Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi keçirilib

Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi baş tutub.

Presssport.az xəbər verir ki, Avropa Oyunları Parkında təşkil olunan tədbirdə ön söz gənclər və idman naziri Fərid Qayıbova verilib.

Nazir federasiyaya yüksək səviyyədə təşkilatçılığa görə minnətdarlığını bildirib: "İldən-ilə bütün idman növləri inkişaf edir. Paris-2024 Yay Olimpiya Oyunlarında ilk dəfə 15 idman növündə təmsil olunurduq. Kamandan oxatma da bu idman növlərindən biri idi. Təbii ki, hər birimiz Yaylagül Ramazanovaya azarkeşlik edirdik. O, Paris-2024-də mərhələ adlamaqla yeni uğura imza atdı".

Ardınca Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev Avropa Oyunları Parkına gələn hər kəsi görməkdən məmnun olduğunu söyləyərək son illərdə ölkədə kamandan oxatmanın inkişaf etdiyini deyib: "Bu, qədim idman növünü yaşadan hər kəsə öz təşəkkürümü bildirirəm. Son illər Azərbaycanda kamandan oxatmaya maraq artmaqdadır. Paris-2024 Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən Yaylagül Ramazanovanın çıxışını xüsusi vurğulamaq istəyərdim. İnanıram ki, onun açdığı cığırla digər idmançılarımız da gedəcəklər".

Dövlət Himninin səsləndirilməsinin ardından idmançılar sıralama atışları ilə yarışa start veriblər.

Onu da bildirək ki, birincilikdə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 50-dən çox peşəkar idmançı çempionluq uğrunda mübarizə aparır. Kişi və qadın idmançılar üç kateqoriya - 16 yaşına qədər yeniyetmələr (30 metr), 16-18 yaşlı gənclər (60 metr) və böyüklər (70 metr) üzrə yarışırlar. Oxatanların 1/4 finaldan finala qədər davam edəcək mübarizəsinə avqustun 25-də yekun vurulacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC