"O imkan bizdə yoxdur ki, bizi "dartsınlar", belə söhbətlər gülməlidi" - "Sumqayıt"ın vitse-kapitanı

“Sumqayıt” çətin Tovuz səfərindən böyükhesablı qələbəylə bacardı. Nəticədə “gənclik şəhəri”nin ən azı 1 günlük də olsa turnir cədvəlində 2-ci pilləyə yüksəldi. Matçdan sonra sumqayıtlıların vitse-kapitanı, təcrübəli müdafiəçisi Elvin Bələdov Presssport.az-ın Tovuza ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.

  • - “Turan Tovuz”i onun meydanında məğlub etmək heç də asan olmadığı vaxtda bunu böyük hesablı qələbəylə bacardınız. Belə nəticəni gözləyirdin?
  • - Tovuz səfəri həmişə çətin olur. Turnir cədvəli elədir ki, "Turan Tovuz" da avrokuboklar uğrunda mübarizə aparır. 6 xallıq oyun idi. Yaxşı ki, qələbə qazandıq. Çətin idi. Birinci hissə tam nəzarətimizdə idi. Buna görə də hesabda 2:0 öndə idik. İkinci yarıda rəqibin təzyiqi artdı. Amma yenə də oyundan qopmadıq. Yaxşı müdafiə olunduq, əks-hücumlara çıxdıq. Baxımlı qollar vurduq və layiqli qələbə qazandıq. 
  • - Oyundan öncə belə fikirlər var idi ki, hakimlər "Sumqayıt"a kömək edəcək. Bu, oyununuza necə təsir edirdi? 
  • - Belə söhbətlər bizim də qulağımıza çatır. Söz-söhbətlər çox olur. "Sumqayıt"ı "dartırlar", "hakimlər" kömək edir" söhbətləri gülməlidir. O imkan bizdə yoxdur ki, bizi "dartsınlar". Düzdür, hakim səhvləri olur. Tək bizə yox, bütün komandalara. Bu mövsüm referilərdən hamı şikayətlənir. Bu, normaldı. Amma hakimlərin bizə kömək etməsi fikri ilə razılaşmıram. Bu, fikirlər bizə motivasiya oldu. Layiqli qələbə qazandıq. 
  • - Gənc komanda yoldaşın Səbuhi Abdullazadənin belə baxımlı qol gözləyirdin?
  • - Gözləyirdim. Siz ancaq oyuna baxırsız, biz isə məşqlərdə də görürük. Səbuhinin çox böyük potensialı, gücü var. O qola layiq idi. Çoxdan vurmalı idi. Səbuhi çox çalışır, onu təbrik edirəm. İnanıram ki, daha çox qollar vuracaq.
  • - Avrokuboklar mübarizəsində əsas rəqiblərinizdən biri ilə xal fərqini 5-ə artırdınız. Bundan sonra şansları necə dəyərləndirirsən?
  • - Deməzdim ki, onları sıradan çıxardıq. "Turan Tovuz"un da şansları var. Bir qələbə hər şeyi dəyişə bilər. Əlbəttə, turnir cədvəli bizə bir az rahatlıq verir. Amma rəqiblərə baxsaq, gələn tur "Qarabağ"la, növbəti tur yenə Tovuza gəlib bu dəfə "Kəpəz"lə oynayacağıq. Hələ heç nə bəlli deyil. Qazandığımız bütün xallar xeyrimizə olacaq. 
  • - Mövsümün əvvəlində"Sumqayıt"dan gözləntilər elə də çox deyildi. Komandanın uğurlu performansının sirri nədi?
  • - Ötən mövsümlə müqayisədə heyətimizdə xeyli dəyişiklik olub. Demək olar ki, komandanın 80 faizi dəyişib. Yeni nəfəs, yeni qan həmişə özünü yaxşı tərəfdən göstərir. Kollektivə yaxşı oyunçular qoşuldu. Biz özümüz də performansımızı artırdıq. Baş məşqçimizin öz oyun üslubu var. Bu da bizə kömək edir. Hər şey bir yerdə olanda belə bir kollektiv yarandı. Düzdür, mövsümün əvvəlində avrokuboklar hədəfimiz yox idi. Amma şans varsa, niyə də yox?! Alınsa, yaxşı olar. Alınmasa da, bizim üçün problem deyil. Məqsədimiz növbəti illərdə daha yaxşı komanda olub daim avrokuboklar uğrunda mübarizə aparmaqdır 
  • - Növbəti turda rəqibiniz olan "Qarabağ" çempionluğu təmin edib. Bu, uğurlu nəticə qazanmaq işinizi asanlaşdıra bilər? 
  • - Baxır onların heyətinə, həmin gün əhval-ruhiyyəsinə (gülür). 
  • - Hər halda, avrokuboklar uğrunda rəqibiniz “Sabah” “Qarabağ”ı evdə məğlub etməyi bacardı…
  • - Ötən mövsüm o qədər də uğurlu olmadığımız bir zamanda biz də "Qarabağ"ı məğlub etmişdik. Futboldur, hər şey ola bilər. Evdə, yeni stadionumuzda oynayırıq. İnanırıq ki, azarkeşlərimiz gələcək. Meydana qələbə üçün çıxacağıq. 
  • - İkinci yer tutub Avropa Liqasına getmək şansınız var. Təbii ki, “Qarabağ” “qızıl dubl”a imz aatarsa. Sizin üçün məhz bu pilləni tutmaq vacibdi, yoxsa 4-cü da olub təki avrokuboklara getmək? 
  • - Mənim üçün medal qazanmaq daha önəmlidir. Amma reallıq bunu demir. Avrokuboklara vəsiqə qazansaq, maksimum nəticə sayılar. Amma 2-ci yer tutsaq, "Sumqayıt" üçün yeni tarix yazmış olarıq. Buna nail olmağı istəyərəm. Amma hədəfimiz o deyildi.
  • - Başqa klublardan təkliflərin var? 
  • - Uğurlu mövsüm keçiririk. Ordan-burdan söhbətlər eşidirəm. Amma kkubla müqaviləm var. Buna görə də heç nə deyə bilmərəm.

 

 

 

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC