"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov braziliyalı hücumçusu Olavio Juninyonun son durumu haqda danışıb.
Presssport.az xəbər verir ki, təcrübəli mütəxəssis Avropa Liqasının 1/8 finalında "Bayer"lə Bakıdakı matçda zədələnən futbolçunun sabahkı cavab görüşündə əsas heyətdə olub-olmamasının hələ bilinmədiyini vurğulayıb: "Məşqdən sonra dəqiq bilinəcək. Hazırda başqa hücumçu gətirmək barədə düşünmək düzgün deyil. Komandada yetərincə futbolçu var. Həmin mövqedə istənilən oyunçudan istifadə edə bilərik. Musanın qayıtması müzakirə mövzusu deyil. Bu gün fikrimiz sırf "Bayer"lə oyuna və çempionata yönəlib. Dediyiniz mövzu yay “transfer pəncərəsi”nə aiddi".
Maraqlıdı, Qurbanov Leverkuzendəki qarşılaşmada komandanı əlavə vaxta və penaltilər seriyasına hazırlamağı düşünürmü? O, bundan da söz açıb: "Çox sıx qrafikdəyik. Amma "Bayer" də son 20 gündə çox vacib qrafikdə olub. Son vaxtlar onların hazırlığı daha yaxşıdı. Heç vaxt futbolçularıma sırf əlavə vaxt və ya penaltilər seriyasına hazırlaşmağı tapşırmamışam. Amma məşq proseslərimizdə ayda bir dəfə bunun üzərində çalışırıq. İndi onları buna hazırlamaq psixoloji basqı ola bilər. Belə halları oyunun gedişində düşünmək daha doğrudu. 90 dəqiqəyə motivasiya olub meydana çıxırıq. 120 dəqiqə oynamaq təcrübəmiz də var. Dəfələrlə bu situasiya ilə rastlaşmışıq. Çox istərdim ki, hər şey 90 dəqiqədə həll olunsun. Kim qalib gəlsə, fərq etməz. Futbolçuları nəzərə almaq lazımdı. Son illərdə futbol elə hala gəlib çıxıb ki, oyun sayı həddindən artıq çoxdu. İstirahət etməyə vaxt olmur. Sabah Bakıdakı oyunu daha da yaxşılaşdırmağa çalışacağıq".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC