Qurban Qurbanovla hava limanında söhbət: “Hirsləndim, bir az emosional oldum”

Bolqarıstan səfərindən möhtəşəm qələbəylə qayıdan “Qarabağ”ın baş məşqçi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda Presssport.az-a müsahibə verib. Təcrübəli mütəxəssis bir sıra mətləblərdən söz açıb.

- İlk hissənin gedişində hesabda geri düşəndə geridönüş etmək üçün futbolçulara hansı tapşırıqları verdiniz?

- Oyunun gedişində hansısa təlimat vermək asan deyil. Hələ matçdan əvvəl bu cür hallarla rastlaşa biləcəyimizi deyib, onları buna hazır olmağa çağırmışdım. Əsas istəyim oyun intizamını və qələbə əzmini sonadək qoruyub saxlamaq idi. Sağ olsunlar, ilk 15-20 dəqiqəni nəzərə almasaq, soyuqqanlı şəkildə mübarizə apardılar. Hesabı açmağımıza baxmayaraq, start həyəcanı hiss olunurdu. Tədricən o səddi aşmaqla hədəfə çatdıq. Təcrübə və psixoloji hazırlıq komandamıza kömək oldu.

- İlk hissədə rəqib futbolçuların kobud oyununun nəticəsində iki məcburi əvəzetməyə əl atdınız. Həmin anlarda nə düşünürdünüz?

- O anlarda hirsləndim, bir az emosional oldum. Amma özümü tez ələ almağı bacardım. Düşündüm ki, futboldu, bu cür halların olması normaldı. Deməli, belə olmasında hansısa xeyir var. Nə qədər üzüldümsə, bir o qədər rahat oldum.

- Əvəzetmələriniz oyunun taleyini həll etdi. Meydana sonradan daxil olanlar 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qaldılar. Belə gedişatı təsəvvür edirdiniz?

- Bunlar futbolun bəzən düşünmədiyimiz anlarıdı. Əvəzetmələr bəzən uğurlu olur, bəzən də uğursuz. Uğurlu olanda, bu, əvəzetmədən oyuna qoşulan futbolçulara əlavə inam verir. Fikrimcə, bu oyun çox yaxşı təcrübə oldu. Lazım olan anlarda oyunun tempini artırmağı bacaran futbolçulara təşəkkür edirəm.

- Rəqib həmkarınız oyundan sonra sizi təbrik etdi?

- Onunla gəm matçdan əvvəl, həm də sonra görüşdük. İşimiz, komandamız, uğurlarımız barədə ancaq və ancaq xoş fikirlərini bildirdi.

- Növbəti rəqibiniz Zaqreb “Dinamo”su haqda araşdırmalara başlamısınız?

- Düzü, hələ geniş məlumatlara sahib deyiləm. Hələ tez olar mənim üçün. Çünki daha rahat və gümrah olmalıyam ki, rəqibi lazımınca təhlil etməyi bacarım. Qarşıda bir neçə gün vaxtımız var. Futbolçular istirahət etdiyi günlərdə bu imkanı dəyərləndirib, oyunçulara gərəkən təlimatları verəcəyik.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC