“Məqsədimiz Çempionlar Liqasının qrup mərhələsidir”.
Presssport.az xəbər verir ki, bunu “Turan” voleybol komandasının prezidenti Həsən Zeynalov Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiyanın “Mladost” kollektivinə qarşı keçiriləcək ilk oyun ərəfəsində fikirlərini bölüşüb. O, sabahkı matçın təkcə Tovuz üçün deyil, bütövlükdə Azərbaycan voleybolu adına böyük bir bayram olacağını vurğulayıb.
Klub rəhbəri avrokubok təcrübələrinin olmamasına baxmayaraq, əsas hədəflərinin qrup mərhələsinə vəsiqə qazanmaq olduğunu diqqətə çatdırıb:
“Hazırlıqlarımız yüksək səviyyədədir, komandada böyük ruh yüksəkliyi var. Oyuna qədər bircə məşqimiz qalıb. İnanırıq ki, öhdəmizə düşən vəzifəni layiqincə yerinə yetirəcəyik”.
Eyni zamanda “Turan Tovuz” futbol klubunda vitse-prezident vəzifəsini icra edən Həsən Zeynalov İdarə Heyətinin sədri Ehtiram Quliyevlə bağlı yayılan şayiələrə də münasibət bildirib. O, rəhbərliyi əvəzləyəcəyinə dair iddiaları qətiyyətlə təkzib edib:
“Məni bu vəzifəyə Ehtiram müəllim təyin edib. O nə qədər buradadırsa, mən də buradayam. Getdiyi gün mən də onunla birlikdə ayrılacağam. ‘Turan Tovuz’un bütün oyunlarında yaxından iştirak etməyə çalışıram”.
Futbol komandasının çıxışındakı qeyri-sabitliklə razılaşmayan klub rəsmisi “İmişli” ilə oyundakı məğlubiyyətin heç kimi qane etmədiyini, lakin tək bir matçla ümumi vəziyyəti qiymətləndirməyin düzgün olmadığını bildirib. O, komandanın vəziyyəti müsbət məcraya yönəldəcəyinə inandığını və hazırda baş məşqçi postunda hər hansı dəyişikliyin nəzərdə tutulmadığını sözlərinə əlavə edib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC