"Belə polemikalara girmək istəmirəm, bu haqda suallar verməyin, cavab verməyəcəm" - Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXX turunda "Zirə"ylə öz meydanlarında 0:0 hesabıyla yekunlaşan görüşdən sonra mətbuat konfransı keçirib.

Presssport.az xəbər verir ki, 46 yaşlı mütəxəssis ilk olaraq matçla bağlı damışıb.
- Çox ağır oyun oldu, həddindən artıq güc sərf etdik. Maraqlı oyun oldu, iki komandanı da təbrik edirəm. Futbolçularım həddindən artıq çalışdılar. Onların davranışları, əzmləri xoşuma gəldi. 
- Həmişə Sumqayıt sakinlərinin stadiona gəlməməsiylə bağlı narazılıqlar eşidirik. Bu gün isə fanatlar çox idi. Özünüzü azarkeşin yerinə qoysanız, bugünkü nəticədən sonra stadiona gələrdiniz?
- Əlbəttə, gələrdim. Pis oynamadıq, turnir cədvəlində mövqeyimiz pis deyil. Futbol naminə azarkeşlər arenada olmalıdı. Fanatların olması bizlər üçün də, futbolçular üçün də motivasiyadı. Azarkeşləri məyus edəcək nəsə etmədik. Yaxşı mübarizə apardıq. Düzdür, məğlub ola bilərdik, amma bu şəhərin azarkeşləri pis günümüzdə də yanımızda olublar.
- Son oyunlarda "Sumqayıt"ın nəticələrinə hakimlərin səhvini önə gətirərək, kölgə salırlar. Bu, oyunlarınıza necə təsir edir?
- Bizə yetərincə təzyiq gəlir. Ümumiyyətlə, bu haqda danışmaq istəmirəm. Burda kifayət qədər media işçiləri var. Kimlər nə düşünür, fikir vermirəm. Bunlara yetərincə cavab verilib. Burdan kimsə çıxıb desə ki, hakimlər sizi "dartır", o adamla oturub söhbət edə, suallarına cavab verə bilərəm. Belə polemikalara girmək istəmirəm. Fikirlərim saytlara, səhifələrə veriləcək. Sonra rəylər... Düşünürəm ki, bunlara sizlər layiqincə cavab verirsiniz.
- "Sumqayıt"ın hakim köməyinə ehtiyacı var?
- Bizi olduğumuz yerə gətirib otuzdurmayıblar. Son iki oyundakı komandalarla duellərimizə baxın. Kimsə bizi bura gətirməyib. Bir ara yaxşı seriya yığmışdıq, "Qarabağ"a “ilişdik”. Düşünmürəm ki, hansısa klubumuzun hakimə ehtiyacı var. Biz də nələrsə deyə bilərik, amma bunun üzərinə getmirik. Bizə rəqib olan komandalara da təşəkkür edirəm, hakim səhvlərini görürlər və bizə tərəf yozmurlar. Bu söhbətlər xoş deyil. Bu gün də "Zirə"ni öz hesabımıza məğlub etmək istəyirdik, hakim köməyi ilə yox. Yaxşı mübarizə apardıq, çətinliklərimiz də oldu. "Zirə" yaxşı komandadı. Epizodlarımız da oldu. Bu haqda suallar verməyin, cavab verməyəcəm. Yenə deyirəm, kimsə düşünürsə ki, bizə hakimlər kömək edir, gəlsin danışaq.
- Birinci hissənin sonunda hakimlə mübahisə edirdiniz. Sonra da sarı vərəqə aldınız...
- Referilərə qarşı konfranslarda mülayim olmuşam. Sarı vərəqələri bilmirəm... Qanundurmu, verilməlidirmi? Bugünkü "sarı" da yersiz idi.
- Birinci hissəni "Zirə"yə, ikinci hissəni "Sumqayıt"a yazmaq olar. Bu, taktiki plan idi? 
- İlk 10-12 dəqiqədə sanki komandamda çaşqınlıq baş vermişdi. Lakin oyuna nəzarət bizə keçəndən bir az rahatlaşdıq. Düzdür, bu vaxtda da rəqibə epizod verdik. Nəzarət bizdə olsa da, ciddi epizod yarada bilmirdik. İkinci hissədə daha təhlükəli olduq. Fasilədən sonra başqa futbol oynadıq. İstəyimiz ikinci hissə idi. Oyuna nəzarət o demək deyil ki, bütün üstünlük səndədi. İlk hissədə epizodumuz olmadı, fasilədən sonra isə yaxşı oynadıq.
- İddialılar arasında ən az büdcəsi olan "Sumqayıt"dır. İndiki məqamda isə komanda haqda müxtəlif söhbətlər ortaya atılır. Düşünmürsünüz ki, rəqibləriniz mətbuat yolu ilə sizdə təzyiq yaradır?
- Bunu vecimizə almırıq. Fikirlərimin ən yumşaq forması... Bu, bizə təzyiq deyil. Təmiz idman prinsipləri ilə gedirik. Oxları bir tərəfə fırlatmaq lazımdı, başa düşürəm... O klubların rəhbərləri oturur, düşünür ki, niyə bu qədər pullar verilir, amma nəticə belədir... Media, sosial şəbəkə vasitəsilə müəyyən söhbətlər ortaya atılır. Bunlara cavab verməyəcəm. Gəldiyimiz bu yer sərgilədiyimiz oyunla bağlıdı. Səhv deyirəmsə, deməli, burdakı hər kəs də səhv danışır. Çünki vaxtı ilə "Sumqayıt"ı tərifləmisiniz. Bu il xoş sözlər almışıq, indi belə söhbətlər varsa, deməli siz də yalan danışmısınız.
- Samir Abasov və məşqçilər korpusuna asanlıqla vərəqə verilməsinin səbəbi nədir?
- Necə bizdə təhlillər gedirsə, hakimlərdə də olur. Onlar da öz aralarında oyunları analiz edirlər. Ümumiyyətlə, bütün təhlilləri üzərimizdən aparırlar. Bu da gələn oyundakı referilər üçün fundament yaradılar. Düşünür ki, nəyimə lazımdır ki, Samir Abasova anlayışlı davranım? Niyə rəhbərimiz Abasova görə bizə söz desin? Asan vərəqələr çıxmasın səbəbi budu. Referilərin özü deyir ki, hər təhlildə sizi önə gətirirlər. Hətta seminarlar da belə... Bunların nəticəsində belə rahat vərəqələr alırıq, adlar yapışıb. 
- Bu mövsüm "Zirə"yə qol vura bilmədiniz. Bu, nə ilə bağlıdı? 
- Belə şeylər olur, bir komanda digərini neçə illər uda bilmir. Bu, sindrom deyil. Dəfələrlə deyirəm ki, formalaşmalıyıq, gələcəyi düşünməliyik. Bütün situasiyalara öyrəşməliyik. Elə bil ki, nərdivanla qalxsaq, indi ikinci pillədəyik. İlk hissədə 10 dəqiqə sonra topa nəzarət etməyə başladıq. Situasiyalara öyrəşmək lazımdı. Ani qərar verə biləcək oyunçular da gələ-gələ bundan da yaxşı olacaq.
- "Sumqayıt" avrokuboklara vəsiqə qazansa, büdcə artacaq?
- Azalmasın (gülür). Vəsiqəni qazanaq, baxarıq.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC