Minifutbol üzrə ölkə çempionatının 2026/27 mövsümünün püşkü atılıb.
Sportal.az xəbər verir ki, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov tədbirdən sonra brifinq keçirib. Qurum rəhbəri Presssport.az-ın əməkdaşının da suallarını cavablandırıb:
- Artıq 8-ci dəfə minifutbol üzrə ölkə çempionatı keçiriləcək. Bu il turnirdə 12 komanda iştirak edəcək. Bir neçə yeni komanda var. Minifutbolun inkişafı, yeni istedadların kəşf edilməsi prioritetimizdi. Bu il milli komandamız Avropa çempionu oldu. Bu, yerli çempionatın kifayət qədər güclü olmasının göstəricisidi. Əsas məqsədimiz bu işləri davam etdirməkdir. Çünki gələn il dünya çempionatı olacaq. Əminik ki, bu mundial da güclü rəqabət şəraitində keçəcək.
- FİFA prezidenti Canni İnfantino Bakıdadı. Minifutbolun inkişafı ilə bağlı müzakirələr aparmaq üçün onunla görüş planlaşdırırsınız?
- Azərbaycan Minifutbol Federasiyası Dünya Minifutbol Federasiyasının üzvüdü. Keçirilən konfranslarda daim bu məsələləri müzakirə edirik. Minifutbolun FIFA-ya üzv olması konfransların gündəmindədi.
- Minifutbol üçün xüsusi stadionun inşa olunması ilə bağlı məsələ nə yerdədir?
- Həm millinin oyunları, həm də çempionat Bakı Tennis Akademiyasında keçirilir. İlin əvvəlində federasiya olaraq həmin arenanı daimi istifadəyə götürdük və sırf minifutbol üçün mərkəz etdik. Ayrıca baza tikilməsi məsələsi də gündəmdədir. Artıq layihəsi hazırdı. Dövlət orqanları ilə danışıqlar müsbət nəticələndikdən sonra tikintiyə başlayacağıq.
- Naxçıvan təmsilçisi 1/4 finalda yarışa qoşulacaq. Həmin komandanın oyunlarının Naxçıvanda keçirilməsi mümkündür?
- Naxçıvandakı çempionatın finalında iştirak etdim, minifutbolun inkişafı ilə tanış oldum. Ordakı çempion burdakı liqaya qoşulacaq. Əsas məqsədimiz regionların minifutbola cəlb olunması idi. Naxçıvanın çempionatda iştirak etməsi əlamətdar haldı. Məqsədimiz nəinki Bakıda, bütün regionlarda oyunların keçirilməsidir.
- Millimizin dünya çempionu titulunu qoruması nə dərəcədə mümkündür?
- Titulu qorumaq, əlbəttə ki, onu qazanmaqdan daha çətindir. Belə nəticələrdən sonra futbolçuları motivasiya etmək çətindi. Amma biz çalışırıq, yeni istedadlar kəşf edirik. Əminəm ki, futbolçular və məşqçi heyəti titulu qorumağın vacibliyini başa düşür.
- Premyer Liqada iştirak edən futbol klublarının minifutbol komandalarının yaradılması və çempionatda iştirakı müzakirə olunur?
- Bəli, bunu daim müzakirə edirik. Bir neçə müsbət danışığımız da olub. Amma böyük futbol klublarını minifutbola cəlb etmək bir az müşkül məsələdir. "Zirə"nin minifutbol çempionatında iştirak etməsi digər komandalar üçün motivasiyadı. Əminəm ki, yaxın gələcəkdə başqa klublar da minifutbola qoşulacaq. Çünki bir neçə klubla danışıq aparmışdıq. Sadəcə olaraq, son anda onların iştirakı baş tutmadı. Əsas məqsədimiz komandaların stabil olmasıdı.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC