Ay Kaxa, xəbərin varmı ki...

Kaxaber Tsxadadze “Qəbələ”ni Premyer Liqada çıxardığı 8-ci matçda 2-ci xalını qazandı. "Siftə"sində xal elə də aktivə yazılmamalı idi. Çünki bir hissə azlıqda oynayan “Araz-Naxçıvan”la matçda qələbə qazanmalı olduğu halda, 1:1-lik bərabərliklə kifayətləndi. Amma “qırmızı-qaralar”da debüt etdiyi və 0:4 yenildiyi “Qarabağ”la 2-ci görüşdə qoparılan 1 xal aktivə yazılmalıdı. Lider artıq çempionluğu təmin etsə də, bu, Tsxadadzenin komandasının nəticəsinə, əzmkar oyununa kölgə salmamalıdı. Hər halda, matçda hesabı açan tərəf də qonaqlar oldu, son nöqtəni qoyan da. Özü də bərabərlik qolu gürcü mütəxəssisin uğurlu əvəzetməsi sayəsində reallaşdı ki, 84-cü meydana çıxan Yaovi Akakpo həmin dəqiqədə, topa ilk toxunuşdaca dəqiq zərbəylə komandasını məğlubiyyətdən xilas etdi. Həmin Yaovi ki, ağır zədədən sonra 1 il oynamadı, yaşıl meydana qayıdan özünə gəlmədi və sonuncu dəfə “qırmızı-qara” formada nə vaxt qol vurduğu özü belə xatırlamır. 

Matçdan sonra mətbuat konfransında Kaxa futbolçularını çox da danlamadı, pozitiv məqamlardan daha çox söz açdı. Əsas fikri bu oldu ki, qarşıda bizi "Kəpəz"lə ilin oyunu gözləyir, bütün fikrimizi həmin matça yönəltməliyik. Bəli, hələ ki xalları səfərdə qazanan 56 yaşlı mütəxəssis Qəbələdə də nəticə əldə etməyə köklənib və Premyer Liqada qalmaq uğrunda mübarizədə apardığı “Kəpəz”i evdə məğlub etmək əzmindədi. Bu, normal şeydi, bununla işim yoxdu. İşim onunladı ki, Tsxadadzenin nəzərdə tutduğu 28 aprel tarixindəki həmin matç formal xararter daşıya bilər və bunu özü bilməlidi. Çünki bu gün “Kəpəz” “Sabah”ı Tovuzda məğlub etsə, xal fərqi 17-ə yüksələcək və 5 tura bu, əlçatmaz üstünlük olacaq. Bunu Gəncə klubu lap heç-heçə etsə belə, deməliyik. Çünki bu zaman 15 xallıq fərq 5 oyuna riyazi cəhətdən aradan qaldırıla bilinsə də, şəxsi oyunlardakı nəticələr söhbəti var. “Kəpəz” isə “Qəbələ”yə bu çempionatda hələ ki uduzmayıb - 2 qələbə, 1 heç-heçə. Yəni, Kaxa gəncəliləri 10:0 məğlub etsə belə, bu, effekt verməyəcək. 

Bir sözlə, bu gün “Kəpəz” uduzmasa, bir həftə sonra Qəbələdəki matç meydan sahibləri üçün ilin yox, sıradan bir qarşılaşma olacaq….

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC