17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi İlham Yadullayev Avropa çempionatının seçmə mərhələsində keçiriləcək oyunlarla bağlı fikirlərini bölüşüb.
Presssport.az xəbər verir ki, Yadullayev AFFA-nın rəsmi saytına açıqlamasında toplanış haqda danışaraq, noyabrın 4-8-i aralığında Qəbələdə yaxşı təlim-məşq toplanışı keçdiyini açıqlayıb: "Həm daxili çempionatda çıxış edən, həm də ölkə xaricində oynayan uşaqlar yaxşı formadadı. Hazırda bütün diqqətimizi Macarıstan yığmasına qarşı keçirəcəyimiz ilk oyuna kökləmişik. Bu matçın üzərində ətraflı təhlil aparmışıq. Macarıstan yığması püşkatma zamanı A səbətindən çıxıb, güclü komandadı. Buna baxmayaraq, komanda olaraq ilk oyunda uğurlu nəticə əldə etmək istəyirik”.
Baş məşqçi hər oyuna qələbə qazanmaq üçün çıxacaqlarını söyləyib: “Yunanıstan və Rumıniya milli komandalarını da təhlil etmişik. Burdakı matçlarını canlı izləməyə və futbolçuları buna uyğun məlumatlandırmağa çalışacağıq. Məqsədimiz maksimum dərəcədə yaxşı çıxış etmək olacaq və hər üç görüşdə qələbəyə köklənəcəyik. Belə turnirdə qazanılacaq hər xal önəmlidi”.
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda yer alan U-17 noyabrın 13-də Macarıstan, 16-da Yunanıstan və 19-da Rumıniya yığması ilə qarşılaşacaq. Qrupun bütün oyunları Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC