, onu himayəmizə götürmüşüksə, təkcə akademiyanın məşqləriylə kifayətlənməyəcək. Ona əlavə məşqlər keçəcəyik. Bu, başqa ölkələrdə də ola bilər, Azərbaycanın özündə də. Çalışdığımız qədər oyunçuya köməklik edəcəyik ki, yaxşı meydançalarda məşq etsin, ona yaxşı məşqçilər də tapacağıq. Nəticədə özündə hiss eləsin ki, ona necə qayğı var. Belədə özü-özlüyündə nələrisə dəyişə bilsin. Heç gözləmədiyiniz anda hər hansı bir əlavə məşq oyunçuda yüzdəyüz nəyisə dəyişə bilir. 
  • - Azərbaycanda növbəti mövsümdən legioner limiti olacaq. Bu, işinizə nə dərəcədə kömək edə bilər, yaxud əksinə, maneçilik törədə?
  • - AFFA bu qərarı veribsə, təbii ki, ən azından Azərbaycan futbolunu istədiyi, nəyisə bildiyi üçün bunu edib. Bu zaman yaxşı 2 aspekt ola bilər - ya azərbaycanlı oyunçular Avropaya daha çox axın edəcək ki, bu da daha çox tanınmaq deməkdi. Ya da ikiqat məşq edəcəklər ki, klublardan əsas heyətdə öz yerlərini tapa bilsinlər. Əslində, bu, hər iki tərəfdən yaxşıdı. 
  • - Limitin ləğvindən sonra Azərbaycana çox legioner gələcək. Bu yöndə artıq ilkin işlərə başlamısınız? Artıq çətin olmaz bura legioner gətirmək, yoxsa..?  
  • - Təbii ki, komanda sayının artıq 12 olması, legioner limitinin ləğvi həm əcnəbi oyunçuları, həm də böyük klubları cəlb edəcək. Çünki artıq daha çox legioner, istədiyi oyunçuları gətirə biləcəklər. Legionerlər də daha çox komandalı, limitinin artıq olmadığı çempionata gələrək rahatlıqla oynaya bilər. Əvvəl isə meydanda ən azı 4 yerli futbolçu olmalı idi. Bizim iş baxımından rahatlıq yaranır. Artıq bura daha çox legioner gətirə biləcəyik və onların üzərində işləyib, parladıb böyük klublara sata bilərik. Əslində, Gürcüstanın bu dəqiqə əsas elədiyi budu ki, gətirir, parladır, satır. Legioner limitinin ləğvi və 12 komandanın olması Azərbaycanda da bu imkanları yarada bilər. 
  • - Azərbaycanlı futbolçulara nə çağırış edə bilərsiniz - niyə sizinlə əməkdaşlıq etsinlər?
  • - Hər şeydən əvvəl futbolçulara onu demək istəyirik ki, aramızda futbolçu-menecer münasibəti olmayacaq. Bir ailə kimi olacağıq, onlarla ailə üzvləri kimi davranacağıq. Təkcə futbol yox, istənilən digər mövzularda da onlara köməklik edəcəyik. Bu, istər maddi, istərsə də mənəvi baxımdan olacaq. Avropa qapılarını açmaq istəyirləsə, bizimlə işləyə bilərlər. 
  • - Azərbaycan haqda futboldan kənar hansı düşüncələrinizin olması da maraqlıdı…
  • - Çox yaxşı bir ölkədi. Daha çox Bakının memarlığına vurulmuşam. Bu planda əladı, tam fərqlidi, Asiya ölkəsi kimi görünmür. İnsanlarınız da çox yaxşıdı, çox mehribandı. Hətta bura ilk gəlişimdə dedim ki, Azərbaycana köçüb yaşaya bilərəm. Yəni, ölkəniz, Bakı o dərəcədə xoşuma gəlib. Digər məkanlarınızdan Şamaxıda, Yevlaxda olmuşam. Təbiətiniz doğrudan da fərqlidi, maraqlıdı. Azərbaycana həqiqətən aşiq olmuşam. Yeməklərinizi də çox bəyənirəm. Misal üçün Şamaxıya gedəndə yediyim qutab çox dadlıydı. Pendirli idi, ilk dəfə bunu dadırdım. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC