Zaur Axundov Azər Bağırovla vidalaşmağın səbəbini açıqladı: "Elmar Baxşıyevin qalması oyuna və intizam məsələsinə görə bilinəcək"

AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Zaur Axundov Premyer Liqanın XXXII turunda "Zirə" - "Araz-Naxçıvan" matçından (0:1) sonra Presssport.az-a müsahibə verib. O, doğma bölgəsinin təmsilçisi - qardaşının prezidenti olduğu Naxçıvan klubuyla bağlı bir sıra mətləblərdən söz açıb. 

- "Zirə" ilə görüşdə qazandığınız qələbəni necə şərh edərdiniz?

- Mən də inanmırdın ki, komandamız qalib gələcək. Turnir cədvəli baxımından "Zirə"yə çox vacib xallar lazım idi. Futboldur, mənim üçün sürpriz oldu.

- Uzun müddət idi ki, qalib gəlmirdiniz deyə, inamsızlıq var idi?

Təbii ki, vardı. Dekabrdan bu yana "Qəbələ" ilə heç-heçə oynayıb, “Neftçi”ni məğlub edə bilmişdik. Bilirsiniz, gələn məşqçi bir gün gedir. Elmar Baxşıyevin öz dəst-xətti, taktikası var. 

- Bu qələbənizdən sonra avrokuboklar zonasında qarışılıq yarandı..

Çempionatımız maraqlı keçir. Son turlara qədər xalların eyni olması liqamız üçün yaxşıdı. Dörd tur qalıb. “Qarabağ”ı çıxmaq şərtilə, son tura qədər mübarizə gedəcək.

- Mövsümə yaxşı başlayan “Araz-Naxçıvan” var idi, hətta avrokuboklar uğrunda mübarizə aparacağınız gözlənilirdi. Sonradan nə baş verdi ki, eniş yaşandı?

Komanda 9 günə yığılıb. Bütün hadisələrin içərisində olmuşam. Elə oyunçu olub ki, hava limanından gəlib otelə, sabah oyuna çıxıb. Heç oyunçuların adını bilməmişik. Yaxşı komanda yığıldı, alındı, oynadı. Sadəcə, ehtiyat oyunçular skamyasını düzəldə bilmədik, vaxtımız da çatmadı. Zədələnən, yorulan futbolçular da olur. Futbolun qanunu var, xüsusilə də Azərbaycanda, lider komandaları udduqdan sonra arxayınçılıq baş verdi. Bunu açıq danışaq, hamı gördü. 20 ildir futboldayam, mən də əvvəlki baş məşqçiyə həmişə deyirdim ki, futbolçularda boşluqlar olmasın. Uzun marafon var idi, boşluq vermək olmazdı. Baxın, "Turan Tovuz" hər oyun "Araz-Naxçıvan"ı məğlub edib, “Kəpəz” də udurdu. “Qarabağ”ı udub, daha sonra iki turda uduzurduq. Azər Bağırova bunu deyirdim. Təbii ki, hər şeyi baş məşqçinin üstünə atmaq olmaz. Bütün məşqçilər korpusundan danışıram. Onlarda da günah görürdüm ki, lazımı səviyyədə işləmədilər. İdman boşluğu, arxayınçılığı sevmir. 

- Azər Bağırovun işindən narazı idiniz? Qalmasına israr etdiniz?

Azər Bağırov cavan məşqçidi, komandanı yüksək liqaya gətirdi. Birinci dövrədə komanda yaxşı nəticələr göstərdi. Bizim liqa yavaş-yavaş sürət götürən liqadır. Çempionat başlayanda “Qarabağ” və “Neftçi” harda idi, indi haradadırlar. Bura I Liqa deyil də, yüksək liqadı.

- Düşünürsünüz ki, sabiq baş məşqçiniz yüksək hədəflər üçün və yaxud çempionatın sonlarındakı təzyiq üçün çempionata hazır deyildi?

Təzyiq məsələsi də var. Kaş ki, birinci dövrəni zəif keçirib, ikinci dövrəni yaxşı alındırardıq. Azər Bağırovla “Keşlə”də də çalışmışıq. Onunla bağlı mənfi bir fikrim yoxdu. Sadəcə, bura Azərbaycan yüksək liqasıdı. Bu mövsüm də çempionatın daha yüksək səviyyədə keçməsini müşahidə edirik. Azər Bağırov cavandır, istəyərdim ki, yüksək liqa klublarına dəvət olunsun, daha çox təcrübə toplasın. Onun öz dəst-xətti var, amma bura yüksək liqadı. Mənim də xasiyyətimi bilirsiz də, intizam birinci yerdə olmalıdı.

- Elmar Baxşıyevlə “2 ay+ 2 il” müqavilə imzalamısınız. Nəyə əsasən onun komandada qalıb-qalmayacağı dəqiqləşəcək?

Oyuna və intizam məsələsinə görə. Mənim üçün intizam məsələsi birinci pillədədi. Boşluq olmamalıdı. İntizam məsələsi oyundan öncə də olur. Heç bir ay deyil ki, Elmar Baxşıyev komandadadı. Mənfi işlər çoxdu. Klubun daxili işidi, açıqlamaq olmaz. Klub rəhbəri olan qardaşım, mən və Elmar Baxşıyev görüşdükdə, oyundan daha çox intizam məsələsinin öndə olacağını demişik. Oyundan öncə də intizam olmalıdı, oyundan sonra da.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC