"Klubda çalışan hər bir kəsin nəticələrdə əməyi var" - "Kəpəz"in kapitanı

“Çempionatın başa çatmasına az qalıb. Biz futbolçular üçün bu, çox xoşdu (gülümsəyir). Gərgin oyunlardan sonra istirahətə ehtiyac var”. 

Presssport.az xəbər verir ki, bunu “Kəpəz”in kapitanı Yeqor Xvalko klubunun mətbuat xidmətinə açıqlamasında deyib. 

Belaruslu futbolçu Premyer Liqada mübarizəni dəyərləndirərkən cari mövsümü komnadası üçün iki hissəyə bölüb: “Bizim üçün çempionat həddindən artıq çətin alındı. Xüsusən də ilk iki dövrədə istədiklərimizi həyata keçirə bilmədik. Qış fasiləsindən sonrakı çıxışımız isə gələcək üçün böyük ümidlər verdi. Fikrimcə, bu mövsüm çempionat bütün klublar üçün daha mübarizəli, rəqabətli alındı. Asan oyunlar olmadı. Yarışın həm aşağı, həm də üst hissəsində gərginlik vardı. Hazırda avrokuboklara düşmək uğrunda yarış davam edir. “Qarabağ”dan sonra qitəmiqyaslı turnirlərə vəsiqə qazanmaq üçün komandalar arasında maraqlı mübarizə gedir”.

Xvalko “Kəpəz”in mövsümün əvvəlində qarşıya qoyulan hədəfə finişdən daha tez çatdığını bildirərək, bu işdə hamının əməyinin olduğunu qeyd edib: “Məqsəd elitada qalmaq idi. Zəhmətimizlə buna nail olduq. Klubda çalışan hər bir kəsin nəticələrdə əməyi var. Bazada, akademiyada işləyənlər - hamımız bir olduq. Bunu unutmaq olmaz. Klub rəhbərliyi də rahatlığımız üçün maksimum şərait yaratdı. Belə olan vəziyyətdə futbolçular, məşqçilər korpusu olaraq əlimizdən gələnin ən yaxşısı etməyə çalışdıq. Allah şükürlər olsun ki, bizdə alındı”. 

Legioner hədəfə çatmaqda azarkeşlərin rolunu, dəstəyini xüsusi ilə vurğulayıb: “Onları ayrıca qeyd eləmək istərdim. Fanatlar bizə əla motivasiya verdilər. Buna görə minnətdarıq. Komandaya münasibətləri olduqca əladı. Böyük hesabla uduzduğumuz oyunlarda belə fərqli münasibət görmədik. Bu uşaqlar komandanı çox sevir”.

Mərkəz müdafiəçisi qarşıdakı iki turla da bağlı fikirlərini bölüşüb: “Həftəsonu “Zirə” ilə keçirəcəyimiz oyun maraqlı alınacaq. Ümumiyyətlə, onlarla matçlarımız həmişə gərgin keçir. “Neftçi” məğlubiyyətini unutdurmalıyıq. “Turan Tovuz”la görüşə gəlincə, bu, derbidi. Nəticə qazanmaq üçün xarakter göstərməli, yaxşı hazırlaşmalıyıq”.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC