Klublar Komitəsi işçi qrupunun yaradılmasını qərara alıb.
Presssport.az xəbər verir ki, bu haqda qurumun sədri Maqsud Adıgözəlov məlumat verib.
Futbol funksioneri bildirib ki, iki gün əvvəl baş tutan iclasda akademiyaların direktorlarının və AFFA əməkdaşlarının daxil olacağı işçi qrupunun yaradılması məqsədəuyğun bilinib.
“Sabah”ın prezidenti Azərbaycan Premyer Liqasında legioner limitinin dəyişdirilməsi məsələsinin də müzakirə olunduğunu əlavə edib: “Əcnəbi oyunçular üçün tətbiq olunan limitin 8+3 qaydasına əsasən müəyyənləşdirilməsi məsələsi müzakirə edildi. Bu qərarın ölkə futbolunun inkişafına necə müsbət təsir edə biləcəyi nəzərdən keçirildi. Müzakirə zamanı klubların müxtəlif fikirlərə malik olduqları müəyyənləşdi. Qərara alındı ki, hər klub öz mövqeyini tez bir zamanda dəqiqləşdirsin və yalnız bundan sonra ümumi təklif irəli sürülsün.
Adıgözəlovun sözlərinə görə, iclas zamanı klublar arasında yaşı 18-dən aşağı olan futbolçuların transferi mövzusu da gündəmə gətirilib: “Bəzi hüquqi məsələlərlə bağlı suallar ortaya çıxdı ki, federasiya bunun yaxın vaxtlarda təhlil olunacağını vəd etdi”.
Klublar Komitəsinin sədri iclasda iştirak edən AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşəyin ofsayd sisteminin necə işlədiyini ətraflı izah etdiyini vurğulayıb: “Hakimliyin keyfiyyəti mövzusuna da toxunuldu. Razılığa gəlindi ki, klublar matçlardan sonra hakimlər briqadasının öz aralarında olan danışıqların səsyazmalarını dinləmək imkanı əldə etsinlər. Lakin bu, yalnız komandaların öz oyunları üçün keçərli olacaq” (report.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC