Muradov çox narazı qaldığı məqamı qabartdı: "Fikirləşirdim ki, nəticəni elə səfərdə həll edək, alınmadı, buna da şükür ki..."

AFFA-nın keçirdiyi Region Liqasında Şimal-Qərb və Qərb zonasının lideri olan “Göyəzən”in pley-offda “Göyçay”la ilk matçdaca cütüb taleyini həll edəcəyini gözləmək olardı. Hər halda, rəqib qrupdan yalnız 4-cü yerlə çıxmışdı. Amma Qazax təmsilçisi səfərdəki qarşılaşmada yalnız son dəqiqələrdə məğlubiyyətdən xilas ola bildi. “Göyəzən”in baş məşqçisi Elxan Muradov 1:1 hesabıyla nəticələnən matçdan sonra Presssport.az-ın əməkdaşının suallarını cavablandırıb.

- Səfərdə və necə qazonda oynadığınızı nəzərə alsaq, nəticəni nə dərəcədə qənaətbəxş sayırsınız?

  • - Sözün düzü, fikirləşirdim ki, nəticəni elə burda həll edək. Amma bu, alınmadı. Buna da şükür ki, heç olmasa heç-heçə oynadıq, hesabda 0:1 geridəydik. Meydançadan çox narazıyam. Qazon həddən artıq bərbad idi, top saxlamaq mümkün deyildi. Elə “vur qabağa” futbolu idi. Futbolda kim səhv edirsə, bu da nəticəyə təsir göstərir. Meydançanın vəziyyəti oyun, hücum qurmağa imkan vermirdi. Buna görə çox çətinlik çəkirdik. Açqı deyim ki, ilk hissədə indiyədək ən zəif oyunumuz idi. Amma ikinci hissədə bilmirəm, uşaqlar ayıldımı deyim, əvəzetmələrimiz də keyfiyyətli oldu, tam fərqli oyuna şahidlik etdik. 
  • - Əsas kapitanınız Arzuman Nəsibov da meydana çıxaraq oyununuzu canlandırdı, bərabərlik qolunuzun da müəllifi oldu…
  • - Arzuman yaşlı oyunçu olduğuna görə onu bir hissəyə saxlayırıq ki, gücü çatsın. 90 dəqiqəyə gücü çatmır, amma təcrübəsi var. Onu elə anda meydana buraxırıq ki, tam gücüylə oynaya, bizə heç olmasa yarım saat kömək edə bilsin. Sağ olsun, Arzuman da da bunu elədi, oyuna yaxşı qoşuldu.
  • - Matça itkilərlə çıxmışdınız…
  • - Bəli, bunlar az deyildi. Məhəmməd Babayev müdafiə xəttimizin demək olar dirəyidi. O da bərk xəstələnib, xəstəxanada yatır. Allah şəfasını versin! Bu mövsüm artıq bizə kömək etməyəcək. Çünki 3-4 müalicədə olacaq. Əsas itkimiz odu. Pley-off öncəsi 2 futbolçu götürmüşdük. Onların da işləri olduğuna görə bizimlə oyuna gələ bilmədilər. 
  • - Onlardan biri Premyer Liqamızda uzun müddət oynamış təcrübəli tovuzlu futbolçu Hafiz Əliyevdi. Sizcə, 41 yaşlı bu yarımmüdafiəçi sizə pley-offda kömək edə biləcək?
  • - Belə fikirləşmişdim ki, 5 əvəzləməyə icazə var və Hafizin çətin anlarda 20-25 dəqiqə bizə kömək edəcəyini bilirəm. Onun o qədər təcrübəsi var ki, yaxşı ötürmələrindən istifadə etmək istəyirdim. Buna görə komandaya cəlb eləmişdik. Sadəcə, uşaq futbolunda məşqçi işləyir və oyunları olduğuna görə gələ bilmədi.  
  • - Məlumdu ki, qrup qalibi olmusunuz, rəqibiniz isə öz zonasında 4-cü yeri tutub. Bu üzdən futbolçularınızda arxayınlıq yaranmışdı ki. az qala onun acısını çəkəckdiniz?
  • - Yox. Dalbadal oyunlarımız oldu və sonra pley-offadək pauza olanda futbolçuları da tapmaq olmur. Çünki hərəsi bir yerdə işləyirlər. Pauza olmasa, lap yaxşı idi. Elə bil yeni formaya düşə-düşə gedirlər, bir də görürsən ki, ara uzanır. Bax, həmişə çəkindiyim bu olub. Çünki bizdə məşqlər az olur. Region Liqası elədi ki, tək bizim komanda deyil, hamıda futbolçuların hərəsinin bir işi-gücü olur və bu üzdən məşqlərə daim gələ bilmirlər. Onlara yaxşı aylıq məvacib verə bilsək, iş-gücünü atıb gəlib futbol oynayarlar. Bir az çətinliyimiz budu. Hələ şükür ki, 5 əvəzetmə imkanı var və bu, bizi xilas edir.
  • - Mərhələ keçmək şanslarınızı necə dəyərləndirirsiniz? Nəzərə alaq ki, evdə, doğma azarkeşlər, daha münasib qazonda oynayacaqsınız…
  • - Bilrsiniz, futbol elədi ki, bəxt amilinin də rolu var. Misal üçün gəlirsən 4-5 qol imkanın olur, vura bilirsən, gəlirlər sənə vururlar. Bu üzdən futbolda heç vaxt qabaqcadan deyə bilmirəm ki, bunu udacam. Rəqib zəif komanda da olsa, heç vaxt proqnoz vermirəm. Oynamaq lazımdı, başqa nə? Öz meydançamızdı, orda ötürməylə futbol gedəcək. Bizim qazon burdakından çox yaxşıdı. Sizə açıq deyim ki, Göyçayda hər mənada çox gözəl şərait var. Yalnız ot örtüyü problemdi ki, belə kələ-kötür qazonda top saxlamaq mümkün deyil. Biz oynadığımız 90-ci illərdə də belə qazonlar olub. Amma açığı, bu dərəcədə görməmişdim. Özü də buranı düzəltmək olar. Yaxşı torpaq töksək, otu vaxtı-vaxtında sulasan, əla meydança çıxar. Belə yaxşı şərait I Liqa komandası olmalıdı burda. Fikir verin, nə qədər ərasizi, 2 mini-futbol meydançası var. 
  • - “Göyçay”dakı həmkarınız bizə dedi ki, şanslarımız daha çoxdu, bizə Qazaxda yaxşı qazonda oynamaq daha rahat olacaq…
  • - Onlarda da 4-5 uşaq var ki, bizə tanışdırlar. Çünki bizimlə eyni zonada olan Yevlax "Qarxun"undan götürüblər. Onlar da texnikalı futboçulardı və belə meydançada oynamaqda çətinlik çəkirlər. Futbolda kim güclüdürsə, qalib gəlsin. Burda nə var ki…
  • - Bu rəqibi keçsəniz, "Ağcabədi" - “Masallı” cütünün qalibiylə görüşəcəksiniz. Ümumiyyətlə, finala gedən yolunuzu necə dəyərləndirirsiniz?
  • - Baxışım belədi ki, güclü rəqiblə oynamaq əksinə, daha yaxşıdı. Görürsünüz, nə qədər gözlənilməz nəticələr oldu ilk matçlarda. Deyirdilər ki, “Hypers”in heç kimin qarşısına ala bilməz, amma "Goranboy Qala"ya uduzdu. "Ağstafa Gəncləri" səfərdə güclü rəqib üzərində qələbə çaldı. Futboldu, heç kim gözləmirdi belə nəticələri. Goranboy və Ağstafa təmsilçiləri bizimlə bir qrupda çıxış ediblər və onları qabaqlamışıq. Sizə deyim ki, ən güclü zona elə bizdə idi. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC