BƏM-də muradına çatan Muradov

Bu həftəsonu avrokuboklara çıxmaq sevincini yaşayacağına ümid edən “Sumqayıt”da həftəiçi artıq bir şadyanalıq oldu. Bu, futbolçusu Rövlan Muradovun toyu idi. Bakı Əyləncə Mərkəzinin (BƏM) əsas zalında təşkil olunan mərasimdə təkcə “gənclik şəhəri”nin təmsilçiləri yox, futbol ictimaiyyətinin nümayəndələri də vardı. 

Toyda sabiq “Qəbələ”lilərin çoxluq təşkil etməsi əbəs yerə deyildi. Axı, Rövlan bu futbol klubunun akademiyasının yetirməsi olaraq, indiyədək karyerasının əsas hissəsini “qırmızı-qaralar”da keçirib. “Qarabağ”da komanda yoldaşı olmuş Elvin Cəfərquliyevlə Qara Qarayev da səbəbkarın şad günündə yanında idilər. 

Toyun əsas idarəçiləri aparıcı-müğənni Rüfət Axundovla tanınmış aktyor Nicat Rəhimovun olması da təsadüfi deyildi. Belə ki, mərhum gülüş ustası Yaşar Nurinin bacıoğlanları Rövlanın qohumlarıdı. Xalq artisinin həyat yoldaşı Rəhimə xanımla qızı Ülkər də toy iştirakçıları arasında idi. Tanınmış bloger Fuad İsgəndərov isə Rövlanın dostlarından biri olaraq məclisinin ən fəallarından idi.

Bəndənizin də iştirak etdiyi toy məclsinin ən maraqı anlarından biri “Sumqayıt”lıların rəqs etməsi zamanı yaşandı. Təbii ki, burda legionerlər əsas diqqət mərkəzində idi. Bəyin Kazimir Ninqa ilə etdiyi rəqs gündəm oldu. Belə ki, Çad yığmasının da şərəfini qoruyan hücumçu ilə rəqs meydançasına atılan Rövlan bacarığını burda da göstərdi.

Onu da bildirək ki, Rövlanın toyu ilk olaraq mayın 18-də keçirilməsi nəzərdə tutulsa da, həmin gün “Sumqayıt”la “Sabah”la vacib matçı olduğuna görə 4 gün sonra təxirə salındı. Masazırdakı həmin qarşılşama isə həm Muradov, həm də komandası üçün uğursuz alındı. Çünki futboçu artıq ilk dəqiqələrdə aldığı zədəyə görə əvəzlənməli oldu, komandası isə 0:2 hesablı məğlubiyyət alaraq Konfrans Liqasında vəsiqə uğrunda mübarizədə vacib xal itkilərinə məruz qaldı. Toydan sonra əhval-ruhiyyələri xeyli yüksələn Muradov və onun komandası növbəti sevincli anları mayın 25-də “Qəbələ”ylə evdə son turun matçında yaşamağa köklənib. Bunun reallaşıb-reallaşmayacağını zamanında biləcəyik. Hələliksə səbəbkara yalnız xoş arzumuzu çatdırmaq qalır - xoşbəxt ol, Rövlan!

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC