Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turnirinin açılış mərasimi keçirilib.
Presssport.az xəbər verir ki, Bakı Tennis Akademiyasında təşkil olunan tədbir iştirakçı komandaların təqdimatı ilə başlayıb.
Sonra Azərbaycan Dövlət Himni səsləndirilib. Ardınca Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov çıxış edərək Ulu öndərin xatirəsinə həsr olunmuş turnirin yüksək səviyyədə keçiriləcəyini deyib: "Heydər Əliyev daim idmana öz qayğısını göstərir, futbola xüsusi rəğbətlə yanaşırdı. Federasiya olaraq çalışırıq ki, bu idman növünə diqqət yetirək və xüsusilə gənclər arasında minifutbolu inkişaf etdirək. İldən-ilə komandaların sayının çoxalacağına, rəqabətin artacağına ümid edirik”.
Gənclər və idman naziri Fərid Qayıbov turnirin təşkili üçün AFFA və Azərbaycan Minifutbol Federasiyasına təşəkkürünü bildirərək, hər il yarışların maraqlı və gərgin keçdiyini qeyd edib. Onun sözlərinə görə, turnirin final matçlarında tribunalar hər zaman azarkeşlərlə dolu olub.
AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev bu gün növbəti futbol bayramının start götürdüyünü vurğulayıb: "Əvvəlki turnirlər izdihamla yadda qalıb. Əminik ki, bu dəfə də belə olacaq. Bütün komandalara, hakimlərə uğurlar arzulayırıq".
Daha sonra turnir açıq elan olunub. Yarış Baş Prokurorluq və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti komandaları arasında oyunla start götürüb.
Onu da bildirək ki, turnirdə 39 komanda iştirak edir.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC