Hacı Əliyev və daha 4 güləşçimiz Paris-2024-ə lisenziya qazandı

Bu gün Azərbaycanın 5 sərbəst güləşçisi Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Presssport.az xəbər verir ki, ilk olaraq Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində Simone Piroddu (İtaliya) üzərində inamlı qələbə qazanıb - 11:0. Daha sonra Süleyman Atlıya (Türkiyə) qalib gələn (6:0) Rzazadə yarımfinalda Vladimir Eqorovu (Şimali Makedoniya) 4:3 hesabı ilə üstələyib.

Üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev (65 kq) təsnifat mərhələsində Xamzat Arsamerzuevə (Fransa) qalib gəlib - 5:2. O, daha sonra Nyurqun Skryabinı (AİN) 4:2 hesabı ilə üstələyib. Onun yarımfinaldakı rəqibi İslam Dudayev (Albaniya) olub. Əliyev albaniyalı rəqibini əzmkar qələbə ilə (6:3) məğlub edərək Paris-2024-ə lisenziya əldə edib.

74 kq-da Turan Bayramov 1/8 finalda Tobias Portmanı (İsveçrə) məğlub edib - 10:0. O, daha sonra Zurab Kaprayevi (Rumıniya) məğlub edib - 5:1. Bayramov yarımfinalda ikiqat dünya və dördqat Avropa çempionu olan Frank Çamiso (İtaliya) ilə qarşılaşıb.  Görüş 8:8 hesabı ilə yekunlaşıb. Xalların keyfiyyətinə görə, Turan qalib elan olunub. Beləliklə, Bayramov da Paris-2024-ə lisenziya qazanıb.

86 kq-da Osman Nurməhəmmədov təsnifat mərhələsində Domantas Pauliçenkoya (Litva) 11:0 hesabı ilə qalib gəlib, sonra Samuel Şerrerə (İsveçrə) 5:0 və Maqomed Ramazanovu (Bolqarıstan) 6:2 hesabı ilə məğlub edib. Onun yarımfinaldakı rəqibi Vasili Mixaylov (Ukrayna) olub. Osman 4:1 hesablı qələbə ilə Olimpiadaya lisenziya qazanıb.

125 kq-da Giorgi Meşvildişvili 1/4 finalda Abraham Konedoya (İtaliya) qalib gəlib - 10:0. O, yarımfinalda Alen Xubulova (Bolqarıstan) 7:0 hesabı ilə qalib gələrək Paris-2024-ə lisenziya qazanıb.

Xatırladaq ki, ilk 2 gündə Azərbaycanın 4 yunan-Roma və 5 qadın güləşçisi mübarizəni dayandırıb. Onu da bildirək ki, Azərbaycan idmançıları Paris-2024-ə ümumilikdə 16 lisenziya qazanıblar.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC