Azərbaycan Cüdo Federasiyası adaptiv cüdo layihəsinə start verib.

Azərbaycan Cüdo Federasiyası (ACF) adaptiv cüdo layihəsinə start verib.

Presssport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu proqram daun sindromlu, autizmli və xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyasını təşviq etmək və özünə inamını artırmaq məqsədi daşıyır.

Cüdonun əsas dəyərlərini aşılamaqla, proqram adaptiv cüdo təcrübəsi vasitəsilə fiziki fəaliyyəti, zehni rifahı və sosial inklüzivliyi təşviq edir.

ACF rəsmiləri ötən il adaptiv cüdonun uğurlu beynəlxalq təcrübəsindən yararlanmaq məqsədi ilə Hollandiyanın Venray şəhərində keçirilən "EJU Get Together” adaptiv cüdo turnirində iştirak ediblər. 2024-cü ildən ACF adaptiv cüdonu inkişaf strategiyasının əsas istiqamətlərdən birinə çevirərək, məşqçilərin bu istiqamətdə daha da ixtisaslaşması üçün onların adaptiv cüdo seminarlarında və təlim-məşq toplanışlarında iştirakını nəzərdə tutub. Belə ki, cari ilin may ayında məşqçilər Rüfət İsmayılov və Samir İsmayılov Parisdə keçirilən adaptiv cüdo üzrə təlim-məşq toplanışında və məşqçilik seminarında iştirak ediblər. Hazırda məşqçilər Xorvatiyanın Velika-Qoritsa şəhərində lazım olan bacarıq və biliklərini təkmilləşdirmək üçün "Get Together 2024” adaptiv cüdo turnirinə qatılıblar.

Qeyd edək ki, hazırlıq çərçivəsində ACF artıq daun sindromlu uşaqların valideynləri ilə görüşüb. Görüş zamanı valideynlər proqramı böyük həvəslə qarşıladıqlarını və bunun uşaqların həyatına göstərəcəyi müsbət təsiri səbirsizliklə gözlədiklərini bildiriblər. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ilk cüdo dərslərinin tezliklə başlaması planlaşdırılır.

ACF-nin təhsil üzrə meneceri Orxan Oruczadə Avropa Cüdo Birliyinə müsahibəsində layihə haqqında məlumat verib: "Cüdonun dəyərləri ilə yaxından tanış olanda başa düşdük ki, əlilliyi olan şəxslər, uşaqlar Azərbaycan cüdosunun bütün mərhələlərində və inkişaf tarixində diqqətdən kənarda qalıblar. Ölkəmizdə son illər inklüziv cəmiyyətin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər cüdo ailəsi olaraq bizi də bu sahəyə diqqət yönəltməyə həvəsləndirdi.

Adaptiv cüdonun Azərbaycanda tətbiq olunması üçün biz müxtəlif ölkələrin təcrübəsini yaxından öyrənirik. Məşqçilərimizin bu sahədə peşəkarlıq səviyyəsinin artırılması üçün onların Avropa Cüdo Birliyinin təşkil etdiyi programlarda iştirakına dəstək oluruq.

Azərbaycanda cüdo populyar idman növlərindən biri hesab olunur. Müxtəlif illərdə azərbaycanlı idmançıların qitə və dünya çempionatlarında, olimpiadalarda əldə etdiyi nailiyyətlər bu idman növünün daha da populyarlaşmasına səbəb olub. Bu populyarlıq uşaqlarda bu idman növünə həvəsin yaranmasına səbəb olur. Düşünürük ki, bu cür həvəs və maraq göstərən uşaqlar arasında əlilliyi olanlar da var. Lakin onlar üçün mövcud vəziyyətin əlverişsiz olması, bu idman növü ilə bağlı yaranmış arzularının yarımçıq qalmasına səbəb olur. Odur ki, mühüm dəyərləri özündə daşıyan cüdonun hər bir şəxs üçün əlçatan olması bizim fəaliyyətimizdə ən vacib istiqamətdir”.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC