Arif Əsədov: "Heç kimin kənarda qalmaması üçün geniş heyət yığmadıq"

Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov Macarıstandakı təlim-məşq toplanışının proqramı barədə məlumat verib.

Presssport.az xəbər verir ki, təcrübəli mütəxəssis AFFA-nın rəsmi saytına heyətlə bağlı də fikirlərini bölüşüb.

Əsədov hazırlığa mayın 30-da başlanılacağını, ancaq ilk günlərdə tam heyətin bir arada olmayacağını söyləyib: "Bütün ölkələrdə mövsümün sonudu. Azərbaycan Premyer Liqasında da mübarizə iki gün əvvəl bitdi. Qarşıda yalnız ölkə kubokunun final görüşü var. Türkiyədə oynayan futbolçularımız üçün də mövsüm bitdi. Ancaq bəzi oyunçularımızın çıxış etdikləri liqalar davam edir. Yer aldıqları çempionatlarda mövsüm bitən futbolçularımız mayın 30-dan iyunun 1-nə kimi toplanışa qatılacaq. İyunun 2-si istirahət günü olacaq. Ancaq iyunun 3-dən etibarən tam heyətlə təlim-məşq toplanışına başlayacağıq. Azərbaycan Kubokunun finalında oynayacaq “Qarabağ” və “Zirə”nin oyunçuları, eləcə də müdafiəçi Anton Krivotsyuk və hücumçu Musa Qurbanlı iyunun 3-də kollektivə qoşulacaq. Yarımmüdafiəçi Emil Mustafayev Bakıya tez gəlsə, mayın 30-dan etibarən məşqlərdə iştirak edə biləcək. Digər yarımmüdafiəçi Coşqun Diniyev və hücumçu Vüsal İsgəndərli bir neçə gündür burdadı. Onlar məşqçilərimizin verdiyi əlavə məşq proqramı əsasında hazırlaşır".

54 yaşlı məşqçi əlavə edib ki, U-21-in 3 üzvü iyunda Qazaxıstanla keçiriləcək ikinci yoldaşlıq görüşü üçün A milliyə çağırıla bilər: “Hər mövqeyə iki futbolçu cəlb etməyi məqsədəuyğun bildik. Heç kimin kənarda qalmaması üçün geniş heyət yığmadıq. Heyətdə yer alanların hamısına şans vermək istəyirik. 24 oyunçudan əlavə ehtiyat qüvvə də nəzərdə tutulub. Qapıçı Yusif İmanov, müdafiəçi Cəlal Hüseynov və hücumçu Nəriman Axundzadə iyunun 7-də Slovakiya ilə səfərdə keçiriləcək yoldaşlıq görüşündə 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində olacaq. Ehtiyac yaransa, onları Slovakiya ilə qarşılaşmadan sonra A milliyə cəlb edə bilərik".

O, bəzi futbolçuların dəvət edilməməsinə və heyətə 4 qapıçının cəlb olunmasına da aydınlıq gətirib: “Hücumçu Namiq Ələsgərov uzunmüddətli zədədən qayıtdıqdan sonra yalnız klubunun son iki oyununda start heyətində meydana çıxmışdı. Hər mövqeyə də 2 oyunçu çağırıldığından, bu dəfə digərlərinə şans verməyi lazım bildik. Ozan Can Kökçü ilə bağlı durum da eynidir. Uzun müddətdir bizimlədir, çoxdandır tanıyırıq. Bu dəfə Vüsal İsgəndərlini sınamaq qərarına gəldik. “Sumqayıt”da iki mərkəz müdafiəçisini diqqətimizdə saxlamışdıq – Murad Xaçayev və Elvin Bədəlov. Bu dəfə Bədəlovu heyətə cəlb etdik. Müdafiənin mərkəzində daha 3 oyunçumuz var. Mövsümün sonu olduğu üçün futbolçularda yorğunluğun olması normaldı. Bunu nəzərə alaraq, hər ehtimala qarşı 4 qapıçıya dəvət göndərmişik. Onlar da klublarının heyətində çox oyun şansı əldə edənlərdir”.
Xatırladaq ki, millimiz iyunun 7-də Bakı vaxtı ilə saat 21:00-da Albaniya ilə, 11-də saat 18:00-da Qazaxıstanla yoldaşlıq görüşündə qarşılaşacaq. Hər iki oyun Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da keçiriləcək.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC