"Biz "Go and Play" futbol agentliyi olaraq 2021-ci ildən tam fəaliyyətdəyik. İlk fəaliyyətə başladığımız vaxtlarda təkcə ölkədən kənarda işləyirdik. Bu, əsasən Polşa, Slovakiya və Çexiya kimi ölkələrdə idi. Daha sonra Avropanın digər ölkələrində də bəzi transfer işlərində iştirakımız oldu. Ənənəvi milli menecerlik üslubundan fərqli tərzdə işlədiyimiz üçün Azərbaycanda iş görməyə əvvəllər o qədər də isti baxmırdıq. Ancaq bir müddət sonra əcnəbi menecer dostlarımız bizi məcbur etdilər ki, burda da müəyyən işlər görək".
Bu sözləri Presssport.az-a açıqlamasında "Go and Play" futbol agentliyinin agenti Emin Hacızadə deyib.
Onun sözlərinə görə, yeni fəaliyyətə başladıqları vaxtda müəyyən çətinliklərlə üzləşsələr də, sonradan “rels”ə düşə biliblər: “Təbii ki, Azərbaycan bizim üçün yeni bir bazar idi və onun da öz “canavarlar”ı var idi. Amma bu, bizi qətiyyən qorxutmurdu. İlk vaxtlar çətinlik yaşasaq da, zaman keçdikcə daha çox işlər görməyə başladıq. Qısa zaman kəsiyində artıq bir neçə yerli, gənc və perspektivli futbolçular ilə işlədik. İlk əcnəbi uğurlu transferimiz isə Junior Martins oldu. Onu ”Kəpəz"ə transfer etdik, davamında “Zirə” ilə müqavilə bağladıq. Ardından Lassana Ndiaye, Viktor Braganın Gəncə klubuna transferini həyata keçirdik. I Liqa komandalarına bəzi transferlərimiz olub. Bundan başqa, Turan Manafovun Yunanıstanın “Olimpiakos”una (Volos), Ricat Qarayevin Polşadakı klubların transferlərini etmişik. Həmçinin, az yaşlı futbolçuların da İngiltərə, Ispaniya, Polşa kimi ölkərin akademiyalarına getmələrində rol oynamışıq. Yəni, bu sahədə uzun olmayan, amma kifayət qədər təcrübəli bir yolumuz var".
Adıçəkilən futbol agentliyi növbəti əməkdaşlığa başlayıb. Belə ki, “Kəpəz”in U-15 komandasının istedadlı, perspektivli qapıçısı Qüdrət Qarayevlə də işbirliyi artıq rəsmiləşib: “Yuxarıda da qeyd etdiyim kimi, bundan əvvəl bir neçə yerli, istedadlı uşaqları müxtəlif õlkələrin akademiyalarına göndərmişik. Qüdrətlə çalışmaq istəməyimizin əsas səbəbi də məhz onun potensialı və istedadı. Ölkə futbolunda çox sayda istedadlı uşaq futbolçu var. Hesab edirik ki, onlardan biri də elə Qüdrətdi. Skautlarımızın raportları əsasında bir neçə oyununu izlədik və qərar verdik ki, biz bu uşaq üçün nə isə etməliyik. Valideyni ilə danışdıq və atasının da bu yolda istəkli olması bizi daha həvəsləndirdi. Əbəs yerə deyil ki, Qüdrət 2024-cü il üzrə Azərbaycan idmanının gələcəyi nominasiyasına layiq görüldü. Onunla müqavilənin detalları haqqında təbii olaraq ətraflı bir məlumat verə bilmərik. Çünki məxfilik qorunmalıdı. Ancaq onu deyə bilərəm ki, Qüdrətlə 2 illik müqavilə bağlamışıq. Böyük ehtimalla anlaşma yenidən uzadılacaq".
Həmsöhbətimizin sözlərinə görə, 15 yaşlı Qarayevi artıq bu yay İtaliyaya göndərəcəklər. Maraqlıdı, niyə məhz bu ölkə?: “İtaliya dünya futbolunda öz sözünü demiș və iz qoymuş bir ölkədi. Siz də təcrübli bir idman jurnalisti görə yəqin, mənimlə razılaşarsınız ki, İtaliya futbolu çox sayda əfsanəvi qolkiperlər yetişdirib. Canluicci Buffon, Françesko Toldo, Canluka Palyuka, Dino Zoff, Kristian Abbiatti və saymaqla bitməyəcək qədər siyahı böyükdü. Qüdrətin də fiziki göstəricilərinin tam olaraq İtaliya futbolu üçün ideal olduğunu düşündük. İtaliyadakı menecer dostlarımızı Qüdrətin videolarını göstərdiyimizdə isə bizə Perucadakı futbol məktəbini məsləhət gördülər. Kim bilir, bəlkə də daha böyük klublardan yaya qədər təklif aldıq? “Peruca” ilə olan müqavilə artıq Qüdrət ora getdikdən sonra bəlli olacaq. Təbii ki, qapıçının məşqlərdəki ilk performansı da böyük rol oynayacaq. Buna görə də hələ ki, müqavilənin şərtləri ilə bağlı tam danışığımız olmayıb".
Onu da bildirək ki, bu gün Qüdrətin ad günüdü. Presssport.az yeniyetmə qapıçını 15 illik yubileyi münasibətilə təbrik edir, ona peşəkar karyerasında bol-bol uğurlar arzulayır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC