Toral Bayramov: "Qəfəs döyüşü deyil ki, kiməsə rəhmimiz gəlsin"

"Qarabağ"ın futbolçusu Toral Bayramov Azərbaycan kubokunun yarımfinalında "Neftçi"yə 4:1 hesabı ilə qalib gələrək finala yüksəldikləri cavab oyunundan (ilk matç 4:0) sonra jurnalistlərə açıqlama verib.

Presssport.az xəbər verir ki, 23 yaşlı müdafiəçi rəqiblər arasında fərq qoymadıqlarını deyib: Bütün rəqiblərə qarşı eyni cür hazırlaşırıq. Ola bilsin ki, "Neftçi" ilə oyunlar Azərbaycan derbisi olduğuna görə, motivasiya daha yüksək olur. İlk oyunda böyükhesablı qələbə qazanmalarına baxmayaraq, “Neftçi”dən müqavimət gözlədik. Niyə də gözləməyək? Bu, futboldur. Məsələn, kubok matçında səfərdə "Sabah"ı 7:1 məğlub etdik, amma evdə 4 top buraxıb məğlub olduq. Hər oyuna daha yaxşı hazırlaşmaq lazımdı. Qəfəs döyüşü deyil ki, kiməsə rəhmimiz gəlsin. Güclü olan qalib gəlir. Kim çox istəyirsə, o da udur ”.

Bayramov final görüşündən gözləntilərini açıqlayıb: “İki il əvvəl "Zirə" ilə final oynamışıq. Penaltilər seriyasında qalib gəlmişdik. Ümid edirəm ki, bu dəfə daha maraqlı oyun olar. Ən azı azarkeşlərimiz stadionu doldurar və final ab-havası yaşayarıq”.

O, avrokuboklarda “Qarabağ”ı mübarizədən kənarlaşdırmış “Bayer”in Almaniya çempionluğunu rəsmiləşdirməsi barədə də danışaraq, çempion olduqları matçı canlı izləmədiklərini vurğulayıb: "Sonradan epizodlara baxdım. Gözəl atmosfer vardı. Ümid edirəm ki, Avropa Liqasında da çempion olar”.

Toral özü ilə bağlı transfer iddiaları barəsində suala isə belə cavab verib: "Qalatasaray" söhbəti keçmişdə qalıb. Gündəmə çox şey gələ bilər. Real bir şey yoxdu. "Qarabağ"dayam, müqaviləm var onun uğurları haqda fikirləşirəm”.

O, sonda komanda yoldaşı Bəhlul Mustafazadə ilə şahmat oynamasından da danışıb: “Bəhlulun şahmata marağı daha çoxdu. Mən də bacarıram. Bəhlul qədər anlayışım olmasa da, bacardığım qədər maraqlanmağa çalışıram”.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC