1/4 finala sözardı: yenə "Qarabağ"a 1:7-dən sonra istefa, "Qəbələ" üçün "Maşike kabusu"

Cari mövsümdə 3-cü baş məşqçi istefası Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk matçına təsadüf etdi. Azər Məmmədovun “Kəpəz”dən, rumıniyalı Adrian Mutunun “Neftçi”dən gedişi Premyer Liqada qış fasiləsinədək olmuşdu. “Sabah”ın rusiyalı baş məşqçisi Murad Musayev isə Kubokdan sonra istefa verdi. Maraqlıdı ki, o da Məmmədov kimi “Qarabağ”a 1:7 hesablı məğlubiyyətdən sonra vəzifəsindən getməyi üstün tutdu.

“Sabah”üçün evdə aldığı tarixindəki bu ən böyükhesablı məğlubiyyətdən sonra cavab oyunu formal xarakteri daşıyacaq. Bununla da Masazır təmsilçisi yarımfinal həsrətini bitirmək üçün ən azı 1 il də gözləməli olacaq.

Digər 3 cütdə isə mübarizə davam edir və cavab matçlarının daha gərgin keçəcəyi gözlənilir. Burda səfər qolunun ləğvinin də böyük təsiri var. Hər halda, bu, olmasaydı, “Zirə” “Səbail” (2:1), “Neftçi" ”Sumqayıt" (3:2) səfərində qələbədən sonra yarımfinala çox şanslı olardı. İndisə vəziyyət belədir ki, ilk matçda uduzanlar rəqib meydanında 1 top fərqiylə qalib gəlsələr, mübarizə ən azı 30 dəqiqədən ibarət əlavə vaxta gedəcək.

“Qəbələ” üçünsə “Araz-Naxçıvan”la səfər görüşündə qollu bərabərlik - 1:1 heç bir üstünlük vermir. O mənada ki, Qəbələdə qolsuz heç-heçə olsa, meydan sahibləri cütün qalibi olmayacaq. Naxçıvanlılar səfərdən qələbəylə dönsə, tarixində ilk dəfə yarımfinalın iştirakçısı olmuş, rəqibi isə titulunu əldən vermiş olacaq. Bu dueldə maraqlı məqam budu ki, cari mövsümdə hər 3 matçda “Qəbələ” qırmızı vərəqə alaraq matçı azlıqda bitirib, "Araz-Naxçıvan"lı Elvis Maşike isə meydanı qolsuz tərk etməyib. Yəni, hakimlər və konqolu hücumçu "qırmızı-qaralar"ın kabusuna çevrilib.

Belə gedişlə yarımfinalda “Neftçi” - "Qarabağ" duelini görəcəyik. Futbolsevərlər, azarkeşlər kuboku ən çox qazanan bu komandaların finalda qarşılaşmağını həmişə arzulasalar da, bu, hazırkı mövsümdə dəqiq baş tutmayacaq.  Bu isə erkən finalın olması deməkdi. İstənilən halda, yarımfinalçıların adları fevralın 8-9-dakı cavab görüşlərindən sonra bəlli olacaq. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC