"Adamı iş yox, klub ətrafında olan söz-söhbət, dedi-qodu yorur" - ayağı "Kəpəz"ə düşərli gəncəli millət vəkili

“Kəpəz”in İdarə Heyətinin üzvü, millət vəkili Müşfiq Cəfərov klub saytına müsahibə verib.

Presssport.az həmin müsahibəni təqdim edir: 

 – “Kəpəz”in çempionatda sponsorsuz mübarizə aparması klubu digərlərindən fərqləndirir. Bilirik ki, əlavə maliyyə dəstəyinin tapılması ilə bağlı işlərdə siz də iştirak edirsinizz. Amma hələlik müsbət nəticə yoxdu. Axtarışlardan nə gözləyirsiniz?

– Bu gün “Kəpəz”in ən böyük problemi maliyyə ilə bağlıdı. Bütün komandalara dövlət tərəfindən müəyyən vəsait ayrılır. Bizim klubdan başqa bütün klubların həm də sponsoru var. Sponsordan gələn vəsait hesabına klublar saxlanılır. Yalnız “Kəpəz” sponsoru olmadan fəaliyyət göstərir ki, bu da çətinliklər yaradır. Çempionatda qalmaq üçün daha güclü oyunçulara, əlavə vəsaitə ehtiyac var. Keçən mövsümkü liqa ilə indiki arasında böyük fərq var, rəqabət aparmaq çətinləşib. Təbii ki, bu baxımdan da əlavə maliyyə dəstəyi olmadan çıxış etmək olduqca çətindi. Mən də klub rəhbərliyində təmsil olunan bir şəxs, millət vəkili kimi bu işlərə, axtarışlara cəlb olunmuşam. Gəncədə və Bakıda bir çox iş adamları, şirkət rəhbərləri ilə görüşmüşük. Təəssüflər olsun ki, hələlik bir nəticə yoxdu. Gəncənin özündə kifayət qədər imkanlı iş adamları, sahibkarlar var. Habelə Gəncədən olub Bakıda və ya ölkə xaricində yaşayan biznesmenlər var. Elə buradan iş adamlarına səslənirəm ki, “Kəpəz”i tək qoymasınlar. Bu klub hər birimiz üçün doğmadı. Komanda 2016-cı ildə Avroliqaya vəsiqə qazananda hamımız çox sevindik. İndi də eyni hisləri yaşamaq üçün çalışmalıyıq. Bunun üçün kluba sponsor lazımdı. İstəyirik ki, bu yolda iş adamları dəstəklərini əsirgəməsinlər. Bu yöndə hər hansı bir təkliflə çıxış etmək istəyən şəxslər varsa, onlarla görüşməyə hazırıq. Gəlsinlər, bir yerdə müzakirə edək, təklifləri dinləyək. Biz tərəfdən nə lazımdırsa, etməyə hazırıq.  

– Klubumuzun stadion ilə bağlı ev oyunlarını Gəncədən kənarda keçirməsi xeyrimizə olmayan daha bir məqamdırAmma bu problem dövlət başçısının müvafiq sərəncamı ilə həll olunur…

– Onu deyim ki, 2013-cü ildə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinə rəis təyin olunduqdan sonra “Kəpəz” ilə yaxından maraqlanıb, klub ilə işləməyə başlamışam. Komanda üçün əlimdən nə gəlibsə, dəstək olmağa çalışmışam. Hər dövrün özünəməxsus problemləri olub. 2015-ci ildə “Kəpəz” elitaya çıxanda müxtəlif çətinliklər var idi. Amma çalışdıq ki, komanda liqada Gəncə adını layiqincə təmsil etsin. Çünki klubun böyük tarixi, ənənəsi var. Problemlər onda da var idi, indi də. Elə həmin dövrdə stadion ilə bağlı məsələ aktual olaraq qalırdı. Ot örtüyü Sovet dövründən qalma idi. Premyer Liqa oyunları üçün tam yararlı deyildi. Maksimum çalışırdıq ki, azarkeş amilinə görə komanda ev oyunlarını Gəncədə keçirsin. Müəyyən bir vaxt keçdi, komanda yenidən tərk etdiyi elitaya döndü. Artıq ikinci mövsümdür ki, Premyer Liqada iştirak edir. Zaman-zaman müəyyən problemlər ortaya çıxır. Ot örtüyü ilə bağlı problem yarananda oyunlarımız Qəbələdə oldu. Stadionun qəzalı olması ilə bağlı vəziyyətə görə bir müddət oradan istifadəyə icazə verilmədi. Çox şükürlər olsun ki, cənab Prezident İlham Əliyev Gəncə azarkeşlərinin arzusunu reallaşdırdı. Şəhərin yeni stadionu olacaq. İnanırıq ki, yaxın vaxtlarda idman qurğusu tikilərək klubun və azarkeşlərin istifadəsinə veriləcək. Müasir arenanın olması futbola olan marağı da artıracaq. Gəncədə oyunlar azarkeş amilinə görə tam fərqli ab-havada keçirilir. Səmimi deyim ki, belə vəziyyət heç bir yerdə yoxdu. Gəncədəki oyunlar fanatlara görə Avropa stadionlarındakı oyunlar ilə müqayisə oluna bilər. Bu baxımdan da düşünürəm ki, inşa olunacaq arenanın futbolumuza yaxşı mənada böyük təsiri olacaq. Futbol akademiyası artıq hazırdır. AFFA tərəfindən ərazidə iki təbii və bir süni örtüklü meydan da salınıb. Bu gün klub bu infrastrukturdan yararlanır. Bu da tərəfimizdən yüksək qiymətləndirilir. Bu akademiya yaxın gələcəkdə Gəncə və Azərbaycan futbolu üçün böyük oyunçular yetişdirəcək.

– Uzun müddət klubun rəhbərliyində təmsil olunan şəxs kimi bir çox məşqçilər ilə işbirliyiniz olub. Sirr deyilsə, kiminlə işləmək daha rahat idi? 

– Son illərdə klubda çox məşqçi dəyişiklikləri olub. Bu mövsümün gedişində də baş məşqçi postunda əvəzləmə oldu. Mən şəxsən işlədiyim dövrdən Şahin Diniyevin, Yaşar Vahabzadənin, Azər Məmmədovun adını çəkərəm ki, komanda üçün əllərindən gələni etməyə çalışıblar. Mehriban kollektiv formalaşdırıblar. Bu sırada Adil Şükürovu da qeyd etməmək mümkün deyil. Bu futboldu, bəzən alınır, bəzən alınmır. Amma görünən odur ki, onlar klub üçün bütün işlərdə yaxşısını etməyə çalışıblar. Bu mütəxəssislərə zəhmətlərinə görə təşəkkürümü bildirirəm. Adil müəllim hazırda baş məşqçi postundadı. Çalışır ki, komanda elitanı tərk etməsin. Məşqçilər korpusuna inanıram. Onlar qarşıya qoyulan məqsədə çatacaqlar.

– Son iki mövsümdə Qəbələdə keçirilən Qərb derbilərini stadiondan izləmisiz. Hər iki halda ayağınız düşərli olub və komandamız qalib gəlib. Ümumiyyətlə, komandanın oyunu haqqında nə düşünürsünüz?

– Komandanın bir çox oyunlarını tribunadan izləmişəm. Elə təsadüf gətirib ki, son iki ildə “Kəpəz”in ev sahibliyi etdiyi Qərb derbiləri Qəbələdə olub və hər iki oyunun canlı şahidi olmuşam. Çox şükürlər olsun ki, hər ikisində də komandamız qalib gəlib. Yaxşı bilirsiniz ki, futbolda derbi nə deməkdir. İşim ilə bağlı vaxt tapdıqca komandanın oyunlarını izləməyə gəlirəm. Tovuzda və Bakıdakı oyunlarda oluram. İdarə Heyətinin üzvü, millət vəkili olaraq komandanın yanında olmağımız vacibdi. Bu, futbolçulara stimul verir. Ayağım “Kəpəz”ə düşürsə, təbii ki, buna sevinirəm. Bundan sonra da bacardığım oyunlara gəlməyə çalışacam. Hər bir halda azarkeş kimi bizim klubun yanında olmağımız müsbət məqamdı. Onu deyə bilərəm ki, hazırda “Kəpəz” komanda oyunu nümayiş etdirir. Baxımlı oynayır. Bu da məşqçilərimizin adınadı. Meydandakı oyun, son nəticələr bizi olduqca sevindirir. 

– Müşfiq müəllim, millət vəkili kimi iclaslarda, tədbirlərdə olursuniz. İnsanların problemləri ilə maraqlanırsız. Onları dinləyirsiz, həllinə çalışırsız. Üstəgəl, “Kəpəz”in problemləri. Bu, sizi yormur?

– Adamı iş yox, klub ətrafında olan söz-söhbət, dedi-qodu yorur. Hamını komandaya dəstək olmağa çağırıram. Bu gün klubun elitada qalması, irəli getməsi üçün dəstəyə, birliyə ehtiyac var. Müəyyən söz-söhbətlər heç də yaxşı hal deyil. Biz də imkan verməməliyik ki, belə şeylər olsun. Bunlara son qoymaq lazımdı. Məqsədimiz sponsorsuz olsa belə Premyer Liqada qalmaqdır. Bu vəzifəni yerinə yetirdikdən sonra inşallah, sponsor da taparaq daha böyük məqsədləri reallaşdırmağa çalışmalıyıq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC