Ehtiram Quliyev azarkeşlərə səsləndi: "Ayxan hoca ilə danışıb həmin mükafatı sildik, dedim, onu ixtiyarıma buraxın"

“Turan Tovuz” çətin Qəbələ səfərindən əzmkar qələbə (2:1) ilə qayıtmaqla avrokubok zonasına bir qədər də yaxınlaşdı. Matç başa çatandan sonra klubun titul sponsoru olan “Huner Group”un təsisçisi və direktoru Ehtiram Quliyevin sevincini görməyə dəyərdi.

Hakimin final fitinin ardınca paltardəyişmə otağına tələsən Quliyev komanda üzvlərini təbrik edəndən sonra Presssport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının suallarını cavablandırdı. O, müsahibəsində Tovuz klubunun bu günü və sabahı ilə bağlı bütün qaranlıq məqamlara aydınlıq gətirdi.

- Bu qələbəni digərlərindən fərqləndirmək olar?

- Əlbəttə. Hesabda geri düşdüyümüz anda geridönüş edib matçı qalib başa vurmaq bizim üçün çox vacib idi. “Qəbələ” çox yaxşı komandadır və razılaşarsınız ki, bura səfər edən komandalar hər zaman çətinliklə üzləşir. Turnir cədvəlində yer aldıqları mövqeyə baxmayaraq, baxımlı, mübariz futbol sərgiləyirlər. Qəbələdən 3 xalla ayrıldığımıza görə sevincliyik.

- Qələbənin mükafat məbləği da fərqli olacaq?

- Mükafat həminki olacaq. Mövsümün sonuna yaxınlaşırıq. Klubun bəlli büdcəsi və imkanları var ki, o xətti keçə bilmirik.

- Mövsümün əvvəlində “Turan Tovuz”un məqsədi Premyer Liqada yeri qorumaq idisə, sona yaxın avrokubok mübarizəsinə qoşulduğu hiss olunur…

- Dediyiniz hədəflə yola çıxmışdıq. Niyyətimiz ən azı ötən ilki nəticəni təkrarlamaq idi. Açıq deyirəm, Ayxan hocanın qarşısına avrokuboklara vəsiqə tələbi qoyulmamışdı. Çünki imkanlarımızı bildiyimizdən, belə bir hədəfimiz yox idi. Turnir cədvəlindəki yer də önəmli deyildi. İstəyimiz ötən il topladığımız 39 xalı yığmaq idi ki, “Qəbələ” üzərində qazandığımız qələbə sayəsində xallarımız 42-yə çatdı. Yekuna 6 tur qalmış bu qədər xalların toplanması bizi sevindirir.

- Artıq ilk hədəfə çatdınız…

- Bəli, məqsədimizə çatandan sonra növbəti hədəfi müəyyənləşdirdik – daha üst pillələrin birində yer almaq və o yeri qorumaq. Rəqiblərimizin durumuna baxanda ən az şans bizdədi. Xatırlayıram ki, qış fasiləsinə yollananda çox adam “Turan Tovuz”u elitada qalmaq uğrunda mübarizə aparacağını deyirdi. Biz isə daha yaxşı olacağına inanırdıq.

- “Turan Tovuz”un avrokuboklara vəsiqə qazanması nə dərəcədə real görünür?

- Avrokubok mövzusu ilə bağlı çox sual verirsiniz (gülür). Açığı, bu barədə danışmaq istəmirəm. Dediyim kimi, heç kimin qarşısına belə bir tələb qoyulmayıb. Turnir cədvəlinə baxsaq, bir neçə komandanın yaxşı şansı var. Azarkeşlərimizə səslənmək istəyirəm. Mövsümü ən üst pillələrin birində başa vurmaq üçün əlimizdən gələni edəcəyik. Buna zərrə qədər də şübhələri olmasın.

  • - Heyətin gücləndirilməsi, yeni transferlərlə bağlı çalışmalar? 

- Komandada tək səlahiyyətli şəxs baş məşqçimizdi. Seleksiya məsələləri baş məşqçimiz Ayxan Abbasovun öhdəliyindədi və bu məsələdə cavabdeh adam odur. Ötən il yay ayları yadıma gəlir. Məşqçilər heyəti gecə saatlarına qədər oturub futbolçuları izləməklə məşğul idi. Gəlib həmin vəziyyəti görəndə, deyirəm ki, bəsdir daha, gedin evə. Yalan olmasın, 1000-dən artıq futbolçuya baxıldı. Bu dəfə də işlərimiz həmin qaydada davam edəcək.

- Ayxan Abbasovun işini necə qiymətləndirirsiniz?

- Ən yüksək fikirdəyəm. Komandanın sərgilədiyi oyunda və qazandığı nəticələrdə baş məşqçimizin böyük əməyi var. Ötən il Abbasovla 3 illik müqavilə imzalamağımız boşuna deyildi. Bacarığını görürdük və daha böyük işlər görə biləcəyinə inanırdıq. Növbəti mövsümdə azarkeşlərimizin daha güclü “Turan” görəcəklərinə şübhələri olmasın.

- Çempionatdakı əsas rəqibləriniz “Zirə”ylə “Sumqayıt”ı Tovuzda qəbul edəcəksiniz. Bu fakt mövsümü uğurlu başa vurmaq şanslarınızı artırır?

- Hər iki komanda güclü rəqibdi. Azarkeşləri maraqlı oyunlar gözləyir. Tovuzda oynamağımıza baxmayaraq, cütlərin favoritinin “Turan” olduğunu deyə bilmərəm. Qələbələri sıralamağı hamıdan çox baş məşqçimiz istəyir. Sizə bir fakt deyim.

- Buyurun…

- Ayxan Abbasovla bağlanan öncəki 1 illik müqavilədə avrokuboklara vəsiqə qazanılacağı halda, mükafat fondu nəzərdə tutulmuşdu. Ayxan hoca ilə danışıb onu sildik. Dedim, onu ixtiyarıma buraxın. Böyük bir şey deyildi, simvolik rəqəmlər idi.

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC