Kurtinaytisin məğlubiyyət şərhi: "Buralara gəlməyiniz artıq uğurdu, artıq Avropa basketbol ailəsinin üzvünə çevrilmişik"

"Rəqibin oturmuş heyəti var idi. Komanda "onurğa sütunu"nu qoruyub. Bizdə isə komanda, demək olar ki, yenidən qurulub. Oyunçular arasında anlaşmanın daha yüksək səviyyədə olması üçün daha çox oyun keçirməliyik. Bir az zamana ehtiyacımız var. Buna baxmayaraq, düşünürəm ki, yaxşı çıxış etdik".

Pressspot.az xəbər verir ki, bunu "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis FIBA Çempionlar Liqasının təsnifat mərhələsinin 1/4 finalında İsveç təmsilçisi "Norrçepinq Dolfins"lə oyundan sonra deyib.

Litvalı mütəxəssis komandanın yenidən qurulduğunu söyləyib:

"Oyunçularımız əllərindən gələni etdi. Qələbəyə yaxın olduğumuz anlar da oldu. Lakin sonluğu gətirə bilmədik. Adətən hakimlərlə bağlı fikir bildirmirəm. Amma bəzi oxşar epizodlarda fərqli hakim qərarlarının şahidi olduq".

Kurtinaytis rəqibin 3 xallıq atışlarda daha dəqiq oynadığını söyləyib: "Ribaundlarda da rəqibdən geri qalırdıq. Oyun intizamı baxımından "Norrçepinq" daha yaxşı təsir bağışlayırdı. Hiss olunurdu ki, artıq uzun müddətdir bir yerdə çıxış edirlər. Oyuna çox yaxşı qoşulan Endərin zədələnməsi rotasiya imkanlarımızı azaltdı. Sona yaxın basketbolçularda yorğunluq var idi. İrəli baxmalıyıq. Mübarizəni FIBA Avropa Kubokunda davam etdirəcəyik. Bizim kimi Çempionlar Liqasının təsnifat mərhələsində mübarizəni dayandıran komandalar burda iştirak edəcək. Bu isə turnirin səviyyəsindən xəbər verir".

Təcrübəl mütəxəssis komandanın 1/4 finala qədər gəlməsini uğur kimi qiymətləndirib:

"Sabah" yeni komandadı. Buralara gəlməyiniz artıq uğurdu, artıq Avropa basketbol ailəsinin üzvünə çevrilmişik. Hədəfimiz qrupdan çıxmaq olacaq. Bunun alınıb-alınmayacağını isə zaman göstərəcək. İstənilən halda, İsveç klubu ilə görüşdə olduğu kimi, hər oyunda son saniyəyə kimi təslim olmayan, mübarizə aparan komanda görəcəksiniz".

Xatırladaq ki, Türkiyənin Antalya şəhərindəki "Gloria Sports Arena"da təşkil olunan "Sabah" - "Norrçepinq Dolfins" qarşılaşması Azərbaycan klubunun 71:75 (18:15, 19:18, 11:23, 23:19) hesablı məğlubiyyəti ilə başa çatıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC