“Kəpəz” cari mövsümdə uğurlu çıxışını davam etdirərək, turnir cədvəlində artıq 5-ci pilləyə yüksəlib. Üstəlik, Azər Məmmədovun komandasının 1 oyunu da ehtiyatda var. Gəncə təmsilçisinin yetirmələrindən olan əsas kapitanı Əli Səmədov Presssport.az-a müsahibəsində belə gözəl performansın səbəblərindən və digər məqamlardan danışıb.
– “İmişli”ylə Gəncədə təxminən bərabər səviyyəli komandaların son dueli göstərdi ki, kim qol vursa, o da qalib gələcəkdi…
– Belə deyim, matça çox ciddi hazırlaşmışdıq. Çünki “İmişli”nin oyunlarına baxıb görürdük ki, son vaxtlar yaxşı təsir bağışlayır. Məncə, çox yaxşı baş məşqçiləri var. Komanda olaraq yaxşı idilər. Ona uyğun sistemimizi qurduq, taktikada bir az dəyişiklik etdik və nəticədə qələbə qazandıq. Nəticədə turnir cədvəlində xal ehtiyatımızı artırdıq və “İmişli”dən xeyli qabağa keçdik. Hazırda 5-ci yerdəyik. Məncə, hələlik hər şey yaxşı, qaydasındadı.
– Turnir cədvəlinə baxanda sanki 90-cı illər yada düşür: “Neftçi”, “Turan Tovuz”, “Kəpəz”, “Qarabağ”... Komandanız üçün belə nəticələrin əldə olunmasında stadionun, azarkeşlərin rolu böyükdür, yoxsa oyun səviyyəsi yüksəlib?
– Əlbəttə, azarkeşlərimizin də rolu böyükdü. Bu, bizim üçün danılmaz faktdı. Artıq 11-ci ildi burdayam. Deyə bilərəm ki, hazırda ən yaxşı komandalarımızdan biri formalaşıb. Düşərgədə ab-hava yaxşıdır, mehribanlıq var. Məşqçilər, rəhbərlik və futbolçular birlikdə əsl ailə mühiti yaratmışıq. Bir-birimizi çox gözəl başa düşürük. Hamımız bir-birimizə qarşı çox səmimi və mehribanıq. Bunun da nəticəsi stadionda görünür. Hamı bir-biri üçün döyüşür, mübarizə aparır.
– Səncə, “Neftçi”, “Sabah”, “Qarabağ” kimi çempionluğa iddialı komandalar gəlsə, bu atmosferin qarşısında tab gətirə bilərlərmi? Daha doğrusu, onlara qarşı da uğurlu çıxış edə bilərsinizmi?
– Deyərdim ki, bura gələn heç bir komanda rahat qələbə qazanıb gedə bilməz! Fərqi yoxdu, bu, istər “Sabah” olsun, istər “Qarabağ”, istərsə də “Neftçi”. Möhtəşəm stadionumuz, möhtəşəm azarkeşlərimiz var.
– “İmişli”ylə 3 xal gətirən matçda möhtəşəm qol da oldu. Komanda yoldaşın Namiq Ələsgərovdan belə qol gözləyirdinizmi?
– Gözləyirdik. Çünki bildiyiniz kimi, Namiq həmişə belə zərbələr vurub. Bu dəfə möhtəşəm qol oldu və yekunda hesabı qoruyub saxladıq. “İmişli”yə də uğurlar arzulayıram.
– Bu mövsüm məqsədiniz nədi? Avrokuboklar zonasına düşə bilərsinizmi?
– Bu dəqiqə o qədər iddialı danışmaq istəmirəm. Amma mümkün qədər yuxarı pillələrdə qərarlaşmaq istəyirik. Hədəfimiz odur ki, indidən oturub aşağı liqaya düşəcəyimizi düşünməyək. Mümkün qədər xal toplayıb yuxarı pillələrə qalxmaq istəyirik. 8-ci, 7-ci, hətta 6-cı yer — niyə də olmasın? Daha yuxarı pillələrdə qərarlaşmağa çalışacağıq.
– Komandada əsas kapitan olsan da, az oynayırsan, daha çox ehtiyatda qalırsan. Bu, səni ruhdan salmır?
– Xeyr, məndə elə bir şey yoxdu. Oynasam da, oynamasam da, kənarda və ya məşqdə olsam da, hər zaman komandamın yanındayam. Oynayanda da dəstəyimi verirəm, oynamayanda da.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC