Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov III MDB Oyunlarında mübarizə aparacaq qızlardan və oğlanlardan ibarət yığmalarla görüşüb.
Presssport.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə AVF rəsmiləri, komandaların oyunçuları, məşqçilər heyəti və digər əməkdaşlar iştirak edib.
Bağırov ilk olaraq qızlardan ibarət yığmanın oyunçularını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Bildirib ki, ölkə idmanı tarixində qadın idmançıların əvəzsiz xidmətləri var. O, Azərbaycan voleybolunun Avropa və dünya miqyasında əldə etdiyi nailiyyətlərin əksəriyyətinin məhz qadın voleybolçularımızın adı ilə bağlı olduğunu bildirib.
AVF rəhbəri həmçinin qadınlardan ibarət əsas millinin voleybolçularını, ölkə çempionatında çıxış edən yerli və xarici qadın oyunçuları, veteran voleybolçuları və federasiyanın xanım əməkdaşlarını da 8 Mart münasibətilə təbrik edib.
Sonra ölkəmizdə keçiriləcək III MDB Oyunlarından danışan prezident belə mötəbər yarışda voleybolun da yer almasını bu idman növünün populyarlığının, ona marağın yüksək olmasının göstəricisi kimi dəyərləndirib. Ölkəmizdə voleybolun böyük ənənələrinin olduğunu deyən federasiya rəhbəri hər iki komandanın yarışda uğurlu çıxışına inamını ifadə edib.
Daha sonra hazırlıq prosesi ilə tanış olan Bağırov hər iki komandada çıxış edən idmançıların valideynləri ilə də görüşüb. Federasiya prezidenti valideynlərə övladlarına dəstək olduqlarına görə təşəkkürünü bildirib və komandalara uğurlar arzulayıb.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr - 8 oktyabr aralığında Gəncə, eləcə də Mingəçevir, Qəbələ, Şəki, Göygöl, Yevlax və Xankəndi şəhərlərində 23 idman növü üzrə keçiriləcək. Voleybol oyunları Gəncədə təşkil olunacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC