Baxşıyev ilk qələbəni şərh etdi: "Prinsipim Rəşad Sadıqovla deyil"

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının XXXII turunda səfərdə "Zirə"ni 1:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransına görüş haqda danışmaqla başlayıb.

- "Araz-Naxçıvan"da ilk qələbəmizdi. Amma daha çox komandamın meydançadakı intizamının olması məni sevindirir. Futbolçular bu gün əzmkarlıq göstərdilər. Bərabər səviyyəli oyun gördük. Komandamı təbrik edirəm. Qarşıdakı dörd matça hazırlaşacağıq.

- Oyuna müdafiəyəmeyilli başlamağınız rəqib baş məşqçini təəccübləndirdi…

- Oyunla bağlı seçim mənim idi. Daha çox komandanın belə oynamasını istəyirəm. Rəqibi də nəzərə alırıq. Bunun əsasında plan tərtib olunur.

- Rəşad Sadıqovla duelleriniz maraqlı olur. "Zirə"ni daha yaxşı incələyirsiniz?

- Prinsipim Rəşad Sadıqovla deyil. Bu gün "Zirə" ilə "Araz-Naxçıvan" oynayırdı. Sadəcə, hər ikimiz dinamik futbola üstünlük veririk. Əzmkarlıq öndə olur. Heç bir prinsip yoxdu. Biz də ilk qələbəmizi qazanmaq istəyirdik.

- Premyer Liqada qalmağı bacardınız, sabiq komandanız "Qəbələ" isə liqadan düşdü. Kaxaber Tsxadadze dedi ki, imicimi qurban verdim bura gəlməklə. "Qəbələ"nin düşməsində sizin nə qədər payınız var?

- Paya ayırmazdım. Əlbəttə ki, mən də o komanda ilə uğurlara çatmışdım, o komandada məşqçi kimi püxtələşdim. Mənim də payım var. Amma klub kompleks işi tələb edir. Səbəblər çoxdu. Mən də səbəblərdən burada danışsam, söhbət uzanacaq. Özümü Tsxadadze ilə müqayisə etmək istəmirəm. Üzərimə düşənin ən yaxşısını kluba verməyə çalışırdım. Təbii ki, "Qəbələ" Azərbaycan futbolu üçün dəyərli, böyük klubdur. Heç kim istəməz ki, Premyer Liqadan getsinlər. Mən də istəyərəm yüksək liqada qalsınlar, inkişaf etsinlər.

- Hakim qərarları haqda nə düşünürsüz?

  • Qərəz yox idi, emosiya idi. Hakim bu oyunu normal idarə etdi. Oyunun nəticəsinə təsir edən səhvlər etmədi. Fikrim başqadı, oyunu idarə edən hakimdi. O da öz işinin peşəkarıdı, qərarına hörmətlə yanaşmaq lazımdı.

- Rəşad Sadıqov indiki Hakimlər Komitəsini günahlandırdı, bəzi klubların hakimlərlə münasibətinin yaxşı olduğunu iddia etdi. Hakimlər bəzi klublara simpatiya göstərir?

- Səhv və qərəzli qərarlar başqa nüanslardır. "Qəbələ"də olanda da bizə qarşı simpatiya görmədim, "Araz-Naxçıvan"dayam, burda da görmədim. İsti münasibətlərini görmədim. İstəyərəm ki, bütün komandalara yanaşma eyni olsun. Hakimlərin 10 komandanın heç birini seçmək ixtiyarı yoxdur, hamısı əziz olmalıdı. Hamıya eyni gözlə baxılsa, daha yaxşıdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC