"Zirə"nin kapitanı sensasion məğlubiyyətə görə çox acı çəkir, neçə gündü yata bilmir: "Bizə güvənən insanların güvənini sarsıtdıq"

Minifutbol üzrə ölkə çempionatında 15 oyuna 15 qələbə qazanmaqla pley-offa aşkar lider kimi yollanan “Zirə” burda “soyuq duş” aldı. Belə ki, “qartallar” artıq 1/4 finalda "Aznur"a 1 qol belə vurmadan uduzaraq (0:2, 0:4) mübarizəni dayandırdı. Qəsəbə təmsilçisinin kapitanı, təcrübəli qapıçı Davud Kərimi Presssport.az-a müsahibəsinə bu uğursuzluğun səbəbləri haqda danışmaqla başlayıb.

-İlk oyunda yəqin ki, arxayınlaşma vardı. Çünki vurduğuladınız kimi, 15 oyunun 15-də də qələbə qazanmışdıq və 1-ci yeri tutduq. Qaydaya görə, 1/4 finalda 8-ci yerdə gedən komandayla oynamalı idik. O da "Aznur" oldu. Bu rəqibi də çempionatda 5:2 udmuşduq. Uşaqlarda da buna görə bir az arxayınlıq oldu ki, onları belə hesabla udmuşuqsa, yenə məğlub edəcəyik. Amma məşqçilərimiz həmişə deyirdi ki, “Aznur” həqiqətən yaxşı komandadı, toparlananda daha yaxşı oynayır. Nə qədər çalışsaq ki, ilk oyunu qələbəylə başa vura bilmədik. Meydana boş çıxmışdıq, sonra yığışa bilmədik. İkinci oyuna həqiqətən ciddi hazırlaşmışdıq, hər şey istədiyimiz kimi gedirdi. İlk 10 dəqiqədə qapıları ağzında təhlükə-təhlükə dalınca idi, sadəcə, top tora getmirdi. Mirkamillin yüzdəyüz qol imkanında isə top dirəkdən döndü. Bundan sonra onlar 1 qol vurdu, uşaqlar lap "söndülər". Tələs-tələs oldu, oyunumuzda heç nə alınmadı. Məşqçilər heyəti məni çıxarıb 6 sahə oyunçu ilə oynayıb, qələbə qazanmaq istədilər. Bu da öz effektini vermədi, daha da pis nəticələndi. Ard-arda qollar buraxdıq və sonda 0:4 uduzduq. 

  • - Səncə, bu, futbolun ədalətsizliyidi ki, ilk mərhələni yüzfaizli nəticəylə başa vuran komanda medallar uğrunda mübarizədən kənarda qalır, yoxsa öz səhvlərinizin acısını çəkirsiniz?
  • - İlk oyundan sonra da, bugünkü gündə çox acı çəkirik. Belə deyim, bu komandada bizə güvənən adamlar vardı, onların güvənini sarsıtdıq. Onları bu nəticəyə görə həqiqətən çox məyus elədik. 15 oyunun 15-də qələbə qazan, sonra gəl, 2 matçda 1 qol belə vura bilməyərək uduzmaq - bu, çox üzücüdü. Allah belə istədi, qədər, neyləyək…Sadəcə, belə sonluqdan sonra neçə gündü yata bilmirəm, həqiqətən belədi. Məğlubiyyəti qəbul edə bilmirəm. Komanda yoldaşlarım da elədi, uşaqlar paltardəyişmə otağından çıxmağa utanırdılar. O dərəcədə pis olmuşdular. Bu, həmin komandaydı, heç bir dəyişiklik yoxdu. Bizə güvənən insanları məyus etdiyimizə görə çox pis oluram.
  • - Mövsümə Elşad Quliyevin rəhbərliyi altında başlasınız da, sonra o, gedişatda bu postdan getdi, yalnız millidə işləməyə üstünlük verdi. Sizcə, bu gedişat komandanıza mənfi təsirini göstərdi?
  • - Elşad müəllim artıq tək millidə çalışmaq istədi. Özü də müsahibəsində demişdi ki, qıraqdan bir mütəxəssis kimi baxmaq, bu zaman milli üçün başqa oyunçuları da görmək istəyirəm. Yəni, tək “Zirə”də yox, başqa komandalardan da oyunçular seçmək niyyətində idi. Amma “Zirə”də olanda bütün fikrini çempionata, hər növbəti oyuna yönəldirdi. Bu zaman bütün fikri-zikri komanda üçün olurdu. Bizdən gedəndən sonra isə kənarda oturub bütün oyunları izləyib seçimini edirdi. Belə onun üçün daha rahat olduğunu dəfələrlə deyib. 
  • - Necə hesab edirsən, son çempion "Birbaşa Bakı"  yenə əsas favoritdi, yoxsa bu sensasiyadan sonra hər şey gözləmək olar?
  • - Bəli, olar. “Aznur” bizə qarşı oynadığı kimi istəklə oynasa, onu da çempionluğa namizəd kimi görmək lazımdı. Bizə qarşı başabaş mübarizə apardı, onların istəklərini sadəcə, görmək lazım idi. Udublar, təbrik edirəm onları. Oyundan sonra da bir böyük, kapitan kimi təbrik elədim. Hər 2 oyunda sonadək canlarını qoydular və layiqli qələbə qazandılar. Əslində, oyun bütünlüklə üstünlüyümüz şəraitində oldu. Sadəcə, döyüşüb qələbə qazandılar, mərhələni keçdilər. Bizim də qarşımzıda çempionluq məqsədi idi. İlk oyuna o qədər rahat, çempion olmuş kimi çıxmışdıq. Buna görə də yekunda bu yanaşmanın ağır nəticəsini gördük. Həqiqətən çempionluğa oynayan komanda idik. İndisə belədi ki, avrokuboklara getməyəcəyik. Deyə bilmərəm ki, kimsə imtina edər, onu başqası əvəzləyər. Qaydağa görə, ilk 4 yeri tutmaq laızm idi ki, Avropa şansın olsun. 
  • - Səncə, belə uğursuzluq klubun gələcək taleyinə mənfi təsir göstər bilər?
  • - Hər şey gələcəkdən asılıdı. İnşallah, yola davam edərik, "Zirə" yenə öz iddiasını yürüdər. Belə fikirləşirəm. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC