Faiq Cabbarov onu futboldan küsdürənlərdən Erik Kantonayadək: "Faiq Cabbarov onu futboldan küsdürənlərdən Erik Kantonayadək: "Futbola ciddi şəkildə qayıdıram, bugünkü gündə “Kəpəz” bu vəziyyətdədirsə, deməli, mənim də gü
Gəncə futbol məktəbinin yetirməsi, peşəkar futbolda ilk addımlarını SSRİ dövründə atan, Sovet İttifaqı dağıldıqldan sonra 1992-ci ildə ilk Azərbaycan çempionu olan, qızıl medalı "Neftçi"dən sonra "Şəmkir"lə və karyerasının böyük hissəsini keçirdiyi "Kəpəz"lə də boynundan asan, ümumilikdə 6 dəfə Azərbaycan çempionu, 3 dəfə Azərbaycan Kubokunun qalibi olan, 1997-ci ildə "İdman" qəzetinin versiyasına görə Azərbaycanda ilin futbolçusu seçilən, milli komandamızın sabiq müdafiəçisi, "Qəbələ"nin Premyer Liqada ilk baş məşqçisi kimi tarixə düşən Faiq Cabbarov. Uzun müddətdi xəbər-ətər olmayan 53 yaşlı gəncəli veteran futbolçuyla doğma şəhərində görüşərək tarixə səyahət etdik. Cabbarov Presssport.az-a geniş müsahibəsində bir sıra mətləblərdən söz açdı.
- Niyə uzun müddətdi kölgədə qalmısınız? Buna əsas səbəb nə oldu?
- - Son dəfə 2018-ci ildə peşəkar futbola qayıtmaq istəyim olarkən - bundan əvvəl də Rusiyada idim - cəhd elədim. Amma bu, reallaşmadı, çünki bəzi insanlar məni yaxın buraxmadı. Halbuki, çox az qalmışdı dönüşümə. Düzgünlüyünü sevən adamam, düzgünlüyü də görmədim. Küsdüm və yenidən Rusiyaya çıxıb gedərək futboldan ayrı düşdüm. Son dəfə "Şəmkir"də işlədim, neçə ildən sonra bu rayonun komandasını yaradaraq I Liqada oynadıq. Rusiyadan qayıdıb istədim ki, işləməyə yavaş-yavaş uşaq futbolundan başlayım. Amma bunu məsləhət görmədilər. Söz verildi, amma gördüm ki, yox, buna əməl olunmadı. Yəni, işə dəvət olunmadım, gördüm ki, Faiq Cabbarova bir az yuxarıdan aşağı baxırlar. Mən də ömrüboyu elə şeyləri qəbul eləməmişəm. Belə münasibət pisimə gəldi.
- - Əsas problem nə idi?
- - “Şəmkir”də işlədiyimdə məşqçilik üçün kateqoriya söhbəti yox idi. Sonradan bu söhbəti ortaya atdılar, mən də aldım onları - C-ni və B-ni.
- - Millimizin futbolçusu olduğunuza görə onsuz da C-ni avtomatik verir AFFA…
- - Amma buna baxmayaraq, getdim aldım. Oturdum dərslərdə, imtahan verərək aldım. Bundan sonra cəhd göstərdim yenidən futbola qayıtmaq üçün. Amma dediyim kimi, buna imkan vermədilər. Məndə də küskünlük oldu. Bilirsiniz ki, 20 il əvvəl “Göy Göl”ü yaradaraq I Liqanın qalibi oldum, Premyer Liqaya çıxardım, orda da oynatdım. Ardından "ABN Bərdə"də Premyer Liqada işlədim. "Şəmkir"də baş məşqçi işləyərkən uşaq futbolunu da mənə həvalə eləmədilər. İstəyirdim ki, heç olmasa yenidən I Liqada baş məşqçi kimi fəaliyyət göstərim. Yenə deyirəm ki, federasiya məni yaxın buraxmadı, mən də küsdüm getdim yenidən Rusiyaya. İndi də 1 ilə yaxındı dönmüşəm Vətənə.
- - Burda əsas iş klubların üzərinə düşür. Sizcə, niyə Faiq Cabbarov onların yadına düşmədi? AFFA-dan icazə almayacaqdılar ki, sizi baş məşqçi postuna gətirməyə görə?
- - Bir ara uzun müddət Rusiyada qaldım. Düzünü deyim ki, həmin vaxt yaddan çıxdım. Gələndən sonra da özüm heç hara baş vurmadım, heç bir klubla əlaqəyə girmədim. Açığı, bəzi futbol adamları tərəfindən haqqımda dedi-qodular vardı. Amma istənilən halda, futbol mənim üçün birinci dərəcəli, hər şeydən üstün tərəf olub. Sadəcə, zəif damarımı tutdular ki, ay yeyib-içəndi, ondan işləyən olmaz. Yəqin, bu fikirlər oldu. Düzdü, üzümə heç kim tərəfdən bu sözlər deyilmədi. Amma arxamca söylənilən fikirlər belə oldu ki, dəvət almadım.
- - Həyatda buraxdığınız səhvlərə görə indi peşmanlığınız var?
- - Əlbəttə! Artıq 1 ilə yaxındı elə şeylərdən uzağam, hər şeyi sıfırdan başlamışam. Çox adam içki söhbətini ortaya atırdı, o da ömürlük mənim üçün qurtarıb. Doğrudan da sırf, təmiz futbol həyatına qayıdıram. Bundan sonrakı həyatımı buna həsr etmək istəyirəm.
- - Rusiya həyatınızda nələr yaşamısınız?
- - Orda bizneslə məşğul olmuşam dostlarımla. Məni ora dəvət etmişdilər. Onlar gəncəli, şəmkirli iş adamları idi. Futbolsevərlər, azarkeşlər idilər. Həyatda buraxdığım bir sıra səhvlərə görə özümü qınayıram və artıq bunlar mənim üçün arxada qaldı. Yeni səhifə açıb Gəncədə futbolçu yetişdirmək, Gəncə futboluna kömək etmək istəyirəm.
- - Yeri gəlmişkən, doğma Gəncəniz burda olmadığınız müddətdə nə dərəcədə dəyişib? Və təbii ki, ən əsas futbolu, titullu təmsilçisi “Kəpəz”…
- - Düzü, Rusiyada olanda çox maraqlanmırdım, çünki işlərimin çoxluğutla bağlı vaxtım olmurdu. Həm də futboldan bir az incimişdim, küsmüşdüm. Vaxtım olanda, əsasən də son vaxtlar televizorda oyunlara baxırdım, futbolumuzla maraqlanırdım. 2024-cü ildə yenidən gəldim Gəncəyə. Fikirləşdim ki, yaş da həmin yaş deyil və artıq birdəfəlik burda qalmağa qərar verdim. Beləcə 1 ilə yaxındı Gəncədəyəm. Keçən il mayından Vətənə dönmüşəm. Bu müddətdə mətbuatadan özüm uzaq olmuşam. Çünki diqqət mərkəzində olmağı sevmirəm.
- - Bu müddətdə nəylə məşğulsunuz? Futbola necə qayıtmağı düşünürsünüz?
- - Neçə illərdi Rusiyadaydım, yorğun idim, 1-2 ay dincəldim. Özümə gələndən sonra işlə maraqlanmağa başladım. Düzü, belə bilmirdim çox dəyişilib Azərbaycan, elə Gəncənin özü də. Yaşayış da dəyişib, insanlar da. Uşaq futbolunda gedib məşqlərə baxmışam. Burda turnirlər olub, məni məşqçilər dəvət edib. Onlar mənimlə vaxtilə futbol oynayan keçmiş komanda yoldaşlarımdı. Misal üçün Firuz Qulami, İlham Səmədov. Neçə illərdi futboldan aralanmışam, amma onlar yox. Birdən istək yarandı ki, bəli, mən də futbola qayıtmalıyam. Çünki Gəncədə yaxşı, perspektivli uşaqlarımız var. Azərbaycanın bütün hər yeri mənim üçün doğmadı. Amma bu gün Gəncədən söhbət gedirsə, gəncəliyəmsə, doğma şəhərimdən danışmalıyam və sizə deyim ki, həmin uşaqlar gələcəyin yaxşı futbolçuları ola bilər. İstərdim bunda mənim də dəstəyim, əməyim olsun ki, onları üzə çıxaraq, futbolumuza bəxş edək.
- - Yəni, akademiyada uşaq məşqçi kimi işləməkdən çəkinmirsiniz…
- - Bəli. Sadəcə, futbola qayıdıramsa, planımda var ki, böyük futbola qayıdım. Bu, baş versə, lap yaxşı olar. Amma ən azı bildiklərimi Gəncənin perpektivli uşaqlarına öyrətməkdi məqsədim. Planım sıfırdan yeni bir futbol komandası yaratmaq deyil. Gəncə futbolunu öz layiqli yerində görmək istəyirəm. Neçə illərdi futboldan aralı qalsam, qayıtmağa hazıram.
- - O gücü özünüzdə hiss edirsiniz? Çünki çox şey dəyişib futbolda. Belə olan halda, özünüzü nə dərəcədə böyük futbolda, Premyer Liqada görürsünüz?
- - Razıyam, futbol çox dəyişib, biz oynadığımız 30 il əvvəlki futbol deyil. İndi daha çox taktiki savaşdı. Gözləməzdim ki, Azərbaycan futbolunun səviyyəsi bu qədər aşağı düşsün. İndiki futbolumuzda nə taktika gördüm, nə texnika - “Kəpəz"in də oyunlarında, digər klublarımızın da. Yalnız “Qarabağ” hamıdan fərqlənir. Düzdür, yaxşı komandalarımız var - “Zirə”, “Turan Tovuz". Baxıram ki, Qərb zonasında inkişaf var, amma tam deyil. Açığı, indiki çempionatımız xoşuma gəlmədi - əvvəlki illərlə müqayisədə zəifdi. İstədiyim, gözlədiyim kimi olmadı. Heç olmasa 4-5 klub çempionluğa oynasaydı… Amma “Qarabağ” kimi komanda görmədim. Neçə illərdi çempion elə “Qarabağ" olur. Yaxşı ki Qurban Qurbanov var orda, yaxşı ki belə bir komanda var - Avropada üzümüzü ağardırlar. Bu, fəxrediləsi komandadı. Qazandığı uğurlara görə Qurban müəllimi təbrik edirəm. Sağ olsun ki, heç olmasa “Qarabağ” kimi Avropada layiqli təmsilçimiz var. O oynayanda futbola baxmaq istəyirik. “Zirə" də xoşuma gəlib oyunuyla. Deməli, Rəşad Sadıqovun da işi uğurla gedir. O biriləri pisləmək firkində deyiləm. Amma dediyim kimi, heç olmasa 4-5 klubumuz olsa çempionluğa oynasa, millimiz də nəticə verər, çempionatımız da güclü olar.
- - Siz oynayanda “Kəpəz" çempionluğa, medala oynayırdısa, son illərdə bir qayda olaraq Premyer Liqada qalmağa oynayır. Sizcə, niyə belə uçurum yaranıb?
- - Çox gözəl məqama toxundunuz. Mənim üçün ən acınacaqlı vəziyyət, məni incidən, ən yaralı yerim də odur ki, “Kəpəz” belə vəziyyətə düşüb. Halbuki, SSRİ dağılandan sonra “Kəpəz”in öz yeri olub. Həmişə turnir cədvəlində yuxarı yerlərdə olub, çempionluq qazanıb, medalçı olub. İndi sponsor deyirlər, amma sponsorumuz, pulumuz da olmayıb, buna baxmayaraq, nə olursa-olsun, “Kəpəz"in öz yeri olub. Tarixi var, ola bilər 2-cü olmuşuq, amma həmişə çempionluğa oynamışıq. Əsas odur ki, istək olub. Amma bugünkü gündə “Kəpəz”ə baxanda, açığını deyim ki, heç nə yoxdu. Burda hansısa məşqçini, kimisə günahlandırmaq istəmirəm. Bugünkü gündə “Kəpəz” bu vəziyyətdədirsə, deməli, mənim də günahım var. Yəni, bəlkə də futbolu atmasaydım, mən də iş başında olardım.
- - Yəni, mənəvi cəhətdən özünü günahkar sayırsınız…
- - Bəli, elədi. 4 ildi eşidirəm ki, “Kəpəz" elə Premyer Liqada qalmaq uğrunda oynayır. Bu da təbii ki, belə tarixi olan klubun adına yaraşmır. Çox acınacaqlı bir şeydi, şəxsən mən utanıram. Dediyim kimi, 1 ilə yaxındı Gəncədəyəm, şəhərə çıxanda bütün azarkeşlər, məni tanıyanlar hamı məndən soruşur ki, Faiq Cabbarov, “Kəpəz" niyə bu gündədi, nə vaxt düzələcək? Mənim də bir cavabım var - bilmirəm! Çünki doğrudan da bilmirdim.
- - Bəs, indi?
- - İndi yavaş-yavaş futbola baxdıqca bilirəm vəziyyəti. İstər uşaq futbolu, istərsə də əsas komanda olsun, yəqin, işlər düzgün getmir ki, bugünkü “Kəpəz” bu gündədi. Açıq deyirəm - inciyən də incisin - ürəkdən işləmək lazımdı, indiki kimi yox. Biz özümüzü gəncəli sayırıqsa, mən də daxil hamımız birləşib iş görməliyik. Bu zamanadək kim səhvdi, kim düzdü söhbəti olmamalıdı. Hamı bir nöqtəyə vurmalıdı ki, Gəncə futbolunu öz yerinə qaytaraq. Yenə deyirəm ki, Gəncənin futbolumuzda öz yeri var, heç olmasa ora qayıtmalıdı.
- - Sizin vaxtda oynamış futbolumuzun “qaymaqlar"ının indi bir çoxu futboldan kənardadı. Özünüzə tənqidi yanaşsanız, hansı qənaətə gəlirsiniz - sizə güvən yoxdu, yoxsa müasir futbolun tələblərliylə ayaqlaşa bilmirsiniz?
- - Gözəl sualdı. Birinci özümdən başlayıram ki, deyək Faiq Cabbarov burda uzun illər olmayıb, özü çıxıb Rusiyaya gedib. Yaxşı, mən getdim, bəs yerdə qalanlar? Niyə kənardadırlar? Ümumiyyətlə, hardadırlar? Onları niyə stadionlardan qaçırdırlar? Niyə Gəncənin veteran futbolçuları iş başında yoxdu? Mən görmürəm onları, axtaranda da onları tapammıram. Niyə - bilmirəm bu sualı kimə vermək lazımdı. Gəncənin futbol veteranlarıyla görüşmək lazımdı. Qalmaqaldan uzaq adamam, ad çəkməyəcəm. Niyəni özümə də sual verirəm. Kimə sual vermək lazımdı - onu bilsəm də demərəm. Mətbuatla yox, bəzi insanlarla görüşəcəm. Onda sözümü deyəcəm ki, bu insanlar hardadı. Qoy, bütün Azərbaycan xalqı, futbol mütəxəssisləri eşitsin - bildiklərimi meydanda göstərmək istəyirəm. Ona görə futbola qayıtmışam, özü də ciddi şəkildə. Yəni, çox israrlıyam, axıra kimi gedəcəm, əl çəkməyəcəm. Mənə iş vermədilər, qıraqdan durum baxım, yenidən Rusiyaya gedim - yox, belə şey olmayacaq!
- - Vaxtilə Gəncədə Kostya dayının asfaltdakı məşqlərindən futbolçular çıxırdı, milli komandanın əsasını onun yetirmələri təşkil edirdi. Amma indi Mahmud Qurbanovdan sonra millidə gəncəli futbolçu yoxdu - yeni debüt edən Şahin Şahniyarovu nəzərə almasaq. Bu mənzəyərə necə izah verərdiniz? Niyə “Kəpəz”dən futbolçu çıxmır?
- - Bütün uşaq məşqçilərinə üzümüz tutub sizin sayt vasitəsilə deyirəm - bilmirəm neçə illərdi işləyirsiniz, Mahmud Qurbanovun heç olmasa 30-50 fazini tələbələrinizə öyrədin. Onda Azərbaycan futbolu udacaq. Mahmud kimi pleymeyker Azərbaycan futboluna gəlməyib, gəlməyəcək. Eləcə də Xaliq Mərdanov kimi dayaq yarımmüdafiəçisi. Vidadi Rzayev, Yunis Hüseynov kimi yarımmüdafiəçilərin yarısını ortaya çıxardın.
- - Uşaq yoxdu, yoxsa məşqçi?
- - Söhbət bundan gedir ki, uşaq var, 12-13 yaşında baxırsan ki, bundan gələcəyin Yunisi, Mahmudu çıxar. Amma axıra çatdıra bilmirlər işi. Deməli, burda günahkar uşaqlar deyil. Məşqçilərimiz bir az məsuliyyətli işləməlidi sadəcə. Dediyim güclü futbolçularımızın çox yox, yarısını yetişdirsələr, Gəncədə futbol olar. Bu olanda isə elə bil Azərbaycanda futbol var.
- - Futbolçu kimi sözü üzə deməkdən çəkinməyən olmusunuz. Sizcə, indiki dövrdə bu xarakterdə baş məşqçiylə klub rəhbəri işləməyə razı olarmı?
- - Kim istəyir dəvət eləsin, kim istəyir yox, qarşıma qoyduğum məqsədim axırına kimi də gedəcəm. Əksinə, klub rəhbərləri sevinsinlər məni kimi baş məşqçiylə işləməyi. Niyə? Çünki öz işimlə məşğul olan baş məşqçi olmuşam - hər 3 komandada da. Sadəcə, futbolçunun maaşı, mükafatı, geyimi, məşq üçün lazım olan şeylərlə maraqlanmışam, başqa şeylərlə yox. Bu dəqiqə futbolumuzda elə acınacaqlı vəziyyətdi ki, kimisə günahkar çıxarmaq, kimsə yaxşıdı, kimsə pisdi söhbəti yoxdu. Bir məqsəd var - Azərbaycan futbolunu bu durumdan çıxarmaq və bunu hər klubun baş məşqçisi fikirləşməlidi. Gəncə futbolundan söz düşübsə, gəncəli məşqçilərdi, rəhbərlərdi, hamımız bir nöqtəyə vurmalıyıq ki, onun əvvəlki yaxşı günlərinə qaytaraq.
- - Məşqçilik karyeranızda “Qəbələ” xüsusi yer tutub. Ən azı ona görə ki, Premyer Liqada ilk baş məşqçisi olmusunuz. Sonradan bu klub uğurlar qazananda, Avropada da qrupa düşəndə, buna nə dərəcədə sevincli idiniz ki, burda hardasa mənim də mənəvi payım var?
- - Əlbəttə ki, bu klubun uğurlarına görə sevinmişəm və qazandıqlarını əla qiymətləndirirəm. Qəbələ camaatından da razıyam, başda Fariz Nəcəfov olmaqla klub rəhbərliyindən də. Fariz müəllimlə çox yaxşı münasibətim var. Gözəl insandı, gözəl idmançı olub. Onunla sözümüz də tutur. Hər yerdə, elə Rusiyada da idman adamlarıyla söhbətdə demişəm, indi də hamı bilsin - Azərbaycanın 1-ci komandası “Neftçi”, 2-cisi də “Kəpəz” olub həmişə.
- - İndisə onlar "Qarabağ"ın kölgəsində qalır...
- - Bəli, burda əmma odur ki, bugünkü gündə sağ olsun Qurban Qurbanov, onun sayəsində “Qarabağ” 1-ci yerdədi. İndi də onun hegemonluğu gedir. Adlarını çəkdiklərimiz, eləcə də digər iddalı klublar heç olmasa “Qarabağ”a bir az yaxınlaşsın.
- - Qurban müəllimdən söz düşmüşəkn, keçmiş komanda yoldaşınızın belə uğurlu məşqçi olacağını gözləyirdiniz? Çünki hər yaxşı futbolçudan yaxşı məşqçi olmur…
- - İnanırdım, çünki onun Premyer Liqada baş məşqçi kimi debütü gözüm önündə olub. Onda “Neftçi”nin baş məşqçisi idi, mənsə “Qəbələ”nin. Olanı, görəni deyən adamam, Qurban müəllimin də yadında olar - o vaxt media onun üstünə düşmüşdü. “Neftçi”ni çalışdırırdı və Tofiq Bəhramov adına Respublika stadionunda onlarla qarşılaşdıq. Matç 4:1 "Neftçi"nin qələbəsiylə bitdi. Oyunsonrası mətbuat konfransında jurnalistlər mənə sual verəndə, cavab verdim ki, niyə görə onda "İnter"in baş məşqçisi olan ukraynalı Valentin Xodukini nəticədən asılı olmayaraq tənqid etmirsiniz, Qurban Qurbanovdan nə istəyirsiniz? Yeni məşqçidi, ilk ilidi, heç-heçə də edər, uduzar da. Gözəl futbolçu olub, “Neftçi”də gözəl qollar vurub, millidə də oynayıb. Şans verin, dəyməyin bu kişiyə, gördüz, bu gün qalib gəldi, bu qələbələrin də ardı yavaş-yavaş gələcək. Elə həmin mövsüm də Qurbanov 2-ci yeri tutdu, son anda çempionluğu “Xəzər Lənkəran”a əldən verdi. Yəni, baş məşqçi kimi debüt mövsümündə Premyer Liqada nəticə verdi. Oyundan sonra da Qurban müəllimi qələbə münasibətilə təbrik elədim, uğurlar arzuladım. Belə məşqçi olmuşam - komanda udanda deyirəm komanda udur, uduzanda baş məşqçi. Deməli, hardasa səhvim var ki, komandam uduzdu. Bəzi məşqçilər kimi futbolçuları günahlandırmıram. Bizdə bəziləri qəşəng şey tapıb ki, uduzanda ya qapıçını boynuna yıxırlar, ya səhv edən sahə oyunçusunun. O, səhv edibsə, deməli, baş məşqçinin işində xətalar olub.
- - 90-cı illərin, siz oynadığınız milli komanda və indiki. Necə müqayisə, paralel aparardınız? Çoxu sizləri qınayır ki, SSRİ-dən çıxmış futbolumuzun "qaymaqlar"ı gedib Fransaya 0:10 uduzdu. Onda şərait yox idi, indidə var, amma yenə də millimiz uduza-uduza gedir…
- - Yaxşı məqama toxundunuz. Azərbaycanda çempionatımız o qədər zəif gedir ki, milli komandamız da zəif nəticə verir. Bu, birinci səbəb, əsas məsələ budu. İkincisi, bizə məşqçilər o vaxt sərbəstlik verməmişdi. Qorxurduq, deyirdik, Fransaya 0:2 uduzsaq, bəs edir. Amma məğlubiyyət məğlubiyyətdi. Yenə də çalışırdıq ki, meydanda sonadək canımızı qoyaq. Azərbaycana qayıdacağıq, xalqın içinə çıxacağıq. O vaxt çarter reysi yox idi, sərnişin təyyarəsiylə səfər oyunlarına gedirdik. Çətinliklərimiz çox olub. Gücümüz çatmırdı, amma istəyimiz var idi. İndikilərdəsə istək də yoxdu, məsuliyyət də. Biabırçı nəticələrdi, şəxsən mən utanıram millimizə görə. Çox aşağı səviyyədədi.
- - Fransaya 0:10-dan 30 il sonra bir narahatlıq varmı ki, yenə belə ağır məğlubiyyət ala bilərik? Sizcə, dizlər əsəcəkmi ki, həmin faciə təkrarlanar?
- - Həmin oyunda oynamamışam. Çünki cəzalı idim, ümumiyyətlə, Fransaya getməmişdim. Amma Trabzonda 0:2-də çıxış etmişəm. O heyət Fransaya 0:10 uduzubsa, indiki heyətlə bəli, çox adam deyir ki, yenə biabırçı nəticə olacaq. Amma inanmıram buna. Biabırçılıq olası deyil. Sadəcə, dediyim kimi, hər bir futbolçuda böyük məsuliyyət olmalıdı. Bu, təkcə, futbolda, idmanda yox, bütün işlərdə olmalıdı. Şəxsən mən onda baş məşqçinin tapşırığını yerinə yetirirdim ki, Erik Kantonaya qarşı fərdi oynamalıyam. Misal üçün mənə kaset verilmişdi və oyuna 10 gün qabaq ona baxırdım ki, Kantonanı necə saxlayacam. Rasim Abışov da Jan-Pyer Papenə qarşı fərdi oynayırdı.
- - Kantonanı saxlaya bildiniz?
- - 0:2-də qol vurmadı. Epizodlar internetdə var. Oyundan sonra fransalı jurnalistlər ondan soruşmuşdu ki, "Mançester Yunayted”də oynayırsınız, yığmanın kapitanısınız, niyə zəif oynadınız, qol vura bilmədiniz. Suala cavab olaraq demişdi ki, rəqibim olan gənc müdafiəçi mənə imkan vermədi qol vurmağa. Baş məşqçimiz Ağasəlim Mircavadov idi, Fuad Musayev də AFFA prezidenti - mənə demişdilər ki, Kantona harda, sən orda. Yağışda oynayırdıq, Erik də meydandan çıxıb kənarda palçıqlı butsunu dəyişirdi. Bu vaxt da oyun gedirdi, mən də meydandan çıxıb gəlib kənarda yanında durdum. Məni görərək təəccübləndi ki, burda da məndən əl çəkmirsən (gülür). Uşaqlar da buna güldülər ki, Kantona meydandan çıxıb, hara gedirsən arxasınca. Dedim ki, mənə tapşırıq veriblər ki, Kantona harda, sən də orda. O, hara getsəydi, dalınca gedəcəkdim. Bax, belə bir maraqlı epizod olmuşdu. Meydana istəklə, məsuliyyətlə çıxırdıq, vallah, gücümüz çatmırdı. Onlar çox güclü idi - istər fiziki, istərsə də digər planda. 0:2-də Zidan heyətə düşmürdü, olimpiya yığmasında oynayırdı. Bizə qarşı Kantona, Papen, Loko, Anqloma, Desayi oynayırdı. Corkayeff də ehtiyatda idi.
- - Millimizə əcnəbi baş məşqçi lazımdımı?
- Millidə çox məşqçilərlə işləmişəm - Kazbek Tuayev, Ağasəlim Mircavadov, Vaqif Sadıqovla. Hamısı da yaxşı məşqçi olub. Vaqif Sadıqov kimi məşqçi görməmişəm - hərtərəfli planda. Məncə, yerli baş məşçqi olsa, daha yaxşıdı. Amma qərarı verən AFFA rəhbərliyidi.
- - Ən çox bəyəndiyiniz müdafiəçi kim olub özünüzdən sonra Azərbaycan futbolunda?
- - Rəşad Sadıqov. İlham Yadullayevi də qeyd edərdim. Özümdə olan müdafiəçi kimi bəzi xüsusiyyətləri yalnız Rəşadda görmüşəm. Sürüşmə fəndinə getməkdən çəkinmirdi, qorxusu yox idi. Müdafiəçinin də gərək də qorxusu olmasın mübarizədən. Rəşadın liderlik bacarığı vardı, komandanı arxasınca aparırdı. Ona kapitanlıq da yaraşırdı. Bilirdin ki, arxada Rəşad Sadıqov var. Komanda bəzi epizodlarda zəif oynayırdı və Sadıqovun elə fədakarlıqları olurdu ki, komanda da bundan ruhlanırdı. Və həmin matçda bunun sayəsində dönüş də olurdu. Əsl mərkəz müdafiəçisi, kapitan da məhz belə olar.